Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Müasir dövrdə mədəniyyətlərarası əlaqələrin güclənməsi təhsildə də özünü göstərir. Artıq Azərbaycan məktəblərində müxtəlif millətlərdən olan şagirdlər təhsil alır ki, bu da uşaqlar arasında dostluq, qarşılıqlı hörmətin bariz nümunəsidir. Biz də “Şərq qapısı” qəzeti olaraq yollandıq Naxçıvan şəhəri Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbə: səs-küylü məktəb həyəti, uşaqların dərsə tələsməsi, gülüşləri...
Diqqətimizi isə məktəbin 6-cı sinif şagirdləri cəlb edir. Onların içərisində sakitliyi, gülər üzü və fərqli görkəmi ilə fərqlənən qız ətrafındakıların diqqətini özünə çəkirdi. Elə bir aura ilə əhatə olunmuşdu ki, hamı ona heyranlıqla baxır, amma o özünə xüsusi diqqət çəkmək istəmirdi. Koreyalı bu şagird hər kəsin maraqla danışdığı, amma səssizcə öz dünyasında olan biri kimi parlayırdı...
Yanına yaxınlaşdığımızı görəndə bizi təbəssümlə qarşılayır. Zəng çalınır, digər sinif yoldaşları ilə birgə sinifə daxil olur. Qısa, amma çox şirin bir söhbət yaranır aramızda. 11 ildir, Naxçıvanda yaşayan Kim Samonqun adı elə arzuladığı kimi Arzudur. Bu anda diqqətimizi çəkən məqam onun Azərbaycan dilində danışarkən göstərdiyi nəzakət və dilimizi səlis şəkildə danışmağı oldu. Azərbaycan dilindən o qədər gözəl, mükəmməl istifadə edirdi ki, həqiqətən, heyranlıqla baxmağa başladıq.
Söhbət əsnasında öyrəndik ki, Arzu Koreyada anadan olub. 2 aylıq olarkən ailəsi ilə birlikdə Naxçıvana köçüb və burada böyüyüb. Arzu haqqında maraqlı olan sualların cavabını elə öz dilimizdə ona ünvanladıq. “Azərbaycan dilini öyrənmək və bu şəhər yaşamaq sənin üçün necə bir hissdir” sualımıza cavabı belə oldu: “Azərbaycan dilini öyrənmək çox maraqlıdır və bu şəhəri çox sevirəm. Burada olmaq çox xoşdur, hər şey çox gözəl və insanları dostcanlıdır”.
Onun gözlərindən Naxçıvanı necə sevdiyi, bu həyəcanı necə hiss etdiyini görmək mümkün idi. Öyrəndik ki, sinif yoldaşları onunla dostluq edir və çətinlik çəkdiyi anlarda ona kömək edirlər, özünü yad kimi hiss etməsinə imkan vermirlər. Arzu Azərbaycan dilini öyrənmə prosesinin onun üçün nə qədər maraqlı və zəngin təcrübə olduğunu deyir: “Hər gün yeni sözlər öyrənirəm və bu mənim dərsləri daha yaxşı başa düşməyimə şərait yaradır. Ən sevdiyim dərslər isə təsviri incəsənət və bədən tərbiyəsidir”.
Uzun illərdir, Naxçıvanda yaşayan Arzu həm də xüsusi istedada malikdir, möhtəşəm əl qabiliyyəti var və gözəl rəsmlər çəkir. Onun arzusu gələcəkdə rəssam olmaqdır. O artıq adət-ənənələrimizi də bilir: “Ən sevdiyim bayramlarda biri Novruz bayramıdır. Novruzun rəmzi olan kosa və keçəli, boyanmış yumurta döyüşdürməyi, bayram şirniyyatlarını çox sevirəm”.
Arzu asudə vaxtlarında isə muxtar respublikanın digər rayonlarını da gəzir: “Naxçıvanı, xüsusilə Ordubadı çox sevirəm. Bu qədim yurd yeri marağımı daha çox cəlb edir. Həmçinin Naxçıvanın digər rayonlarını da tanımaqdan böyük zövq alıram”.
Naxçıvanda təhsil alan koreyalı qız, sadəcə, bir şagird deyil. O həm də uşaqlar arasında dostluğun, mədəniyyətlərin birləşməsinin canlı nümunəsidir. Bu isə dövlətlərarası əlaqələrin möhkəmliyinə və Naxçıvanın xarici vətəndaşlar tərəfindən çox sevildiyinin göstəricisidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər