Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Ölkəmizdə gənc istedadlara göstərilən diqqət və qayğı onların yaradıcılıq imkanlarının inkişafına geniş şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin gələcəyində mühüm rol oynayır. Bu gün isə həmin gənclərdən biri olan gənc rəssam Ramilə Əkbərovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib. Qeyd edək ki, sərgi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub. Öz dünyasını əsərlərində əks etdirməyi bacaran Ramilə Əkbərova kiçik yaşlarından rəssamlığa olan marağı ilə seçilib. 25 iyun 2010-cu ildə Naxçıvan şəhərində anadan olan gənc istedad hazırda Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdidir. Peşəkar müəllimlərin düzgün istiqamətləndirməsi ilə Ramilənin rəssamlığa olan marağı daha da inkişaf edərək məqsədyönlü yaradıcılığa çevrilib. Qısa müddətdə müxtəlif sərgilərdə iştirak edən gənc rəssam öz istedadını uğurla nümayiş etdirib.
Sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşən Ramilə Əkbərova bildirib ki, bu gün onun üçün xüsusi və yaddaqalan gündür. Fərdi sərgisinə göstərilən böyük marağın onu çox sevindirdiyini deyən gənc rəssam indiyədək bir çox müsabiqələrdə iştirak etdiyini və uğurlu nəticələr əldə etdiyini vurğulayıb. O qeyd edib ki, əsərlərində, əsasən, Azərbaycanın tarixi memarlıq abidələrini, Qarabağın gözəlliklərini, eləcə də natürmort və kompozisiya janrlarını işləyib, həmçinin mənzərə janrında da rəsmləri var. Ramilə Əkbərova əlavə edib ki, sərgidə təqdim olunan əsərlər akvarel, karandaş və pastel texnikalarında hazırlanıb.
Ramilə Əkbərova artıq bir sıra uğurlara da imza atıb. Belə ki, 2025-ci ildə keçirilən “Qəhrəmanlıq izləri rənglərdə” adlı rəsm müsabiqəsində 1-ci yerə, “Suverenliyin şəklini çək” mövzusunda təşkil olunan müsabiqədə yenidən 1-ci yerə layiq görülüb. 2026-cı ildə isə “Xocalı həqiqəti rənglərdə” adlı müsabiqədə 2-ci yerin sahibi olub. Bundan əlavə o, müxtəlif fəxri fərman, təşəkkürnamə və diplomlarla təltif edilib.
Qeyd edək ki, “Mənim rəngli dünyam” adlı fərdi sərgi gənc rəssamın daxili aləminin, duyğularının və dünyaya baxışının rənglər vasitəsilə ifadəsidir. Sərgidə təqdim olunan əsərlərdə həm uşaqlıq saflığı, həm də milli-mənəvi dəyərlərə bağlılıq aydın şəkildə görülür. Qeyd edək ki, sənətsevərlərin böyük marağına səbəb olan bu sərgi gənc istedadların tanıdılması və onların özlərinə inamının artması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Ramilə Əkbərovanın yaradıcılığı bir daha göstərir ki, düzgün istiqamətləndirilən istedad və zəhmət bir araya gəldikdə uğur qaçınılmaz olur.
Zəhra VƏLİYEVA
Digər xəbərlər