Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ötən günlərdə xəbər verdiyimiz kimi, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) idmançısı Sevinc Əliyeva güləş üzrə 20 yaşadək qızlardan ibarət milli komandamızın seçim xarakterli məşq toplanışında iştirak edib. Məşqçi heyətinin etimadını qazanan idmançı milli komandanın heyətinə daxil edilib. Qeyd edək ki, Sevinc Əliyeva ötən ildən etibarən güləşlə məşğuldur. UGİM-də məşqçi-müəllim Orxan Əsgərovun başçılığı ilə keçirilən məşqlərdə davamlı olaraq iştirak edən idmançı qısa müddətdə fiziki və taktiki inkişafa nail olub. İdmançı əvvəllər atletikanın qaçış növündə muxtar respublika və ölkə birinciliklərində müxtəlif nəticələr əldə edib. Biz də Sevinclə görüşüb təəssüratlarını öyrəndik. İlk sualımız belə oldu:
– Naxçıvan tarixində ilk qadın güləşçi kimi milli komandada yer almaq sənə hansı məsuliyyəti yükləyir? Bu xəbəri eşidəndə nə hiss etdin?
– Milli komandaya daxil olmaq mənim ən böyük arzum idi. Bu xəbəri eşidəndə həm sevindim, həm kövrəldim, həm də özümlə qürur duydum. Bu uğur məndə böyük məsuliyyət hissi yaradır ki, milli komandanın və müəllimlərimin adını doğruldum, Naxçıvanı layiqincə təmsil edim.
– Güləşə başlamaq qərarını necə verdin? Bu idman növünə marağın necə yarandı?
– Artıq uzun illərdir, idmanla məşğul oluram. Atletikanın qaçış növü üzrə dəfələrlə respublika və digər turnirlərin iştirakçısı və mükafatçısı olmuşam. Güləş də sevdiyim idman növlərindən biridir. Məni ilk dəfə güləş məşqinə müəllim Nihad Muradov dəvət edib. Daha sonra Orxan Əsgərovun rəhbərliyi altında məşqlərimi davam etdirmişəm və bu sahədə uğur qazanacağıma inanmışam. Zaman keçdikcə bu idman növünə marağım artıb, güləşi sevmişəm, hazırda onu böyük sevgi və həvəslə davam etdirirəm.
– Cəmi bir ildir, güləşlə məşğul olmağına baxmayaraq, belə bir uğur qazanmağının sirri nədədir?
– Düşünürəm ki, güləş idman növləri arasında ən çox səbir, dözümlülük və əzmkarlıq tələb edən sahələrdəndir. Mən də bu keyfiyyətləri özümə əsas prinsip seçərək məşqlərə davamlı şəkildə qatılmışam. Məşqçilərim Orxan Əsgərov və Faiq İsgəndərovun mənə öyrətdiklərini böyük məsuliyyətlə yerinə yetirməyə çalışmışam. Son bir il ərzində bütün vaxtımı güləşə həsr etmiş, bu dövrü ciddi nizam-intizamla keçirmişəm. Qazandığım uğurun əsas sirrini də məhz bunda görürəm. Bu yolda Orxan müəllim mənim üçün ən böyük dəstəkçi olub. O, üzərinə düşən bütün vəzifələri böyük səylə və layiqincə yerinə yetirir, mənimlə fiziki, taktiki və psixoloji baxımdan hərtərəfli məşğul olur. Üzərimdə əziyyəti çoxdur. Fürsətdən istifadə edərək məşqçim Orxan müəllimə dərin təşəkkürümü bildirmək istəyirəm.
– Əvvəllər atletika ilə məşğul olmağın güləşə keçid prosesində sənə hansı üstünlükləri və çətinlikləri qazandırdı, eləcə də seçim xarakterli milli komanda məşq toplanışında sənə ən çox çətin olan məqamlar nələr oldu?
– Uşaq yaşlarımdan idmanla məşğul olduğum üçün atletikadan güləşə keçid mənim üçün müəyyən qədər çətin olsa da, bu məşqlərin öhdəsindən gəlməyi bacardım. Sadəcə, bunun üçün bir az zaman və səbir lazım idi. Atletika ilə məşğul olduğum dövrlərdən güləşə həvəsim var idi. Zaman keçdikcə bu idman növünə olan marağım daha da artdı və özümə inanaraq məhz bu sahəyə yönəldim. Milli komandanın seçim xarakterli məşq toplanışında isə ciddi bir çətinliklə qarşılaşmadım. Sadəcə, ilk dəfə qadınlarla güləşdiyim üçün bir qədər həyəcanlı idim. Bu da müəyyən mənada psixoloji baxımdan mənə çətinlik törədirdi. Düşünürəm ki, insan, ilk növbədə, özünə inanmalı və qarşısına məqsəd qoymalıdır. Bu sahədə qadınların sayı kişilərə nisbətən azdır, amma bu, qadınların güləşlə məşğul ola bilməyəcəyi anlamına gəlmir. Sadəcə, səbirli olmaq, davamlı məşq etmək və öz üzərində işləmək lazımdır.
– Qarşıdakı dövr üçün əsas hədəflərin və milli komanda ilə bağlı arzuların nələrdir? Ailən və yaxınlarının bu uğura münasibəti necədir?
– Əsas hədəfim qarşıda məni gözləyən turnirlərdə, eləcə də ölkəmizi təmsil edəcəyim Avropa və Dünya çempionatlarında qalib olmaqdır. Milli komanda ilə bağlı ən böyük arzum isə hər zaman olduğu kimi, xarici ölkələrdə bayrağımızı yüksəklərə qaldırmaq və Azərbaycan himnini səsləndirməkdir. Ailəm bu uğura ən az mənim qədər sevindi. Bu yolda ən böyük dəstəkçim isə anam olub. O heç vaxt mənə olan inamını itirməyib. Ailəmin dəstəyi mənim üçün çox böyük önəm daşıyır.
– Naxçıvanı beynəlxalq arenada təmsil etmək sənin üçün nə ifadə edir və sonda idmana yeni başlayan qızlara hansı tövsiyələri vermək istərdin?
– Bu mənim üçün ən böyük fəxr və qürur mənbəyidir. Naxçıvanı və Azərbaycanı layiqincə təmsil etmək, bayrağımızı dalğalandırmaq isə ən böyük arzumdur. Bu yolda yeni başlayan həmyaşıdlarıma idmanın hansı növünü seçirlərsə, bu sahədə məqsədlərinə çatmaq üçün həvəsli, əzmkar və səbirli çalışmalarını, arzularına çatmaq üçün böyük səy göstərmələrini tövsiyə edərdim.
Sevincə müsahibə üçün təşəkkür edirik. İnanırıq ki, əldə etdiyi bu tarixi uğur gələcək fəaliyyətində daha böyük nailiyyətlərin başlanğıcı olacaq və o bundan sonra da Naxçıvanı və Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər