“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Naxçıvanda böyük mütəfəkkir Hüseyn Cavidin ev-muzeyində Hüseyn Fərəcoğlunun 100 illik yubiley tədbiri keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbir Hüseyn Cavidin ev-muzeyinin direktoru Tünzalə Dilanova və şairin nəvəsi, tarix elmləri doktoru, professor Sevinc Abbasovanın çıxışları ilə başlanılıb.
Tədbirin əsas məqamlarından biri “Sənət qartalı” poemasının təqdimatı olub. Bu təqdimat adi ədəbi hadisə deyil, sənətin ucalığını, sözün qüdrətini və şair ruhunun əbədiliyini əks etdirən bir mərasim kimi qeyd olunub. Hüseyn Fərəcoğlunun qələmindən yaranan əsər Hüseyn Cavidə ithaf olunmuş mənəvi abidə kimi təqdim edilib. “Sənət qartalı” Azərbaycan ədəbiyyatına ehtiramın ifadəsi kimi dəyərləndirilib.
Tədbirin əsas məqamlarından biri də şairin nəvələrinin açılış və bağlanışı həyata keçirməsi olub. Bu, milli dəyərlərə sahib çıxmağın və onların gələcək nəsillərə ötürülməsinin nümunəsi kimi qeyd edilib.
Daha sonra məruzələr təqdim olunub. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Hüseyn Fərəcoğlunun yaradıcılıq yolu”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Tusi” nəşriyyatının baş redaktoru Qafar Qərib “Sözü ilə tanınan və xatırlanan şair”, AMEA Naxçıvan Bölməsi Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “İlham və sənətkarlığın vəhdəti: Hüseyn Fərəcoğlu”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlu “Sənət qartalının folklorizmi”, Prezident mükafatçısı Muxtar Qasımzadə isə “Dost haqqında dost sözü” mövzularında çıxış ediblər.
Çıxış edənlər sırasında Azərbaycanın Xalq artisti Həsən Ağasoy və "Cahan Holding"in prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri, şairin nəvəsi Vüqar Zakir oğlu Abbasov da yer alıb.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya və millət vəkili Ülviyyə Həmzəyeva da çıxış edərək ədəbi irsə yüksək dəyər veriblər. Bu, Azərbaycan-Türkiyə qardaşlığının yalnız siyasi deyil, həm də mənəvi və mədəni müstəvidə möhkəm olduğunu bir daha nümayiş etdirib. Sonda iştirakçılar muzeyə baxış keçirib və xatirə şəkilləri çəkilib.
Digər xəbərlər