Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvanda gənc nəslin hərtərəfli yetişməsi, gələcəyin istedadlı və peşəkar mütəxəssisi kimi formalaşması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. İstər orta məktəb, istərsə də ali təhsil müəssisələrində gənclərin müxtəlif layihələrə, təcrübə və tədbirlərə cəlb edilməsi də bu baxımdan atılan mühüm addımlardır. Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə əhəmiyyətli işlər görülür. Mövzu ilə bağlı tələbələrlə söhbətimizi məhz bu yöndə qurmağa çalışdıq.
Naxçıvan Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Gülay Kərimli bildirdi: “2024-cü ildə keçirilən qəbul imtahanlarında 650.3 bal toplayaraq bu ixtisasa qəbul olmağım mənim üçün, sadəcə, bir nəticə deyil, bu, illərlə qurduğum arzularımın reallaşmasında atdığım ilk və mühüm addımdır. Hələ orta məktəbdə oxuduğum vaxtlardan riyaziyyata və müəllimlik peşəsinə olan sevgim məni bu yola yönəltdi. Yalnız riyaziyyat deyil, şeir və inşa müsabiqələrində də dəfələrlə fərqlənmişəm. Yaradıcılıq qabiliyyətim və sosial fəallığım Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi bir sıra rəsmi tədbirlərdə də öz əksini tapıb və yüksək qiymətləndirilib”.
Müsahibimiz diqqətimizə çatdırır ki, hazırda bu fəaliyyəti universitetdə də davam etdirir. Müxtəlif tələbə təşkilatlarında aktiv iştirak edir, elmi-praktik konfranslar, beynəlxalq və yerli sosial layihələr, liderlik proqramları və təlim sessiyalarında ön yerlərə çıxır. Bu layihələr Gülaya yalnız nəzəri biliklər yox, eyni zamanda praktik təcrübə, ictimai məsuliyyət və sosial bacarıqlar qazandırıb. O inanır ki, müasir dövrün müəllimi yalnız sinif otağı ilə məhdudlaşmamalıdır. Buna görə də maarifləndirmə tədbirlərində, təhsil və inkişaf sahəsində gənclərə dəstək olan könüllü aksiyalara cəlb olunur. Bu fəaliyyətlər ona komanda işi, təşəbbüskarlıq və liderlik bacarıqları qazandırıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi olaraq burada gördüyü yüksək diqqət və qayğı sayəsində bir çox uğurlar əldə edib.
Gülay Kərimli deyir: “Məqsədim elmi biliklərlə silahlanmış, tənqidi düşünə bilən, Vətəninə və dəyərlərinə bağlı gənclər yetişdirməkdir. Mən müəllimliyi, sadəcə, bir peşə kimi deyil, cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs bir yol kimi görürəm. Bu yolun həm çətin, həm də böyük məsuliyyət tələb etdiyini anlayıram. Amma mən bu yolu sevə-sevə, inana-inana gedirəm. Çünki işığa doğru gedirsənsə, kölgə arxada qalacaq”.
Digər müsahibimiz Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisası üzrə IV kurs tələbəsi Muxtar Məmmədov bizimlə söhbətə qoşularaq deyir ki, 2022-ci ildə universitetə daxil olub. Bu illər ərzində yalnız akademik biliklərlə kifayətlənməmiş, eyni zamanda praktiki bacarıqlarını şəkilləndirməyə çalışıb. Peşəkar bacarıqlarının formalaşması istiqamətində gördüyü işlərdən danışan müsahibim deyir: “Naxçıvan Baş Gömrük İdarəsində Rəqəmsal İnzibatçılıq və Hədəf şöbələrində, ardınca isə Naxçıvan Regional “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərmişəm. Bu təcrübələr mənə idarəetmə, sənədlərlə işləmə, vətəndaş məmnuniyyəti və peşəkar ünsiyyət kimi bacarıqlar qazandırmışdır. Şəxsi təşəbbüsüm və təşkilatçılıq bacarıqlarım nəticəsində diplomatiya məzmunlu ixtisaslaşdırılmış tədbir keçirmişəm. Eyni zamanda universitet daxilində ictimai və elmi fəaliyyətlərimə xüsusi önəm verirəm. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərmişəm və hazırda fakültə üzrə TEC sədriyəm. Bundan əlavə olaraq Naxçıvan Dövlət Universitetinin Enactus komandasının vitse-prezidenti vəzifəsini icra edirəm. Eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsində Techno Club-un sədri və layihə meneceri kimi fəaliyyət göstərmişəm. Bu çərçivədə müxtəlif ideyaların layihəyə çevrilməsi, komanda işi, resursların idarə olunması və təşkilatçılıq bacarıqları üzrə müəyyən təcrübə qazanmışam. Əlavə olaraq universitet daxilində təlimlərə qoşulmuşam. Elmi məqalələrim beynəlxalq konfranslarda dərc olunmuş və nüfuzlu auditoriyalar qarşısında təqdim etmişəm. 2024-cü ildə “9th International Student Symposium”da The Impact of Climate Change on Global Logistics and Trade” mövzusunda, 2025-ci ildə isə “International Turkic World Economics Conference”da “Orta dəhlizin beynəlxalq ticarət və lojistikadakı rolu” mövzularında çıxışlar etmişəm.
Texnologiya sahəsinə olan marağım məni “Full Stack Developer” sahəsində inkişaf etdirmişdir. Technest Təqaüd Proqramında iştirak edərək 5000 AZN dəyərində təqaüd qazanmış və “Full Stack Developer” sahəsi üzrə bacarıqlarımı inkişaf etdirmişəm. HTML, CSS, JavaScript, React, Python, Django, SQL və API üzrə nəzəri biliklər almış və praktiki layihələr hazırlamışam. Bununla yanaşı, Canva, WordPress, Jotform kimi alətlərdə də sərbəst işləyə bilirəm. Bundan əlavə, NASA seminarlarında iştirak etmiş, 4IR Academy Nation Proqramı çərçivəsində beynəlxalq lisenziya almışam. Coders, Code Academy, Study Section, Saylor Academy, The Open University, Harvard University kimi platformalardan bir çox istiqamətlər üzrə kurslar tamamlamışam. Bank və startap sektorunda Azərbaycan Beynəlxalq Bank, Azər Türk Bank və ADP StartUp proqramlarında iştirak etmişəm.
Təkamül Academy və Robotex layihələri çərçivəsində də texnologiya və innovasiyalar sahəsində təlimlər almışam. Eyni zamanda Hüquq və iqtisadiyyat sahələrində də praktiki təcrübəmi artırmaq üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkil etdiyi “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya” adlı simulyasiyada iştirak etmişəm. Ekspert statusu kimi 1-ci yerə layiq görülmüşəm. Hazırda IELTS imtahanına hazırlaşıram”.
Gələcək məqsədindən danışan Muxtar Məmmədov deyir: “Avropada təhsil alaraq, diplomatiya sahəsində özümü inkişaf etdirərək gələcəkdə ölkəmi beynəlxalq tribunada təmsil etmək istəyirəm. Daim öyrənən, təşəbbüskar, məsuliyyətli və komanda ruhlu bir gənc kimi cəmiyyət üçün faydalı işlər görmək əsas prioritetimdir”.
İstedadlı gənc mütəxəssislər yetişdikcə elmimiz, ayrı-ayrı sahələrimiz də davamlı inkişaf yolunda olacaqdır. Bu yola işıq saçan ziyalılarımıza və onların gələcək davamçılarına uğurlar diləyir, daha böyük nailiyyətlər arzulayırıq.
Bülbül QULİYEVA
Digər xəbərlər