NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda keçirilən Bahar festivalında milli dəyərlərimiz də təbliğ olunur

...

Naxçıvanda keçirilən Bahar festivalı çərçivəsində Novruz bayramı yalnız ənənəvi şənlik kimi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması kimi qeyd olunur.
"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində baş tutan tədbirlər zamanı Novruzun ruhu qədim qala divarları arasında xüsusi ab-hava yaradıb. Festival çərçivəsində fəaliyyət göstərən “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi bu il də öz ənənəsinə sadiq qalaraq milli kimliyimizi əks etdirən müxtəlif təşəbbüslərlə çıxış edib.
Birliyin təşkil etdiyi guşələrdə milli geyimlərin nümayişi, kitab sərgi-satışı və könüllülərin fəal iştirakı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Təqdim olunan bu fəaliyyətlər yalnız bayram əhvali-ruhiyyəsi yaratmaqla kifayətlənməyib, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli rol oynayıb.
Xüsusilə kitablara göstərilən maraq diqqət çəkib. Bu maraq bir daha göstərir ki, cəmiyyətin inkişafı yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır, eyni zamanda oxuyan, düşünən və milli dəyərlərə bağlı gənclərin yetişməsi ilə sıx bağlıdır.
Festivalda iştirak edən gənclərin fəallığı və onların milli geyimlərə, eləcə də dəyərlərə olan marağı diqqətdən yayınmayıb. Tədbirdə fəallıqları ilə seçilən Caner, Əfsanə və Taleh kimi gənclərin, həmçinin milli geyimləri sevərək təbliğ edən könüllülərin iştirakı ümumi ab-havaya xüsusi rəng qatıb.
Müşahidələr göstərir ki, bu kimi təşəbbüslər gənclərdə milli kimlik şüurunun formalaşmasına müsbət təsir edir və onların müasir çağırışlarla milli dəyərləri birləşdirən fəal vətəndaş kimi yetişməsinə zəmin yaradır.
Qeyd edək ki, builki Novruz tədbirləri bir daha sübut edib ki, milli kimliyinə sahib çıxan cəmiyyətin həmrəyliyi və dövlətçilik düşüncəsi daha da möhkəmlənir.

Nəşr edilib : 23.03.2026 19:06