Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may 2026-cı il tarixlərində “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək. Festival Azərbaycan teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etmək məqsədi daşıyır.
“Şərq qapısı” xəbər verir ki, festivalın açılış mərasimi 8 may saat 17:00-da baş tutacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək və saat 19:00-da N.V.Qoqolun “Şinel” tamaşası nümayiş olunacaq.
9 may tarixində festival çərçivəsində “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçiriləcək. Dərs Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov tərəfindən aparılacaq. Günün davamında “Teatr marketinqi - XXI əsr” mövzusunda panel müzakirə təşkil olunacaq. Paneldə rəqəmsal iqtisadiyyat üzrə ekspert və təlimçi Təhməsib Quluzadə çıxış edəcək. Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında M.F.Axundovun “Müsyö Jordan” tamaşası rus dilində nümayiş olunacaq.
10 may tarixində Türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” tamaşası təqdim olunacaq.
11 may saat 17:00 tarixində festivalın bağlanış mərasimi və 19:00-da Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası nümayiş etdiriləcək.
Dörd gün davam edəcək festival çərçivəsində müxtəlif teatr kollektivlərinin çıxışları, ustad dərsləri və panel müzakirələr təşkil olunacaq. “Şərqin qapısı” Teatr Festivalı həm peşəkar teatr xadimləri, həm də sənətsevərlər üçün əlamətdar bir mədəniyyət hadisəsi kimi yadda qalacaq.
Digər xəbərlər