Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də elektrikli avtomobillərə maraq artır. Bu texnologiyanın əsas üstünlüyü ətraf mühitə verdiyi zərərin minimuma endirilməsidir. Elektrikli avtomobillər, onların ənənəvi nəqliyyat vasitələri ilə müqayisədə üstün cəhətləri və digər məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şüküfə Həsənova ilə həmsöhbət olduq. O bildirdi ki, belə nəqliyyat vasitələri ənənəvi benzin və dizel mühərrikli avtomobillərdən fərqli olaraq atmosferə zərərli qazlar buraxmır. Karbon dioksid emissiyasının azalması isə qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Bununla yanaşı, elektrikli avtomobillərin saxlanma xərcləri daxili yanma mühərrikli avtomobillərə nisbətən daha azdır. Enerji doldurmaq üçün sərf olunan xərc yanacaq xərclərindən dəfələrlə aşağı olur. Bundan əlavə, bu avtomobillər səssiz işlədiyi üçün şəhər səs-küyünün azalmasına da kömək edir. Sakit işləmə sistemi şəhərlərdə daha rahat və sağlam yaşayış mühiti yaradır. Bundan əlavə, elektrik enerjisi günəş və külək kimi bərpa olunan mənbələrdən əldə olunduqda avtomobillərin ekoloji faydası daha da artır. Müsahibimin sözlərinə görə, elektrikli avtomobillərdə istifadə edilən litium-ion batareyaların istehsalı üçün litium, kobalt, nikel kimi nadir metallar hasil olunur. Bu proses torpağın deqradasiyası, su resurslarının çirklənməsi və yüksək enerji sərfiyyatı ilə nəticələnə bilər. Bundan əlavə, istifadə olunmuş batareyaların utilizasiyası məsələsi də aktualdır. Əgər batareyalar təkrar düzgün emal olunmazsa, torpaq və su çirklənməsi riski yaranır. Lakin son illərdə batareyaların təkrar emalı texnologiyaları inkişaf edir və bu sahədə ekoloji riskləri minimuma endirmək üçün mühüm addımlar atılır.
Şüküfə Həsənovanın sözlərinə görə, ənənəvi daxili yanma mühərrikli avtomobillər havaya çoxlu miqdarda karbon qazı (CO₂), azot oksidləri (NOₓ) və digər zərərli maddələr buraxır. Elektrikli avtomobillərin geniş yayılması isə bu emissiyaları əhəmiyyətli dərəcədə azaldaraq iqlim dəyişikliyinin qarşısının alınmasına, hava keyfiyyətinin yaxşılaşmasını və səs çirkliliyinin azalmasını təmin edir.
“Orta hesabla bir elektrikli avtomobil illik 1,5-2 ton karbon emissiyasının qarşısını ala bilir. Bu, şəhərlərdə hava keyfiyyətini yüksəltməklə yanaşı, insan sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır”, – deyə müsahibim bildirdi. Onun sözlərinə görə, elektrikli avtomobillərin ekoloji üstünlüyü onların enerji ilə təmin olunduğu mənbədən asılıdır. Əgər enerji günəş, külək və hidroenerji kimi bərpa edilən mənbələrdən əldə olunarsa, karbon izi minimuma enir. Naxçıvanın yüksək günəş və külək potensialı bu baxımdan böyük üstünlükdür. Müsahibimiz vurğulayır ki, elektrikli avtomobillərin geniş tətbiqi yalnız ekoloji üstünlüklərlə məhdudlaşmır, bu həm də neft və benzin kimi fosil yanacaqlara olan asılılığı azaldır, iqtisadi səmərəliliyi artırır.
Naxçıvanda elektrikli avtomobillərin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb, yeni enerji doldurma məntəqələri yaradılır və sürücülər üçün daha rahat enerji təminatı qurulur. Bu proses regionun ekoloji baxımdan daha təmiz nəqliyyat sisteminə keçidini sürətləndirir. Nəticə etibarilə, elektrikli avtomobillər yalnız texnoloji yenilik deyil, həm də gələcək nəsillərə daha təmiz və sağlam dünya bəxş edə biləcək ekoloji həll yoludur.
Zəhra VƏLİYEVA
Digər xəbərlər