Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Martın 20-dən başlayaraq Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında bir sıra mədəni tədbirlər təşkil olunacaq.
Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bayram günləri çərçivəsində konsert proqramları, folklor nümunələrinin nümayişi və müxtəlif səhnə əsərləri tamaşaçılara təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli “Şərq qapısı”na açıqlamasında bildirib ki, Novruz bayramı günlərində Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da geniş mədəni proqramların təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı da təqdim olunacaq. Konsertdə xüsusilə qədim milli musiqi alətlərindən ibarət ansamblın ifasında müxtəlif musiqi nömrələri səsləndiriləcək.
Qeyd olunub ki, bayram proqramlarında Naxçıvan, Culfa və Şərur Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi kollektivləri də iştirak edəcəklər. Filarmoniyanın solistlərinin ifasında tamaşaçıların sevdiyi mahnılar səsləndiriləcək, eyni zamanda milli musiqi irsimizi əks etdirən müxtəlif kompozisiyalar təqdim olunacaq.
Tədbirlər çərçivəsində Şərur Xalq Yallı Ansamblının ifasında qədim yallı rəqsləri də nümayiş etdiriləcək. Bununla yanaşı, bölgələrimizə məxsus qədim folklor nümunələri, milli adət-ənənələri əks etdirən səhnə təqdimatları da proqramın əsas hissəsini təşkil edəcək.
Məmməd Hüseynli bildirib ki, Novruz bayramı günlərində balaca tamaşaçılar üçün də maraqlı proqramlar hazırlanıb. Belə ki, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrının təqdimatında müxtəlif tamaşalar nümayiş etdiriləcək. Bu tamaşalar vasitəsilə uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici səhnə nümunələri təqdim olunacaq.
Qeyd edək ki, təşkil olunacaq tədbirlər Novruz bayramı günlərində sakinlərin və şəhərin qonaqlarının asudə vaxtının səmərəli təşkili, eyni zamanda milli mədəniyyətimizin və folklor irsimizin təbliği məqsədi daşıyır.
Digər xəbərlər