NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılması prosesinə başlanılıb

...

Müasir dövrdə beynəlxalq ticarət qaydaları heyvan və heyvan mənşəli məhsulların yalnız xəstəliklərdən azad ərazilərdən ixracına icazə verir. Bu səbəbdən bir çox ölkələrdə xüsusi sağlamlıq statusuna malik zonaların yaradılması böyük önəm kəsb edir. Bu istiqamətdə atılan mühüm addımlar nəticəsində bir sıra xəstəliklərə görə ölkəmiz artıq beynəlxalq səviyyədə tanınmış “azad status” əldə edib. Lakin dünyada yayılma potensialı və iqtisadi təsirləri baxımından ən təhlükəli heyvan xəstəliklərindən biri olan dabaq xəstəliyi ilə mübarizə hələ də prioritet məsələlərdən biridir.

Hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu xəstəlik üzrə beynəlxalq azad statusun əldə olunması üçün təşəbbüslə çıxış edir. Artıq Naxçıvan Muxtar Respublikası başda olmaqla ölkənin bir neçə bölgəsində dabaq xəstəliyindən azad zonaların yaradılması istiqamətində praktiki işlərə başlanılıb.

Mövzu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq və fitosanitar nəzarəti şöbəsinin müdiri Məhəmməd Hüseynov bildirdi ki, beynəlxalq ticarət qaydalarına görə heyvan və heyvan mənşəli məhsulların ixracı ancaq xüsusi təhlükəli heyvan xəstəlikləri mövcud olmayan ölkələrdən, bu mümkün olmadıqda isə həmin ölkələrin müvafiq qaydalara uyğun olaraq sağlamlıq statusu əldə etmiş regionlarından həyata keçirilir: “Başqa sözlə, bütövlükdə, ölkə ərazisində epizootik stabilliyi təmin etmək mümkün olmadıqda ölkənin bir hissəsi ayrılaraq orada xüsusi qaydalar əsasında sağlamlaşdırma tədbirləri həyata keçirilir və beynəlxalq ticarətin aparılması üçün şərait yaradılır ki, bu zonalar da heyvan xəstəliklərindən azad zonalar adlanır”.

Müsahibimiz deyir ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınmış, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların və donuzların Afrika taunu xəstəliyindən azad statusu qorunub saxlanılmaqdadır: “Müvafiq beynəlxalq təşkilatların məlumatına əsasən son 50 ildə dabaq xəstəliyi dünyada geniş yayılıb və beynəlxalq ticarətə maneə yaratması ilə fərqlənir. Aparılmış planlı sağlamlaşdırma tədbirləri nəticəsində hazırda 68 ölkə dabaq xəstəliyindən azad status almış, 11 ölkə (Argentina, Boliviya, Braziliya, Çin Respublikası, Kolumbiya, Ekvador, Qazaxıstan, Malaysia, Moldova, Namibiya, Rusiya) “peyvəndləmə aparmadan” azad zona, 8 ölkə isə “peyvəndləmə aparmaqla” (Argentina, Boliviya, Braziliya, Çin Respublikası, Kolumbiya, Ekvador, Qazaxıstan, Türkiyə) azad zona kimi tanınır. Azərbaycan bu xəstəliyə görə “qeyri-sağlam” epizootoloji statusa malikdir”.

Ölkəmizin çox böyük tranzit imkanına malik olduğunu vurğulayan  Məhəmməd Hüseynov onu da qeyd etdi ki, heyvan xəstəliklərindən azad statusunun olmaması ixrac və tranzit imkanlarını məhdudlaşdırır: “Belə ki, Azərbaycandan hazırda məhdud sayda  heyvan mənşəli məhsullar  ixrac olunur və qarşıda duran hədəflər ondan ibarətdir ki, həm ixrac olunan məhsulların sayı, həm də  ixracatın coğrafiyası genişləndirilsin. Ərazilərimiz işğaldan azad olunandan və sərhədlərimizin bütövlüyü bərpa edildikdən sonra heyvan xəstəliklərindən, xüsusilə də dabaq xəstəliyindən azad zona ilə bağlı təşəbbüs irəli sürülüb və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Beynəlxalq tələblərə görə,  xəstəlikdən azad zonanın sərhədləri təbii sərhədlər, məsələn, çaylar, dağlar, çətin keçilən yerlər və eyni zamanda dövlət sərhədləri də ola bilər. Beləliklə, ilkin olaraq Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) dabaq xəstəliyindən azad zonaların yaradılması prosesinə başlanılıb. Bu regionlar kənd təsərrüfatı, xüsusilə də heyvan istehsalı üçün böyük potensiala malikdir. Belə ki, xəstəlikdən azad statusun əldə edilməsi ilə heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkəmizin ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”.

Məhəmməd Hüseynov nəzərə çatdırdı ki,  prosedurun ilkin şərtlərindən biri həmin zonalarda saxlanılan heyvanlar, heyvandarlıq təsərrüfatlarının qeydiyyata götürülməsi, heyvanların identikləşdirilərək heyvanların identifikasiyası sistemində uçota alınması və izlənmə tədbirlərinin həyata keçirilməsidir: “Burada ilkin mərhələdə dabaq xəstəliyinə peyvəndləmə aparılmaqla azad statusun alınmasına nail olunacaq, növbəti mərhələdə isə bu təcrübə digər ərazilərimizdə genişləndiriləcəkdir ki, ölkəmiz tamamilə xəstəlikdən azad olunsun. Qeyd edək ki, son illərdə AQTA və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ölkə ərazisində aparılan epizootoloji və seroloji monitorinqlərdə xəstəliyə aid klinik təzahürlər və törədicisinə rast gəlinməyib. Bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir. Kompakt coğrafi mövqeyi, iri və xırdabuynuzlu heyvan və atların sayının məhdud olması Naxçıvan Muxtar Respublikasında identifikasiya işlərinin qısa müddətdə həyata keçirilməsinə və bütün ərazidə heyvan xəstəliklərindən azad zonanın yaradılmasına zəmin yaradan əlverişli faktorlardır”.

Söhbətimizdən o nəticəyə gəlmək olar ki, bu təşəbbüs yalnız heyvan sağlamlığının qorunmasına deyil, eyni zamanda Azərbaycanın ixrac potensialının artırılmasına, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə, habelə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvandan keçən tranzit daşımalarının rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 01.08.2025 10:05