NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın “Xaqani” poemasının təqdimatı keçirilib

...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigarın “Xaqani” poemasının təqdimatı keçirilib. 
Təqdimat başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq Asim Yadigarın imzasının ədəbi ictimaiyyətə və geniş oxucu kütləsinə yaxşı tanış olduğundan və əsərlərinin həmişə sevilərək oxunduğunu qeyd edib. Bu əsərlərin bir sıra xarici dillərə tərcümə olunduğundan söz açan kitabxana direktoru  “Xaqani” poemasını böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi ərəfəsində tarixi şəxsiyyətə və klassik ədəbi irsimizə verilən ən dəyərli töhfə kimi qiymətləndirib. 
Naxçıvan Dövlət Universitetinin Dilçilik kafedrasının müəllimi, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Asim Yadigarın yaradıcılıq yolu”, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyat, Dil və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “Xaqani poemasının mövzusu və ideya xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova “Xaqani poemasının bədii xüsusiyyətləri” və Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova “Poemanın mənəvi əhəmiyyəti” adlı mövzularla çıxış edərək bildiriblər ki, Asim Yadigar müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xəti olan sənətkarlardandır. Müəllif "Qisas qiyamətə qalmaz”, "Əgrək və Səgrək”, "Sarı gəlinlər”, "Bir gecənin ağrısı”, "Kalba Musa çeşməsi”, "Talesizlər”, "Kədərə heykəl”, "Mənə söz verin”, "Bahar”, "Oğul dağı” və s. əsərlərin müəllifidir. Şairin yaradıcılıq yolu, dilinin bədiiliyi və bənzərsiz üslub xüsusiyyətləri gənc qələm sahibləri üçün bir məktəb rolunu oynayıb. Asim Yadigarın “Xaqani” poemasında dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin fəlsəfi dünyası və çətin, lakin şərəfli ömür yolu işıqlandırılıb. Əsərdə klassik irsimizə, milli dəyərlərimizə və tarixi köklərimizə sadiqlik ideyası yüksək səviyyədə təsvir olunub. Şair poemada bədii təsvir və ifadə vasitələrindən, metaforalardan və axıcı qafiyələrdən istifadə edərək oxucunu vizual olaraq o dövrün mühitinə aparır. “Xaqani” poemasında saray mühitindən uzaqlaşıb haqsızlığa qarşı vuruşan və xalqın sevdiyi ləyaqətli bir insanın həqiqi mənəvi obrazı canlandırılır.
Sonra müəllif kitabın ərsəyə gəlməsindən danışıb, təqdimat üçün kitabxana rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək kitabı tədbir iştirakçılarına təqdim edib.

Nəşr edilib : 04.06.2026 16:43