Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Aprelin 3-də Naxçıvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin VII sinif şagirdi Aliyə Abutalıblının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Səssizlikdən doğan musiqi” adlı solo konserti keçirilib. Gənc ifaçı səhnədə nümayiş etdirdiyi yüksək ifaçılıq bacarığı və səhnə mədəniyyəti ilə tamaşaçıların böyük rəğbətini qazanıb. Konsertboyu səsləndirilən əsərlər Aliyənin musiqiyə olan dərin bağlılığını və daxili dünyasının zənginliyini aydın şəkildə əks etdirir. Onun fortepiano arxasında sərgilədiyi həssas və peşəkar ifa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Aliyənin musiqiyə olan marağı hələ uşaqlıq illərindən özünü göstərməyə başlayıb. Səsə, ahəngə və musiqiyə qarşı xüsusi həssaslığı valideynlərinin də diqqətini cəlb edib və onun bu sahədə təhsil almasına şərait yaradılıb. Həmin dövr ərzində müxtəlif tədbirlərdə, konsert proqramlarında və müsabiqələrdə uğurla iştirak edən gənc ifaçı bir sıra fəxri fərmanlar, diplomlar və mükafatlarla təltif olunub. Bu uğurlar onun seçdiyi sənət yolunda nə qədər əzmli və məqsədyönlü olduğunu bir daha göstərir.
Konsertin sonunda öz ifası ilə bağlı təəssüratlarını bizimlə bölüşən Aliyə Abutalıblı qeyd etdi ki, bu səhnədə çıxış etmək onun üçün həm həyəcanlı, həm də qürurverici oldu. O bildirib ki, konsertə ciddi məsuliyyətlə yanaşıb və səhnəyə çıxan andan etibarən bütün diqqətini musiqiyə yönəldib. “İlk anlar həyəcanlı idim, lakin ifaya başladıqca bu hisslər arxa planda qaldı. Tamaşaçıların diqqəti və alqışları isə mənə əlavə güc verdi”,– deyə o vurğulayıb.
Gənc ifaçı qeyd edib: “Bu mənim ilk solo konsertim idi və uzun müddət bu gün üçün hazırlaşmışdım. Səhnədə olmaq mənim üçün çox dəyərli təcrübə oldu. Bu yolda mənə dəstək olan müəllimlərimə və valideynlərimə dərin minnətdarlığımı bildirirəm”.
Həmçinin istedadlı fortepianoçu sonda əlavə edib ki, musiqi onun üçün,sadəcə, bir sənət deyil, daxili dünyasını ifadə etdiyi ən səmimi vasitədir. O, gələcəkdə də bu sahədə daha böyük uğurlar qazanmaq, Azərbaycan musiqisini layiqincə təmsil etmək üçün əzmlə çalışacağını bildirib və ona dəstək olan hər kəsə təşəkkürünü çatdırıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər