NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda gənclər teatr sənətinin inkişafına böyük töhfə verir

...

Hər il martın 10-u Azərbaycanda "Milli Teatr Günü" kimi qeyd olunur. Bu əlamətdar tarix ölkəmizdə teatr sənətinin doğuluşunu, millətin öz ruhunu səhnədə tapdığı o mühüm mərhələni ifadə edir. Hər şey 1873-cü ilin həmin mart günündə başladı... Bakı Realnı məktəbinin şagirdləri və bir qrup ziyalının böyük fədakarlığı ilə böyük mütəfəkkir və dramaturq Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirildi. Məhz bu ilk tamaşa ilə Azərbaycan milli teatrının təməli qoyuldu, mədəniyyətimizin tarixində yeni bir səhifə açıldı. Bu şərəfli yolun başlanğıcında isə bu sahəyə can qoyan görkəmli sənət adamları Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov dayanırdı. Onların başlatdığı bu yol bu gün də səhnələrimizi işıqlandırmağa davam edir. Teatr insanın ən dərin hisslərini, gizli düşüncələrini və həyatın min bir rəngini səhnə sehri ilə ruhumuza toxunduran, zamanın sınağından keçmiş ən qədim sənət abidəsidir. Əsrlərboyu bu sənət, sadəcə, bir tamaşa deyil, insanı həm güldürən, həm kədərləndirən, həm də cəmiyyətin arzularını, dərdlərini əks etdirən canlı bir güzgü olmuşdur. Səhnədə canlanan hər bir obraz, ürəkdən qopan hər bir dialoq və yaşanan səmimi emosiyalar bizi gündəlik həyatın düşüncələrindən qopararaq tam fərqli, sehrli bir dünyaya aparır. Teatrın gücü də elə budur: o, səhnə ilə tamaşaçı arasında elə bir sarsılmaz körpü qurur ki, orada həyatın özü yenidən, daha dərindən doğulur. Zaman keçdikcə teatr hər bir xalqın həyatını, dünyagörüşünü və tarixini əks etdirən bir sənət sahəsinə çevrildi. Azərbaycan teatrı da bu zəngin və şərəfli yoldan keçib. XIX əsrin ikinci yarısında maarifçilik ideyalarının yayılması və ziyalıların təşəbbüsü ilə milli teatrımız sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə qoyulan tamaşalar sənətimizin gələcək yüksəlişi üçün möhkəm zəmin yaratdı.

Bu gün də ölkənin müxtəlif teatrlarında xüsusi tamaşalar nümayiş olunur, sənət adamlarının əməyinə yüksək qiymət verilir və teatrın inkişafında xidməti olan şəxslər ehtiramla yad edilir. Milli Teatr Günü teatrın yalnız səhnə sənəti olmadığını, həm də cəmiyyətin mənəvi dünyasını əks etdirən güclü bir mədəniyyət platforması olduğunu bir daha sübut edir. Bu gün teatrımızın inkişafında gənc nəslin  imzası xüsusi bir yer tutur. Səhnəyə yeni addım atan aktyorlar, rejissorlar və teatr işçiləri öz yenilikçi baxışları ilə teatırın gələcəyinə yeni nəfəs bəxş edirlər.

Elə bu ruhla, Milli Teatr Günü ərəfəsində Naxçıvanın mədəniyyət ocağı olan Cəlil Məmmədquluzadə adına  Naxçıvan Dövlət Milli Dram Teatrına qonaq olduq. Burada gənc sənət nümayəndələri ilə keçirdiyimiz səmimi söhbət bizi bir daha əmin etdi ki, teatrın gələcəyi etibarlı əllərdədir. Onların səhnəyə olan sonsuz sevgisi, hər obrazın arxasında gizlənən həyəcanı və bu sənətin sabahına dair parlaq arzuları bizə unudulmaz anlar yaşatdı. Bu gənclər, sadəcə, bir peşənin davamçıları deyil, onlar teatrın yeni dövrünün memarlarıdır.

Bu sənətin sahiblərindən biri olan aktrisa Leyla Yaqubova üçün teatr, sadəcə, bir peşə deyil, onun varlığının ayrılmaz parçasıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Leyla, incəsənətə olan sevgisinin təsadüfi olmadığını, sanki bu sevgiylə dünyaya göz açdığını dilə gətirir. Onun üçün səhnə təkcə rol oynadığı məkan deyil, gündəlik qayğılardan uzaqlaşdığı, ruhunun sakitlik tapdığı ən etibarlı məkandır.

Leyla Yaqubova hər bir obrazını öz daxili dünyasının bir parçası kimi yaşayır. O, səhnədə, sadəcə, "rol" oynamır, obrazın hisslərini öz ruhundan keçirir, onun düşüncələri ilə nəfəs alır. Məhz bu səmimiyyətə görədir ki, o, rolları arasında ayrı-seçkilik etmir, hər birini öz doğması bilir. Aktrisa üçün teatrla bağlılıq peşəkar fəaliyyətdən qat-qat dərindir; bu onun bütöv bir ömür yoludur. Leyla gələcəyin xəyalları ilə yaşasa da, ən böyük arzusu ömrünün sonuna qədər səhnənin işığında qalmaq, tamaşaçının nəfəsini duymaqdır. Onun fikrincə, cəmiyyətin sənətə və sənətkara olan sevgisinin artması, teatrın dəyərinin layiqincə qiymətləndirilməsi milli mədəniyyətimizin ən böyük qələbəsi olacaq.

Gənc aktrisalardan biri də  Ləman Vəlizadədir. Onun səhnə yolu 2012-ci ildə başlayıb. Uzun illər kukla teatrında fəaliyyət göstərən aktrisa, uşaqların saf dünyasına yol taparaq orada formalaşıb. Onun sözlərinə görə, kukla teatrı aktyor üçün əsl məktəbdir, çünki burada yalnız obraz yaratmırsan, həm də kiçik tamaşaçıların hisslərini duyur və onların qəlbinə toxunursan. Onillik bu zəngin təcrübədən sonra, 2022-ci ildən etibarən dram teatrında fəaliyyətini davam etdirən Ləman yeni yaradıcılıq mərhələsinə qədəm qoyub.

Ləman Vəlizadə üçün səhnə, sadəcə, bir iş yeri deyil, insanın özünü bütöv şəkildə ifadə etdiyi müqəddəs bir məkandır. O, səhnəyə ilk çıxdığı o unudulmaz anı bu gün də böyük həyəcanla xatırlayır. Aktrisa üçün ilk tamaşaçı qarşısına çıxmaq məsuliyyət, qürurdur. Həmin anı “möcüzə” adlandıran Ləman o gündən etibarən səhnə ilə arasında sarsılmaz bir bağ yarandığını hiss edir.

Aktrisa hesab edir ki, teatr insanın dünyagörüşünü dəyişən, müxtəlif taleləri yaşamağa imkan verən bir sənətdir. Onun üçün hər bir obraz yeni bir həyat, tamaşaçı ilə qurulan yeni bir dialoqdur. Gələcəkdə daha mürəkkəb, dərin psixoloji obrazlar yaratmağı arzulayan Ləman Vəlizadə məhz belə rolların aktyorun yaradıcılıq imkanlarını və potensialını tamamilə üzə çıxardığına inanır.

Teatrın insan ruhunun ifadəsi olduğunu deyən aktyor Əlizamin Abbasovun fikrincə, səhnə onun üçün, sadəcə, bir peşə deyil, daxili dünyasını ifadə etdiyi bir məkandır. O hesab edir ki, bu yolu seçən insan sənəti ürəkdən sevməli və onu bütün varlığı ilə hiss etməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alan Əlizamin səhnəyə ilk çıxdığı anı, “Leyli və Məcnun” tamaşasında Leylinin atası rolunu hələ də həyəcanla xatırlayır. Tamaşaçı qarşısındakı o böyük məsuliyyət və sonda eşidilən alqışların yaratdığı o unudulmaz hiss, onun üçün sənətin ən ali mükafatıdır.

Əlizaminə görə, səhnə aktyor üçün bir məbəddir, ikinci evdir. O bu sənətin insan xarakterlərini anlamağı, dünyanı daha dərindən duymağı öyrətdiyini vurğulayır. Aktyorun fikrincə, səhnədəki ən vacib meyar səmimiyyətdir, rolun kiçik və ya böyük olmasından asılı olmayaraq, əsas məqsəd tamaşaçının yaddaşında iz qoymaqdır. O, Azərbaycan teatrının yeni yaradıcılıq axtarışları və müasir yanaşmalarla daha da inkişaf edəcəyinə, bu mədəniyyətin beynəlxalq səviyyədə layiq olduğu yeri tutacağına dərindən inanır.

Sonda bütün bu fikirlər bir daha təsdiqləyir ki, teatr, sadəcə, bir səhnə deyil, o, cəmiyyətin mənəvi aynasıdır. Bu gün milli teatrımızın səhnələrində yaşanan hər bir an, atılan hər bir addım dünənin tarixi ilə sabahın arzularını birləşdirir. Qoy, teatrın o sönməz işığı heç vaxt sönməsin, səhnə ilə tamaşaçı arasındakı o müqəddəs bağ əbədi yaşasın!

                   Zəhra VƏLİYEVA

Nəşr edilib : 10.03.2026 10:29