NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda ilk görüş: Qax Dövlət Kukla Teatrı tamaşaçılarla görüşdü

...

Naxçıvanda ilk dəfə olaraq Qax Dövlət Kukla Teatrı “Xeyir və Şər” pantomim tamaşası ilə teatrsevərlərin görüşünə gəlib. Tamaşada yaxşılıq və pislik anlayışları simvolik obrazlar vasitəsilə səhnədə canlandırılıb. Sözsüz sənət nümunəsi olan pantomim tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.Tamaşa haqqında fikirlərini öyrənmək üçün Qax Dövlət Kukla Teatrının quruluşçu rejissoru, Əməkdar artist, Prezident mükafatçısı Yusif Abdurahmanov ilə həmsöhbət olduq. O bildirdi ki, tamaşa Nizami Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında hazırlanıb. Səhnə imkanlarını nəzərə alaraq tamaşanı özləri səhnələşdirib və bu səhnə işi pantomim janrındadır. “Pantomim yunan mənşəli sözdür və mimika teatrı deməkdir. Bu janrda tamaşa hazırlamaq olduqca çətin olur, çünki burada danışıq yoxdur, fikirlər tamaşaçılara yalnız hərəkət və mimikalar vasitəsilə çatdırılır. Tamaşanın hazırlanmasına xeyli vaxt sərf etmişik. Sonda tamaşaçıların alqışları isə səhnə işimizin maraqla qarşılandığını bir daha göstərdi. Bildiyiniz kimi Qax və Naxçıvan Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb. Gələcək planlarımızda rejissorların, rəssamların və aktyorların yer dəyişərək birgə çalışması, qarşılıqlı təcrübə mübadiləsi aparılması və yaradıcılıq potensialının daha da üzə çıxarılmasını nəzərdə tuturuq” ,– deyə rejissor vurğulayıb. 
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov “Xeyir və Şər” pantomim tamaşası ilə bağlı fikirlərini bizimlə bölüşdü. “Bu tamaşanı həm sənət adamı, həm də tamaşaçı kimi maraqla izlədim. Kuklalarla pantomim tamaşa hazırlamaq olduqca çətindir. Bu, aktyordan ikiqat diqqət və dəqiqlik tələb edir. Qax Dövlət Kukla Teatrının bu janra müraciəti və ortaya qoyduğu iş doğrudan da maraqlı idi”,– deyə o bildirib. Onun sözlərinə görə, bu cür tamaşalar hər iki teatr üçün dəyərli təcrübə mənbəyidir. Qarşılıqlı əməkdaşlıq teatrların inkişafına xidmət etməklə yanaşı, yaradıcı kollektivlərin öz potensiallarını daha yaxından tanımasına şərait yaradacaq. 
Tamaşanın sonunda Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən qastrol səfərində iştirak edən aktyorlara diplomlar və təşəkkürnamələr təqdim olunub. Bu addım yaradıcı heyətin əməyinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib. Tamaşanın vizual həllinə böyük töhfə verən Qax Dövlət Kukla Teatrının baş rəssamı Mais Abdullayev səhnə üçün xüsusi bir rəsm əsəri hazırlayıb. Rəsmdə Qax rayonunun İlisu kəndi və burada yerləşən tarixi Sumu qalası əks olunub. Səyyad Məmmədova bu xüsusi əsər hədiyyə edilib və tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 21.12.2025 15:37