NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda tələbələr arasında futzal birinciliyi keçirilir

...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə birinciliyə start verilib. 
"Şərq qapısı" xəbər verir ki, turnirin oyunları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində (NHK) keçirilir. Yarışda, ümumilikdə, 7 komanda mübarizə aparır.

Reqlamentə əsasən birincilik dairəvi sistem üzrə 7 turdan ibarətdir. İlkin mərhələnin yekununda turnir cədvəlində ilk dördlükdə qərarlaşan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Daha sonra keçiriləcək final və üçüncülük oyunları ilə qalib və mükafatçılar müəyyənləşəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Hərbi Kollecinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və istedadlı idmançıların üzə çıxarılmasıdır.

Yarışın ilk turunda aşağıdakı nəticələr qeydə alınıb:
Naxçıvan Müəllimlər İnstitutu-Hərbi Lisey 7:4;
Naxçıvan Musiqi Kolleci-Naxçıvan Tibb Kolleci 1:7;
Naxçıvan Dövlət Texniki Kolleci-Naxçıvan Dövlət Universiteti 1:12.

Nəşr edilib : 13.04.2026 14:30