NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda STEAM təhsili: gələcəyin peşələrinə açılan yol

...

İnkişafa gedən yol təhsildən keçir. Son illər ölkəmizdə əldə olunan inkişaf və tərəqqinin də təməlində məhz müasir və mütərəqqi təhsil sisteminin formalaşdırılması və intellektual gəncliyin yetişdirilməsi dayanır. Bunu bu gün muxtar respublikanın timsalında da görmək olar. Qədim diyarımızda müasir və innovativ yeniliklərə dayanan şərait, gənclərin savadlı, zəngin dünyagörüşlü və vətənpərvər ruhda böyüməsi üçün yeni təhsil metodlarından səmərəli istifadə dediklərimizi bir daha təsdiq edir. Bu baxımdan, muxtar respublikada yaradılan müasir təhsil mühiti xüsusi əhəmiyyət daşıyır. Elə bunun bir nümunəsi kimi biz də bu günlərdə muxtar respublikanın STEAM Mərkəzində innovativ təhsil mühitini yaxından müşahidə etdik.

Öyrəndik ki, mərkəzdə yaradılan müasir şərait şagirdlərə öz potensiallarını real layihələr üzərində sınamağa imkan verir. Ən müasir texnologiyalar, modullar, sensorlar və innovativ alətlərlə tanış olan gənclər artıq yalnız xəyal etmək deyil, ideyalarını gerçəyə çevirmək fürsəti qazanıblar. Bu isə onların özünəinamını artırır, araşdırmağa, qurmağa, kəşf etməyə təşviq edir. Nəticə olaraq, bu gün şagirdlərimiz sərhədləri aşmağa hazır, daim öz üzərində çalışan, yenilikçi düşüncəyə malik bir nəsil kimi formalaşırlar. Məlumat üçün bildirək ki, mərkəzdə KİDS, 3D Dizayn, CNC-Lazer texnologiyaları, Pilotsuz Uçuş aparatları, Proqramlaşdırma, Robotexnika, eləcə də İdeya Emalatxanası kimi xüsusi tədris bölmələri fəaliyyət göstərir. Hər kabinə özünəməxsus praktik yanaşması ilə seçilir və şagirdlərin düşünmə tərzini yeni səviyyəyə yüksəltməkdə böyük əhəmiyyət daşıyır. Mərkəzdə təhsilin əsas hədəfi şagirdlərin müstəqil şəkildə robot hazırlamaq bacarığı qazanmasıdır. Bu məqsədlə tədris alan gənclər hər il fərqli kabinələrdə bilik və təcrübələrini genişləndirirlər. Onlar əvvəlcə əsas mühəndislik düşüncəsini, daha sonra dizayn, proqramlaşdırma və mexaniki quruluşların qurulması prinsiplərini mənimsəyir, nəticədə isə tam sərbəst şəkildə öz robotlarını yarada biləcək səviyyəyə çatırlar. Yəni şagirdlər burada yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də real layihələr üzərində çalışaraq komanda işi, problem həlli və yaradıcılıq kimi bacarıqlarını inkişaf etdirirlər. Bu isə onların gələcək peşə seçimində mühüm rol oynayır.

Mərkəzdə yetişən gənclərin uğurları artıq yerli və respublika miqyaslı yarışlarda özünü göstərməkdədir. Onların hazırladıqları layihələr həm texniki baxımdan, həm də ideya orijinallığı ilə diqqət çəkir. Mərkəzdə təhsil alan hər bir şagirdin fərqli bacarığı var: kimisi mühəndislik, kimisi proqramlaşdırma, kimisi elektronika və dizayn sahəsində fərqlənir. Bəziləri isə komanda işinin təşkili və liderlik bacarıqları ilə seçilirlər. Bununla belə, onları birləşdirən ən mühüm xüsusiyyət alqoritmik düşünmə və problem həll etmə bacarıqlarıdır ki, bu da yarışlarda əldə edilən uğurların əsasını təşkil edir. Mərkəzin ümumtəhsil məktəbləri ilə əməkdaşlığı da xüsusi qeyd olunmalıdır. Bu əməkdaşlıq sayəsində istər şagirdlərin, istərsə də STEAM müəllimlərinin üzləşdiyi çətinliklərə operativ şəkildə dəstək göstərilir.

Bu gün artıq adını ölkə üzrə innovasiyanın ön sıralarında görməyə alışdığımız mərkəz ötən illər ərzində saysız-hesabsız uğurlara imza ataraq STEAM təhsilinin regionda inkişafına mühüm töhfə verib. Burada yetişən gənc mühəndislər, proqramçılar və pilotlar təkcə yerli deyil, beynəlxalq arenalarda da Azərbaycan Bayrağını qürurla dalğalandırırlar. Beləliklə, mərkəz ardıcıl şəkildə beynəlxalq yarışlarda sabit və güclü komanda imicini qorumağı bacarıb. 2025-ci il mərkəzin tarixində xüsusi səhifə kimi qalacaq. Sentyabr ayında keçirilən Dünya Robot Olimpiadasında Robosport kateqoriyasında yenidən 1-ci yer qazanılmış, üç şagird Azərbaycan milli komandasının tərkibinə seçilərək Sinqapurda keçiriləcək böyük finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdır. Hazırda həmin şagirdlərimiz Sinqapurda yarışa hazırlıqlarını davam etdirirlər. Bu böyük nailiyyətlərin ardınca mərkəzin komanda ruhu daha bir möhtəşəm uğurla tamamlanıb. 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında Mərkəz 10 komanda ilə təmsil olunub və nəticələr göz qamaşdırıb: müxtəlif kateqoriyalarda 3 qızıl, 1 gümüş, 4 bürünc medal, həmçinin “Ən yaxşı pilot” nominasiyası üzrə xüsusi mükafat qazanılıb.

Mərkəzin təcrübəli məşqçiləri və şagirdlər bildirirlər ki, beynəlxalq yarışlarda iştirak təkcə böyük məsuliyyət deyil, həm də ciddi hazırlıq tələb edən bir prosesdir. Belə turnirlərdə tapşırıqlar daha çətin, rəqiblər isə kifayət qədər güclü olur. Bu da iştirakçılardan həm texniki bilik, həm də psixoloji dayanıqlıq tələb edir. Yarışların bəzilərində kateqoriyanın şərtlərinə uyğun olaraq dost komanda seçmək və onlarla əməkdaşlıq etmək zərurəti yaranır. Məhz bu məqamda müxtəlif dillərdə danışan iştirakçılar arasında anlaşma çətinliyi özünü göstərir. Lakin bu çətinliklər, əslində, gənclər üçün böyük üstünlüklərə çevrilir: onlar beynəlxalq mühitdə işləməyi, fərqli ölkələrin təmsilçiləri ilə komanda şəklində fəaliyyət göstərməyi, təcrübə mübadiləsi etməyi və dostluqlar qurmağı öyrənirlər.

Mərkəzin kollektivi inanır ki, davamlı hazırlıq, düzgün istiqamət və komanda işi sayəsində gələcək beynəlxalq yarışlar daha böyük nailiyyətlərlə yadda qalacaq. Mərkəzdə onu da öyrəndik ki, yarışlara hazırlıq prosesi sistemli şəkildə qurulur və ən əvvəl şagirdlər bacarıqlarına uyğun olaraq fərqli komanda və kateqoriyalara bölünürlər. İlkin mərhələdə komandalar seçdikləri kateqoriyanın texniki tələbləri, qaydaları və tapşırıqları ilə tanış edilir. Bu, gələcək mərhələlərdə düzgün strategiya qurmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sonra yarışma təşkilatçıları tərəfindən göndərilən tapşırıqlar icra olunur. Bütün tapşırıqları tələblərə uyğun şəkildə yerinə yetirən komandalar final mərhələsinə vəsiqə qazanırlar. Finala yüksəlmiş komandalar üçün mərkəzdə xüsusi hazırlıq təlimləri təşkil olunur. Bu prosesdə şagirdlər öz layihələrini təkmilləşdirir, mövcud çatışmazlıqları aradan qaldırır, rəqibləri analiz edərək yeni strategiyalar üzərində mentorlarla birlikdə çalışırlar. Bu istiqamətdə görülən işlərin nəticəsi kimi, mərkəzin komandaları həm respublika, həm də beynəlxalq yarışlarda üstün nəticələrlə çıxış edərək ölkəmizin adını layiqincə ucaldırlar. Bu gün davamlı olaraq təhsil sahəsində həyata keçirilən islahatlar və bu islahatların uğurlu nəticələri bir daha əmin olmağa əsas verir ki, təhsilimiz muxtar respublikanın, bütövlükdə isə ölkənin işıqlı gələcəyinə xidmət edir.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 01.12.2025 12:06