NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvana maneəsiz gediş-gəlişə yaşıl işıq

...

Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda baş tutan ikitərəfli, üçtərəfli görüşlər regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə vasitəsilə həm sülhə, həm də qarşılıqlı əməkdaşlığa dair mühüm qərarlar qəbul etdilər.
Bu sənədin əhəmiyyəti təkcə iki ölkə arasında illərlə davam edən gərginliyin azaldılması ilə məhdudlaşmır. Burada ən diqqət çəkən məqam Azərbaycanın digər bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Bu sadəcə bir nəqliyyat məsələsi yox, illərdir ayrı düşən torpaqların bir-birinə qovuşması, iqtisadi əlaqələrin canlanması, turizmin inkişafı və bölgənin sosial rifahının yüksəlməsi deməkdir.
Naxçıvanda yaşayan və ya ölkəmizin digər ərazisinə tez-tez səfər etmək istəyən insanlar üçün bu olduqca əlamətdar hadisədir. Bu baxımdan uzun illər ərzində mövcud olmuş məhdudiyyətlər yalnız iqtisadi inkişafı deyil, həm də insanların bir-birləri ilə əlaqələrini zəiflədir, bölgələr arasında  məsafə yaradırdı. İndi isə bəyannamədə qeyd olunan “maneəsiz bağlantı” ifadəsi gələcək üçün inamlı bir mesajdır.
Bəyannamədə digər mühüm məqam isə ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləğv edilməsi ilə bağlıdır. Bu artıq köhnə danışıq masalarının bağlanması və yeni, real addımlara əsaslanan münasibətlərin qurulması anlamına gəlir. İllərlə davam edən, amma nəticəsi görünməyən diplomatik proseslər artıq tarixdə qalır. Bu, tərəflərin gələcəyə yönəlmək və real əməkdaşlıq yolları axtarmaq niyyətində olduğunu göstərir.
Bəyannamədə əksini tapan digər bir məqam isə regiondakı bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipidir. Bu bənd xüsusilə önəmlidir, çünki məhz bu prinsip olmadan uzunmüddətli sülhün təmin olunması mümkün deyil. Əgər dövlətlər bir-birinin sərhədlərinə hörmət edərsə, qarşılıqlı etimadın təməli də möhkəmlənəcək.
Bu bəyannamədə diqqət çəkən bir digər detal “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi ilə bağlı razılaşmadır. Həmin layihə, Ermənistan ərazisindən keçəcək beynəlxalq nəqliyyat bağlantısının çərçivəsini müəyyənləşdirəcək. Belə bir layihə həm iqtisadi, həm də siyasi baxımdan regionu dünyaya daha çox açacaq, izolyasiyanı azaldacaq və ticarət yollarını şaxələndirəcək. Ən əsası isə bəyannamədə vurğulanan “keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək” ifadəsidir. Bu cümlə əslində bütün sənədin ruhunu əks etdirir. İllərdir davam edən qarşıdurmalar, insanların həyatında dərin izlər buraxıb. İndi isə həm siyasi rəhbərlərin, həm də xalqların qarşısında yeni bir fürsət var və  bu fürsəti itirmək olmaz. İnanırıq ki, sənəddə yer alan və xalqımızın milli maraqlarına uyğun olan bütün müddəalar tez bir zamanda  həyata keçəcək.
Vaşinqtonda keçirilən bu görüş yalnız diplomatik hadisə deyil, həm də gələcəyə dair bir ümid mesajıdır. Çünki sülh, sadəcə silahların susması deyil, həm də insanların rahat və azad şəkildə yaşaması, bir-biri ilə əlaqə saxlamasıdır. Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması da məhz bu anlayışın parlaq nümunəsidir. Birgə Bəyannaməni regionun tarixində yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirmək olar. Nəhayət ki, Cənubi Qafqaz illərdən sonra sülhün, əməkdaşlığın və inkişafın ünvanına çevriləcək.

Elnurə CƏFƏRLİ

Nəşr edilib : 09.08.2025 21:44