NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan şahmatının yeni qəhrəmanı – 11 yaşında ustalığa namizəd

...

Naxçıvan Muxtar Respublikasının şahmat tarixində daha bir əlamətdar hadisə yaşanıb. İstedadlı şahmatçı Yasin Əzimov növbəti uğura imza atıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən ona CM – Candidate Master (Ustalığa namizəd) dərəcəsi verilib. Bu, Naxçıvan şahmatı üçün xüsusi əhəmiyyət daşıyan hadisədir, çünki Yasin bu titulu cəmi 11 yaşında qazanıb. Sevindirici xəbər təkcə Yasin Əzimovun ailəsi üçün deyil, ümumilikdə, Naxçıvan şahmat ictimaiyyəti üçün də böyük qürur mənbəyinə çevrilib. Biz də onunla görüşüb söhbətləşdik. Öyrəndik ki, Yasin son illər ərzində həm yerli, həm də beynəlxalq turnirlərdə bir sıra mühüm nailiyyətlər qazanıb. Hazırda onun FIDE reytinqi 2058-dir. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan şahmatçı 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatında (9 yaşlı oğlanlar arasında) qitə birinciliyinin qalibi olaraq böyük uğura imza atıb. Yasin deyir ki, şahmata marağı hələ uşaqlıqdan yaranıb: 
“Şahmatın sirlərini ilk olaraq atamdan öyrənmişəm. Həm dərslərimə, həm də şahmata eyni məsuliyyətlə yanaşmağa çalışıram. Yarışlar bəzən stresli keçsə də, özümə inanıram, əzm və iradə ilə çalışıram. Bu yolda ən böyük dəstəkçilərim müəllimlərim və valideynlərimdir. Onların dəstəyi mənə daim güc verir. Bu yaşda CM dərəcəsi almağım mənim üçün böyük stimul oldu. Gələcək yarışlarda da daim qalib olmağa çalışacağam”.
Qeyd edək ki, bu günə qədər Naxçıvan Muxtar Respublikasında 1 qrosmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim və 2 FIDE hakimi rəsmi titul sahibi kimi qeydiyyata alınıb. Biz də Yasinə növbəti turnirlərdə uğurlar arzulayırıq. Qarşıda onu daha yüksək zirvələr, böyük yarışlar və yeni titullar gözləyir. Ən əsası isə  istedadlı  Yasinin böyük şahmat yolu hələ yeni başlayır…

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 15.07.2025 11:06