NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Muxtar Respublikasında 18 mart – Çanaqqala zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çanaqqala şəhidlərinin, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub. Şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Anım tədbirində çıxış edənlər bildiriblər ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi, xalqın, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür.

Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbə tərəfindən böyük zəfərə həsr olunmuş şeir səsləndirilib.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, iştirakçılar tərəfindən torpaqlarımızın azadlığı naminə canını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində ucalan “Ana” heykəli qarşısına gül dəstələri düzüblər.

Nəşr edilib : 18.03.2026 10:55