Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Taleyin ümidinə buraxılan Naxçıvanın xilaskarı
Ulu Öndər Heydər Əliyev: "1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş".
1990-cı il 22 iyul. ...Həmin gün böyükdən-kiçiyə hamı Naxçıvan Hava Limanına tələsirdi. Kimisi öz şəxsi avtomobilinə, kimisi isə sürücüsü olduğu avtobusa insanları toplayıb Naxçıvan şəhərinə yola düşürdü. Havanın temperaturunun 400C keçməsinə baxmayaraq, piyada gedənlər də var idi...
Şərurdan Ordubada kimi hər kəs Onu qarşılamaq üçün yollarda, meydanlarda toplaşmışdı. Müəllimin, memarın, mühəndisin, kəndlinin də gözlərində ümid və sevinc yaranmışdı həmin gün. Çünki naxçıvanlılar öz övladını yaxşı tanıyırdı. Bilirdik ki, o bizə Tanrının lütfüdür. Bu torpağın əliqabarlı sakinləri çox yaxşı bələd idi Heydər Əliyevin gücünə, Vətən sevgisinə. Həmin əliqabarlı sakinlər qapısındakı son quzusunu Vətən oğlunun ayağının dəydiyi torpaqda qurban kəsəndə, düşmən hücumunda evi dağılan sədərəklilər xarabaya dönən evlərinin uçqunu altından çıxardıqları salamat qalan tək əşya olan xalçalarını Heydər Əliyevin keçdiyi yola sərdi. Məhz həmin gün naxçıvanlılar qucaq açıb Vətən oğlunu bağrına basdı. Bu həmin günlər idi ki, aylardır, Sədərəkdə döyüşlər gedir, insanlar həm düşmənlə, həm də aclıqla mübarizə aparırdı. Gecə-gündüz qəlbimizdəki Vətən sevgisinin işığında torpağı qoruyur, bir addım belə geri çəkilmirdik. Belə çətin bir vaxtda, 1990-cı il iyulun 22-də Ulu Öndərin Naxçıvana qayıtması Azərbaycan xalqının taleyinə yazılan ən böyük xoşbəxtliklərdən biri oldu, həmin gün bizim qəlbimizdə doğulan Heydər Əliyev günəşinin şəfəqləri aləmə işıq saldı. Bəli, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Tariximizlə tanış olan hər kəs yaxşı bilir ki, respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında Ümummilli Lider daim xalqın yanında olub. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ulu Öndər öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olub, geniş vüsət alan inkişaf proseslərinə təkan verib.
Ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışıb və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadını bu xalqın rifahı yolunda fəda edib. 1990-cı illərdə Naxçıvanda yaşayan hər bir sakin yaxşı dərk edirdi ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar kimi göndərib.
Naxçıvan Vətən oğlunu sevinclə qarşılayanda Bakıda nələr baş verirdi?
Naxçıvan Ulu Öndəri bağrına basanda Ona Bakıda yaşamağa imkan verməyən “siyasətçilərin” sayəsində cərəyan edən proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Ölkədə idarəçiliyin itirilməsi, yaşayış səviyyəsinin getdikcə pisləşməsi, Ermənistanın hərbi təcavüzü və siyasi hərc-mərclik xalqımızın sabaha olan ümidlərinin tükənməsinə səbəb olmuşdu. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da parlament seçkilərində Naxçıvan sakinləri Ümummilli Lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdü. Ümummilli Lider Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi.
Beləliklə, 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların təkidi ilə dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi altında öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev o dövrdə Naxçıvanda baş verən hadisələr barədə deyib: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi”.
Ulu Öndərin rəhbərliyi ilə o illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edildi.
Sovetlər birliyinin yadından çıxmış, unudulmuş Naxçıvanda sovetlərin əcəl zəngi çalındı. Məhz Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi. Üçrəngli bayraq qədim yurdda Vətən oğlu Heydər Əliyevin əllərində göylərə ucalıb Azərbaycanın başı üzərində dalğalandı.
Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində Ümummilli Liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı ilk çıxışında Ulu Öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Bugünkü müzəffər Ordunun təməli həmin illərdə atıldı
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Onun televiziya ilə sakinlərə müraciəti naxçıvanlıları birliyə səsləməsi səngərdə döyüşən əsgəri də, özü ac yatıb çörəyini səngərdəki əsgərə göndərən qadınlarımızı da gücləndirdi, gələcəyə ümidini artırdı.
Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərə hərə öz köməyini göstərdi. Məğrur, qeyrətli Azərbaycan qadını gündüzlər çörək bişirib, gecələr çıraq işığında səhərə kimi yun corab toxuyub soyuq səngərlərdə dayanan Vətən oğullarına göndərdi. Və biz bir olub torpağımızı qoruduq. Naxçıvanı qorumaqla qalmayıb müasir, müstəqil Azərbaycanın təməlini burada atdıq.
Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunub, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada milli ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulub.
Bir ideya ətrafında birləşən azərbaycanlılar
Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, Ulu Öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər edib, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb. İmzalanan protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilib, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlayıb. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları açılıb.
Biz torpağı qorumağı da, əkib-becərməyi də yaxşı bacarırıq
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Ümummilli Liderin diqqət mərkəzində olub. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə gətirib çıxarıb. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olub. Beləliklə, Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılıb.
Gələcəyin partiyasının əsası Naxçıvanda qoyulub
Ölkəmizin ən nüfuzlu, qüdrətli və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması da böyük şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib.
Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub, Ali Sovetin sessiyalarında iştirak edib. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında Ulu Öndər Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan edib, dağılmaqda olan sovet ittifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürüb, prinsipial və konkret fikirlər söyləyib, təkliflər verib, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan edib.
Qurtuluşa gedən yol Naxçıvandan başladı
Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin diletantlığı üzündən qardaş qanı tökülməsinin qarşısı alındı.
1993-cü ilin yayında qardaş qanı tökülüb, vətəndaş müharibəsinə rəvac verilib, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirilib. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ulu
Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib. Xalqın davamlı çağırışlarını nəzərə alan görkəmli dövlət xadimi
Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Vətənin xilası, xalqın qurtuluşu naminə atılmış addım idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ali hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olub. Həmin gün Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi həkk olunub.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırıb, qanunun aliliyi təmin olunub, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edilib, müasir idarəçilik sistemi yaradılıb, vətəndaş həmrəyliyi bərpa olunub, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılıb. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz Ulu Öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır.
Özü qədər inandı
Bəli, Onun əsasını qoyduğu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Arzuları həqiqətə çevrildi. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, onun ayrılmaz hissəsi olan Naxçıvan isə Turana qapıdır. Azərbaycan artıq təkcə regionun lideri yox, dünyada söz sahibinə çevrilib.
Bu gün bizi 22 iyul 1990-cı ildən 35 illik bir zaman kəsiyi ayırır. Xalqımıza bu gözəl günləri bəxş edən, “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən Vətən oğlu Heydər Əliyev, 35 il öncə Onu qarşılamaq üçün yollarda gözləyən, “Heydər
Əliyev gəldi artıq bizə heç kim güc gələ bilməz”, – deyən anaların, nişanlısı şəhid olduğu üçün onun son yadigarı olan nişan üzüyünü silah alınması üçün müdafiə fonduna bağışlayan gülüzlü gəlinlərin, Azərbaycanın ən çətin günündə “Heydər baba, xalqı bu bəladan qurtar”, – deyib çağırış edən insanların bir çoxu bu dünyada olmasa da, Turana qapı olan məğrur duruşlu Naxçıvana, Şuşada dalğalanan üçrəngli, ay-ulduzlu bayrağa baxan, yurduna qayıdan xocalılının, ağdamlının sevincini görən, sorağı dünyanın ən nüfuzlu təhsil ocaqlarından gələn gəncləri izləyən ürəyi vətən sevdalı hər bir azərbaycanlı dahi rəhbəri və Onun ətrafında birləşib yumruq olan vətənpərvər insanlarını qürurla anır. Bəli, həmin illərdə Naxçıvanda Ulu Öndərin ətrafında birləşən xalqın düyünləyib göyə qaldırdığı yumruq dəmirə dönüb Vətən savaşında düşmənin başına çırpılıb onu darmadağın etdi. Biz Onun arzuladığı kimi Şuşaya getdik, Kəlbəcərin sərin bulaqlarından su içdik, Ağdamda muğam dinləyib, Xocalıya ədalət gətirdik.
35 il öncə Naxçıvanda təməli atılan müasir Azərbaycan inkişaf etdi, bir oldu, bütöv oldu, müstəqil, azad oldu. Bu xalq müzəffər oldu, qalib oldu.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər