Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yollar dünyada həsrətin başlanğıcı, vüsalın adıdır. O yollar ki insanları bir-birinə qovuşdurur. Hərənin isə gözlədiyi bir yol var. Kimisi uzaqlarda olan oğlu, qızının, kimisi atasının, anasının yolunu gözləyir. Amma yollara dikilən baxışlar təkcə insanlara aid deyil, torpaq da yol gözləyir, onun da həsrətində qaldığı əzizləri olur. İllərlə Qarabağımız da öz əzizlərinin yolunu gözlədi. Həsrətdən gözlərinə qor düşdü. Vüsalına qovuşanda bağrına basdı öz əzizlərini. Şuşanın, Laçının, Kəlbəcərin yollara dikilən gözlərinə 2020-ci ildə nur gəldi. Çünki igid oğulları öz canları ilə ona gələn yolları qarış-qarış düşməndən azad etmişdilər. Artıq beş ildir ki, yollar bizi qələbəyə aparır. Zəfər yolu doğmalarını öz əziz yurdlarına qaytarır. Addım-addım şəhid qanı ilə geri qaytarılan o yolların sonundakı günəşin şəfəqləri bütöv Azərbaycanı işıqlandırır. 30 illik intizar bitib artıq.
Bu illər ərzində gözləri yolda olan təkcə Qarabağ deyildi, qədim yurdum Naxçıvanın da gözləri yollarda idi. Düşmən təcavüzü onu da öz anasından ayırmışdı. O da 33 ildir ki, həsrətlə yol gözləyir. Həsrətli baxışları illər öncə sinəsi üstündən ötüb keçən son qatarın getdiyi yollara dikilib. Bəli, illərlə həsrətlə göylərə baxdıq biz. Son ümidimiz təyyarələrə qaldı həmin qara gündən sonra. Naxçıvana gələn qatarların, avtomobillərin qarşısını kəsən düşmən insanları əsir aldı. Talan etdi qatarları. Və həmin gündən çətin dövrü başladı Naxçıvanın. Ana Vətəndən ayrı düşən Naxçıvan düşmən hücumuna məruz qaldı, qazsız, işıqsız hətta çörəksiz oldu, amma baş əymədi düşmənə, blokadada olsa da, gözəlləşdi, müasirləşdi.
Və xalqımızın Ümummilli Liderinin, o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində böyük qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, torpaqlarımızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış Birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı.
Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək.
1923-cü ildə Mustafa Kamal Atatürkə “Paşam Naxçıvan barədə niyə bu qədər dönməz və qətiyyətlisiniz” sualı veriləndə Atatürk demişdir: “Çünki əminəm ki, Azərbaycan bir gün haqqı olan müstəqilliyi yenidən qazanacaq və Naxçıvan Türkiyəni Azərbaycanla bağlayacaq, Türkistana qapı olacaq”. Həmin gün elə bu gündür. Bəli, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi həmin günə az qalıb. Vətən müharibəsindən sonra qazanılan zəfərin sayəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan əzəli torpağımız olan Zəngəzur dəhlizi vasitəsi ilə Türk dünyasına açılan qapı, türk respublikalarını bir-birinə birləşdirən körpü olacaq. Ümidlərin, xəyalların gerçəyə döndüyü körpü.
Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Ümummilli Liderimizin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün Ulu Öndərimizin işıqlı yolu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük nailiyyətlərlə davam etdirilir. Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər