Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan sakinləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili bayram əhvali-ruhiyyəsi ilə qarşılayır. 2026-cı ilin gəlişi münasibətilə Naxçıvan şəhərinin mərkəzi prospektində təşkil olunan “Qış festivalı”na yollanaraq maraqlı anları oxucularımıza çatdırmaq istədik. Ətrafa nəzər saldıqda diqqətimizi daha çox rəngarəng stendlər cəlb edir, həmçinin bir-birindən fərqli təamlar, milli və müasir mətbəx nümunələri göz oxşayır. Satışa çıxarılan məhsulların qiymətlərinin münasib olması isə festival iştirakçılarının məmnunluğunu daha da artırır.
Stendlərə yaxınlaşdıqda öyrənirik ki, burada müasir mətbəx nümunələri təqdim edilir. Satışla məşğul olan Abbas Abbasov bildirir ki, festival üçün xüsusi olaraq hazırlanmış yeni məhsullar alıcıların böyük marağına səbəb olur. Qeyd edir ki, bu il ilk dəfə təqdim edilən çipsdən hazırlanan yeni təam, xüsusilə gənc nəsil tərəfindən daha çox seçilir: “Bu məhsul müasir dadları sevən gənclər üçün nəzərdə tutulub. Tərkibində fərqli ədviyyatlar var və hazırlanma üsulu da digərlərindən fərqlənir. Gənclər stendlərə yaxınlaşaraq maraq göstərir, dadına baxır və məmnun qalırlar. Ən çox satılan məhsullarımız sırasında məhz bu çips əsaslı təam yer alır”.
Qış fəslinin soyuq keçməsi festival iştirakçılarının isti içkilərə marağını daha da artırır. Satıcı Samir Oruclu bildirir ki, bu cür festivallar özünüməşğul şəxslər üçün geniş imkanlar yaradır: “Hər il olduğu kimi, bu il də “Qış festivalı”nda fəal iştirak edirik. Burada yalnız kofe deyil, eyni zamanda çay, müxtəlif kokteyllər və digər məhsulların satışını həyata keçiririk”. Onun sözlərinə görə, festival günlərində alıcı kifayət qədərdir və təqdim olunan məhsullar ziyarətçilər tərəfindən məmnunluqla qarşılanır. Müsahibim qeyd edir ki, o, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində ötən il kofe avadanlıqları ilə təmin olunub. Bu festivalda da məhz həmin avadanlıqların köməyi ilə isti içkilər satışa çıxarıb.
Festivala gələn qonaqlar arasında Naxçıvan şəhər sakini Murad Əliyev bu il bayram hazırlıqlarının xüsusi coşqu ilə həyata keçirildiyini deyir. Müsahibimizin sözlərinə görə, təqdim edilən bir-birindən fərqli təamlar festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanır, hər kəs bu ləzzətlərdən məmnunluqla dadır. Eyni zamanda satışa çıxarılan məhsulların qiymətlərinin münasib olması alıcıların sayını daha da artırdığını görürük.
Digər bir müsahibimiz Naxçıvan şəhər sakini Səbinə Nəcəflidir. İki yüzə yaxın əl işləri ilə festivala qatılan Səbinə xanım təbii daşlardan hazırlanmış bəzək əşyalarının satışını həyata keçirir. Bir neçə gün davam edəcək festivalda iştirak edəcəyini bildirən müsahibim bu ilin digər illərə nəzərən daha fərqli keçdiyini, şəhərin yeni ilə xüsusi hazırlandığını vurğulayır. Həmsöhbətimiz dövlətimiz tərəfindən yaradılan şəraitə görə minnətdarlığını bildirir.
Söhbətimizdən də məlum olur ki, “Qış festivalı” Naxçıvanda yerli sahibkarlara öz məhsullarını tanıtmaq baxımından da əlverişli imkan yaradıb. Bayram əhvali-ruhiyyəsi, musiqi və insanların səmimi ünsiyyəti satışlara da müsbət təsir göstərir. Festival boyunca həm yerli sakinlər, həm də gənclər müasir mətbəx nümunələrinə xüsusi maraq nümayiş etdirirlər.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər