Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bugünkü mövzumuzun qəhrəmanı arzularının arxasınca cəsarətlə gedən, doğma Naxçıvan torpağından dünyanın başqa bir bucağına qədər yol qət edən, qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyən bir gəncdir. O, rastlaşdığı bir sıra çətinliklərə baxmayaraq, öz əzmi və enerjisi ilə arzularına qovuşa bilib. Bu gün redaksiyamızın qonağı olan bu istedadlı gənc xanımla görüşü uzun zamandır, səbirsizliklə gözləyirdim. Adı kimi özü də Şəhanə olan qonağımızla maraqlı söhbətimiz olacağına əmin idim. Söhbətdən əvvəl belə onun necə həyat dolu, pozitiv və enerjili biri olduğunu hiss etmək çətin deyildi. Gəlin onun uğurla dolu həyat yoluna birlikdə nəzər salaq.
Söhbətimizə başlamazdan əvvəl onu da qeyd edim ki, Şəhanə Hüseynova Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində dünyaya göz açıb. O, Naxçıvan Dövlət Universitetini bitirib. Hazırda isə Belçikanın paytaxtı Brüssel şəhərində yaşayır və Almaniyanın paytaxtı Berlin şəhərində, Berlin Texniki Universitetində tədqiqatçı-alim kimi fəaliyyət göstərir. Artıq 12 ildir ki, Azərbaycandan kənarda yaşayan Şəhanə xanım ailəlidir və bir övladı var. O, sevinc dolu bir səs tonu ilə söhbətə başlayır: “Vətəndən uzaqda yaşamaq, demək olar ki, hər gün, hər an darıxmaq deməkdir. Xüsusilə də ilk illər bu hisslər daha da dərin olur”.
Söhbətimizi Şəhanə xanımın xaricdə təhsil almaq qərarına necə gəldiyi ilə davam edirik. Onun sözlərinə görə, Naxçıvan Dövlət Universitetində Qeyri-üzvi kimya ixtisası üzrə doktorantura təhsilinə başladığı zaman təcrübələrinin bir hissəsini Bakıda aparıb və kimya sahəsində digər elmi-tədqiqat institutları ilə əməkdaşlığın nə qədər vacib olduğunu yaxından görüb. Həmin illərdə NDU-da Erasmus-Mundus layihəsi yenicə fəaliyyətə başlamışdı. Şəhanə xanım da tərəddüdsüz bu layihədə iştirak etməyə qərar verir. 2012-ci ildə sənədlərini layihə çərçivəsində bir sıra xarici universitetlərə göndərir. Onun seçimində birinci yerdə İspaniyanın Santiago de Compostela Universiteti dayanırdı. Həmin il Azərbaycandan yalnız iki doktorant layihənin qalibi olmuşdu – biri ingilis dili üzrə, digəri isə Kimya ixtisası üzrə məhz Şəhanə xanım idi. Oraya getdikdən sonra qarşılaşdığı əsas çətinliklərdən biri yerli dili öyrənmək olur. Adaptasiya prosesi isə asan keçmişdi; ispanların qonaqpərvər və istiqanlı xalq olması səbəbindən mühitə uyğunlaşmaqda çətinlik çəkmir. Lakin yeni dil öyrənmək zaman və səy tələb etdiyi üçün bu prosesdə müəyyən çətinliklər də yaşanmışdı ki, bu da tamamilə təbiidir. “Naxçıvan Dövlət Universiteti mənim üçün təkcə bir təhsil ocağı deyil, mənə doğma bir məkandır. Həm bakalavr, həm də magistr pilləsində məhz bu ali məktəbdə təhsil almışam. Elə bu təhsilin, burada qazandığım bilik və vərdişlərin sayəsində də xaricdə öz sahəmdə uğurlu fəaliyyət göstərə bilmişəm”, – deyə müsahibimiz bildirdi. Universitet illərini xatırlayaraq sanki o illərə doğru qayıdır: “Xüsusilə professor-müəllim heyətinin sistemli öyrətmə metodları mənim üçün hər zaman örnək olub. Mən bu metodları öyrənib, öz iş fəaliyyətimdə tətbiq edirəm. Bəzən o dərs otaqlarını, müəllimlərin səmimi, eyni zamanda tələbkar yanaşmasını xatırlayanda sanki yaddaşımda o illər bir film kimi canlanır. Uğur qazanmağın ən başlıca yolu çalışmaq və özünəinamdır. Əgər bir insan özünə inanırsa və əzmlə yorulmadan çalışırsa, o insanın uğur qazanması da asanlaşır. Ən böyük güc insanın öz içindədir, sadəcə, ona inanmaq və onu oyatmaq lazımdır”.
Söhbətimizin bu yerində qısa bir fasilə verib, ona maraqlı bir sual ünvanlayıram: “Gündəlik həyatınız necə keçir?” Maraqlıdır, doğrudan da. O isə sualımızı cavabsız qoymur: “Adətən, səhər saat 07:00-da oyanıram. Səhər yeməyindən sonra oğlumu məktəbə aparırıq. Bu, günə bir növ ailəvi və xoş bir başlanğıcdır. Saat 09:00-10:00 arası universitetə gedirəm. Orada isə artıq öncədən hazırlanmış aylıq iş planına uyğun olaraq gündəlik təcrübələr və tədqiqat işləri başlayır. Bakalavr və magistr tələbələri laboratoriyada təcrübələr aparırlar, mən isə onların rastlaşdıqları çətinliklərdə, ortaya çıxan problemlərin həllində dəstək oluram. Əgər yazılacaq elmi məqalələr varsa, onların hazırlanmasında iştirak edir, bəzən də diplom işlərinin yoxlanmasına nəzarət edirəm. Təxminən, saat 12:00-13:00 arası nahar fasiləsi olur. Günün sonunda isə, adətən, bir fincan çay və ya kofe ilə kiçik bir istirahət edib evə qayıdıram. Beləliklə, həm elmi, həm də ailə həyatımı bir tarazlıqda aparmağa çalışıram. Boş vaxtlarım olduqca isə hobbilərim xarici dil öyrənmək, kitab oxumaq və yürüş etməyə önəm verirəm.
Şəhanə xanım onu da diqqətimizə çatdırır ki, Azərbaycandan sonra uzun müddət yaşadığı ilk ölkə İspaniya olub. Bu ölkədə qazandığı təcrübə ona növbəti mərhələdə Almaniyada uyğunlaşma prosesini xeyli asanlaşdırıb. Əlbəttə, hər bir yeni ölkəyə köçmək, yeni mühitə daxil olmaq öz çətinliklərini də özü ilə gətirir. Xüsusilə də yerli dili öyrənmək vaxt və səbir tələb edir. Lakin insan zamanla uyğunlaşır, yeni qaydalara, həyat tərzinə alışır. Əgər insan fərqli mədəniyyətlərə, dillərə, yaşayış tərzinə sevgi, hörmət və anlayışla yanaşırsa, bu proses hamar keçir. Şəhanə xanım vurğulayır ki, fərqli xalqların mədəniyyətləri, dilləri və dəyərləri bu dünyanın gözəlliyinə rəng qatır. Ən başlıcası isə odur ki, bu rəngarəngliyi qorumaq, hər bir xalqa qarşı tolerant və humanist mövqe sərgiləmək bizim üzərimizə düşən vacib bir missiyadır. Dünya, əslində, hamımızın evidir. Bu evin isti, mehriban və ədalətli qalması üçün hər kəsin öz töhfəsi var. Amma Vətən üçün darıxmaq isə tamam başqa hissdir. Vətənimin hər şeyi üçün darıxıram. Səhərin 6-da çıxan qızmar günəşdən tutmuş, yağışdan sonra ətrafa yayılan torpaq qoxusundan, ağaclardan, axşamlar təmiz, buludsuz səmada uzanan sayısız ulduzlardan, həyətlərdə olan samovarlara qədər… Bu siyahını xeyli uzatmaq olar. Qısaca, Vətən üçün darıxmaq, Vətəndə nəfəs aldığımız hava üçün belə darıxmaq deməkdir.
Deyir ki, bugünkü gənc nəslə elə sizin 104 yaşlı bir mətbu orqan vasitəsiilə tövsiyə edərdim ki, yorulmadan çalışsınlar, xarici dilləri öyrənsinlər və bu dillərdə elmi-araşdırma, tədqiqat məqalələrini mütəmadi oxusunlar. Bu prosesdə bayaq dediyim kimi, özünəinam ən güclü motivasiya mənbəyidir. Daxili motivasiya daha önəmlidir və onu gücləndirmək üçün hədəfləri əvvəlcədən müəyyənləşdirib, pozitiv düşüncələrlə və əzmlə çalışmaq lazımdır. İşə sevgi ilə yanaşmaq ən əsas motivasiya qaynağıdır. Bunun üçün isə qarşıya qoyulan məqsədi və ya hədəfi sevmək vacibdir.
Şəhanə xanımın sözlərinə görə, onu hər zaman ruhlandıran ömür-gün yoldaşıdır: “İrəlilədiyim yolda ən böyük dəstəkçim, çətin anlarda motivasiya mənbəyim və gündəlik həyatın sınaqlarında mənə dayaq olan insandır. Buna görə ona hər zaman minnətdaram”. Müsahibimizlə bir az da gələcək planlardan danışırıq. Deyir ki, dərnək qurub, xaricdə yaşayan azərbaycanlı uşaqlarla hal-hazırda dünyanın 60-dan çox ölkəsində yayılan P4C (philosophy for children-uşaqlar üçün fəlsəfə) təlimi ilə çalışmağı hədəfləmişəm. “Bu nədir sualı yarada bilər”, – deyə geniş açıqlama verib bildirir ki, P4C 1960-cı illərdən etibarən Amerikada yayılan pedaqoji yanaşmadır. Bu metod uşaqların özünəinamını artırır, başqalarını dinləməyi və onların fikirlərinə hörmətlə yanaşmağı öyrədir. Həmçinin uşaqların məntiqi düşüncə, problem həlletmə və ünsiyyət bacarıqlarını gücləndirir. Ən əsası da qarşıdakının fikirləri üzərində düşünmə bacarıqlarını formalaşdırır və inkişaf etdirir. Və beləcə, qarşı tərəfin fikrini tənqid etmək yerinə, düşünmək və sorğulama vərdişləri yaradır.
Sonda qeyd edək ki, Kültəpə kəndindən başlayan yol İspaniyanın tarixi küçələrindən keçərək Berlinin elmi laboratoriyalarında davam edir. Şəhanə Hüseynovanın hekayəsi bizə göstərir ki, böyük arzuların ünvanı, doğulduğun yerin böyüklüyü ilə deyil, ruhunun genişliyi ilə ölçülür. Bu hekayə bütün gənclər üçün bir çağırışdır. Bu gün burada yazdığımız sətirlər, sabah bir gəncin yeni arzularına açılan qapı ola bilər. Və nəhayət…Vətəndən uzaqda, yad diyarlarda belə, qəlbindəki Azərbaycan sevgisini, milli kimliyini və insani dəyərləri yaşadan Şəhanə Hüseynova kimi gənclər bizə göstərir ki, harada yaşamağımızdan asılı olmayaraq, biz özümüzlə bir xalqı, bir mədəniyyəti, bir tarixi daşıyırıq. Bu yük şərəflidir, məsuliyyətlidir və Şəhanə xanım bu yükü böyük ləyaqətlə daşıyanlardandır.
Söhbətimizin sonuna yaxınlaşdıqca zamanın necə sürətlə keçdiyini hiss edirik. Bu səmimi dialoqa, içdən gələn cavablara və qəlblərə toxunan fikirlərə görə Şəhanə xanıma dərin minnətdarlığımızı bildiririk. O, gülərüzlülüyü, sadəliyi və bir o qədər də dərin düşüncələri ilə söhbətimizə xüsusi bir rəng qatdı. Onun timsalında biz bir alimdən daha çox, Vətəninə, ailəsinə və dəyərlərinə bağlı bir Azərbaycan qadınını gördük. Sonda biz də “Şərq qapısı” qəzetinin kollektivi olaraq Şəhanə Hüseynovaya gələcək fəaliyyətində uğurlar arzu edir, elm yolunda atacağı hər bir addımın işıqlı olmasını diləyirik. Şəhanə xanım, uğurlarınız bol, yolunuz daim aydın olsun!
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər