NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda 98 qida zəhərlənməsi halı qeydə alınıb

...

Naxçıvanda cari ilin üç ayı ərzində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan nöqsanların olduğu 1 qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyekt fəaliyyətinə yenidən başlayıb.

Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, restoran və kafelərdə aparılan yoxlamalar üzrə 17 ictimai iaşə müəssisəsində yol verilən pozuntular, əsasən, sanitar-gigiyenik norma və qaydalara əməl olunmamasından irəli gəlib.

Qida zəhərlənməsi ilə bağlı daxil olmuş 98 müraciətə əsasən araşdırma aparılıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. Zəhərlənmələrin çox hissəsi məişət şəraitində (təxminən, 80 faizi, əsasən, ev şəraitində konservləşdirilmiş pomidor, xiyar turşusu, çiriş bitkisi və həmçinin istifadə qaydalarına düzgün əməl olunmayan digər məhsullar) hazırlanmış məhsullardan baş verib.

"Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida obyektlərində nəzarət tədbirləri davam etdirilir və mütəmadi monitorinqlər aparılaraq pozuntuların aradan qaldırılması təmin olunur", – deyə məlumatda bildirilib.

Nəşr edilib : 09.04.2026 10:55