Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli Fərmanına uyğun olaraq “AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır. Hazırda Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır. Ümumilikdə qeyd etsək, SCADA sistemi nəzarət, idarəetmə və məlumat toplama funksiyalarını eyni platformada birləşdirən müasir texnologiyadır. Mövzu ilə bağlı energetika mütəxəssisi Miryunis Seyidovla həmsöhbət olduq.
Müsahibimiz qeyd etdi ki, bu sistem vasitəsilə bütün texniki parametrlər – gərginlik, cərəyan, güc axını, sistemdə olan nasazlıqlar və digər vacib göstəricilər fasiləsiz olaraq izlənilir. Hər hansı texniki nasazlıq və ya fövqəladə vəziyyət yaranacağı təqdirdə sistem avtomatik olaraq xəbərdarlıq siqnalı verir və dərhal reaksiya mexanizmləri işə düşür.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış və mərhələli şəkildə icrasına başlanılan “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” çərçivəsində 2025-2027-ci illəri əhatə edən Reabilitasiya və Yenidənqurma tədbirləri regionun enerji infrastrukturunun müasirləşdirilməsi və rəqəmsallaşdırılması məqsədi daşıyır. Bu strategiya Naxçıvanın elektrik enerjisi ilə fasiləsiz, təhlükəsiz və dayanıqlı təminatını uzunmüddətli perspektivdə təmin etmək üçün həyata keçirilən genişmiqyaslı və çoxşaxəli tədbirlər kompleksidir.
Mütəxəssisin sözlərinə görə, strategiyanın əsas komponentlərindən biri olan Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin yaradılması – idarəetmənin mərkəzləşdirilməsi, operativlik və texnoloji effektivlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mərkəz vasitəsilə muxtar respublika ərazisində yerləşən bütün elektrik stansiyaları, yüksəkgərginlikli ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətləri və digər enerji infrastrukturları real vaxt rejimində monitorinq olunacaq və idarə ediləcək. Muxtar respublika üçün enerji təhlükəsizliyi və dayanıqlığı prioritet istiqamətlərdən biridir. Bu baxımdan, SCADA Mərkəzi vasitəsilə enerji obyektlərinin mərkəzləşdirilmiş şəkildə izlənməsi, bölgə üzrə enerji balansının dəqiq aparılması və istismar proseslərinin optimallaşdırılması regionun energetikasında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş olur.
Beləliklə, həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanın elektroenergetika sistemi yalnız infrastruktur baxımından deyil, həm də idarəetmə texnologiyaları səviyyəsində müasir, ağıllı və çevik bir sistemə çevriləcək. Bu isə təkcə bu günün deyil, eyni zamanda gələcəyin enerji çağırışlarına cavab verəcək strateji əsasların formalaşdırılması deməkdir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər