NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda nadir sənət nümunələrinin dahi yaradıcısı – Əcəmi Naxçıvani

...

“Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” – doğrudan da, bu belədir.İnsan yaşadığı dövrdə çalışır, çabalayır, nələrsə ərsəyə gətirir. Və hər bir insan ömrünü başa vurduqdan sonra hər hansı bir əməli, yaxud işi ilə xatırlanır.İllər, hətta əsrlər keçsə belə unudulmayan, bu gün də balacadan-böyüyə hər kəsin tanıdığı bir insan olmağı kim istəməz ki?! Hələ də əsrlər sonra səni xatırladacaq yadigarının olması. Bu, sadəcə, möhtəşəmdir. Bax belə bir sənətkardır Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bütün həyatını səmərəli keçirən, ömrünü-gününü hədər verməyərək nadir sənət nümunələri yaradan bir insan idi Əcəmi.

Əcəmi memar idi. Bugünkü gün qibtə ilə baxdığımız, heyrətlə “Görəsən necə tikilib? Neçə yuxusuz gecələrin, hansı zəhmətin, alın tərinin, əl qabarının bahasına ərsəyə gəlib?” – deyə düşünmədən yanından ötmədiyimiz, milli simvolumuza çevrilmiş, özünün belə gözəlliyini dönə-dönə qiymətləndirdiyi, “İlahi, bəd nəzərdən uzaq elə” dediyi möhtəşəm Möminə xatun türbəsinin, müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmiş, özünəməxsus görkəmi ilə xarici alimlərin belə diqqətini cəlb edən Yusif Küseyr oğlu türbəsinin yaradıcısıdır Əcəmi.

Əcəmi rəssam idi. Onun incə görüşü, qabiliyyəti sayəsində ərsəyə gələn sənətkarlıq nümunələri günümüzdə belə şəhərimizin gözəlliyinə gözəllik qatan, estetik zövqə xitab edən möhtəşəm yaradıcılıq nümunələrinə çevrilib.

Əcəmi riyaziyyatı, həndəsəni mükəmməl bilirdi. Elmin-texnikanın ləng inkişaf etdiyi bir dövrdə belə tam simmetrik abidə yaratmaq böyük zəka, eyni zamanda saysız riyazi hesablama tələb edirdi. Necə deyərlər,“Yüz ölçüb, bir biçirdi” o.

Əcəmi Qurani-Kərimə vaqif idi. Təkcə Möminə xatun türbəsi üzərində həkk olunan surələrə nəzər salmaq bunu deməyə kifayət edir.

Əcəmi insan zəkasının, insan təfəkkürünün nələrə qadir olduğunun və eyni zamanda təfəkkürlə bacarığın, qabiliyyətin birlikdə hansı möhtəşəm nəticələr doğurduğunun sübutu idi.

Onun yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham mənbəyi olub. Yaratdığı bənzərsiz nümunələr o qədər heyranedici idi ki, bu təsirə qapılmamaq qeyri-mümkün idi. Hətta ondan uzun illər sonra yaşamış məşhur memarlar belə onun yaradıcılığından təsirlənirdilər.

Yüz illər öncə yaşamasına baxmayaraq, günümüzdə də hamı tərəfindən tanınan dahi memarın yaradıcılığı həmişə diqqət mərkəzində olmuş və yetərincə qiymətləndirilmişdir. Prezident İlham Əliyevin imzaladığı “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncam isətarixi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi vəadının bütün dünyaya tanıdılması yönündə atılan mühüm addımdır. Və bu qərarbir daha onu göstərdi ki, dövlətimiz hər zaman keçmişinə, milli və mənəvi dəyərlərinə, sənətə və sənətkara sahib çıxır, ona böyük dəyər verir.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 05.11.2025 09:54