Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Naxçıvan Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında artıq ənənəvi bir hala çevrilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan "Bədii yaradıcılıq müsabiqə- festivalı" keçirilib. Yaradıcılıq müsabiqəsi çərçivəsində Naxçıvana səfər edən münsiflər heyətinin tərkibində dəyərli incəsənət xadimlərimiz də yer alıb. Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova keçirilən müsabiqə festivalından sonra öz fikirlərini "Şərq qapısı" ilə bölüşüb.
"Bu gün bizə doğma və əziz olan Naxçıvanımızdayıq. Mən bura hər dəfə gələndə buranın gözəlliyini vurğulayıram. Bu yeniliyi, gözəlliyi, təşkilatçılığı açıqdan hiss edirik. Bilmirəm nədəndir, amma Naxçıvana hər dəfə gələndə bütün əhvalım dəyişir, sevinc hissi yaşayıram. Naxçıvanın havasındandır, insanlarının mehriban münasibətindəndirmi bilmirəm. Naxçıvan Dövlət Universitetinə, xüsusilə də Elbrus müəllimə öz təşəkkürlərimi bildirirəm. Qəlblər gözəl olanda burada iş prosesi, təhsil, kollektivçilik, səmimiyyət, hörmət, mehribanlıq, mədəniyyət yüksək olur. Bizim Naxçıvana səfərimizdə Naxçıvan Dövlət Universitetinin rolu danılmazdır, buna görə başda rektor olmaqla bütün universitet kollektivinə təşəkkür edirəm. Bu gün də hər il olduğu kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən yaradıcılıq müsabiqəsinin seçim turundayıq. Universitetin səhnəsini istedadlı gənclər bəzəyir. Çox gözəl hazırlıq prosesi var. Azərbaycanımızın musiqisinə, incəsənətinə uyğun olaraq böyük məsuliyyətlə hazırlaşıblar. Onu da qeyd etmək lazımdır ki, bu tələbələrin əksəriyyəti qeyri-peşəkardırlar. Əksəriyyəti incəsənətdən kənar, başqa-başqa fakültələrin tələbələridir. Lakin buna baxmayaraq, onlar çox istedadlıdırlar, məhz elə bizim məqsədimiz də həmin istedadları üzə çıxarmaqdır. Biz bu gün də çox gözəl istedadlar kəşf elədik. Konsertin açılışında Elbrus müəllimin öz iştirakı, kiçik konsert proqramının bizə təqdim olunması bunlar hamısı sevgidən, hörmətdən və diqqətdən irəli gəlir. Biz bir çox universitetlərdə oluruq, müxtəlif cür qarşılanmalar görürük. Naxçıvan isə bizim gəlişimizdə özünəməxsus yer tutur. Mənə Naxçıvana gedirik deyiləndə həmin günə olan iş qrafikimi təxirə salıb, mən mütləq Naxçıvana getməliyəm deyirəm. Bizim bütün münsiflərimizin fikri eynidir, hər birimiz sevə-sevə Naxçıvana gəlirik. Həm işimizi sevirik, həm sizləri, həm də bu universiteti. Bunların hər biri bir-birini tamamlayır. Bir daha Naxçıvanda, bu universitetdə olduğumuz üçün çox şadıq. Mən istedadlı gənclər arasından artıq gözəl ifalar seçdim, onlardan biri də Ataxan Quliyevdir. Səhv etmirəmsə, o, fizika və riyaziyyat üzrə təhsil alır, lakin buna baxmayaraq, sanki o əsl xanəndədir. İnanıram ki, mən ona gözəl bir yer verəcəyəm. Rəqslər, aşıq musiqiləri, bədii qiraətlər hər biri çox gözəldir. Mən sizə uğurlar arzulayıram, təhsillə bərabər olaraq mədəniyyətimizə olan sevgi bu gün Naxçıvan Dövlət Universitetində öz əksini tapır".
Rafiq TƏHMƏZ
Digər xəbərlər