Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Respublikası Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət yarışmasıdır. İlk dəfə 2023-cü ildə keçirilən festivalda fərdi və kollektiv nominasiyalar üzrə, ümumilikdə, 408 qalib olub. İkinci dəfə keçirilən festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağı artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, bədii-estetik zövqü formalaşdırmaq və regionlar arasında mədəni inteqrasiyanı gücləndirməklə onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdir. Biz də festivalın naxçıvanlı qaliblərini oxucularımızla tanış etmək üçün onlarla görüşdük.
Qeyd edək ki, festivala Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbindən qatılan Fatimə Hüseynzadə II yerə, Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin “İncilər” rəqs kollektivi III yerə, Ordubad Şəhər İncəsənət Məktəbinin şagirdi Qumru Fərəcova III yerə, Ordubad Şəhər İncəsənət Məktəbinin xor kollektivi isə II yerə layiq görülüb. Biz də onlarla yaxından tanış olub təəssüratlarını öyrəndik.
Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Fortepiano ixtisası üzrə tələbəsi Hüseynzadə Fatimə qaliblər sırasında yer alıb. O deyir ki, fortepiano ixtisası üzrə VII sinif şagirdi olaraq qatılıb. I turda Cövdət Hacıyevin “Ballada”, II turda Adil Bəbirovun “Prelüd Skertso”, III turda isə M. Qlinka və M. Balakirevin “Torağay quşu” əsərlərini ifa edib.
“Çox sevincliyəm, çünki final mərhələsində yekun qiymətləndirmənin nəticələrinə əsasən 14-17 yaş qrupunda piano ifaçılığı nominasiyası üzrə peşəkar kateqoriyada II yerə layiq görüldüm. Qalib olacağıma inanırdım, çünki müəllimlərimin və özümün əməyi böyük idi. Bu uğurda dəstək olan müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Fatimə 2021-ci ildə uşaq və gənclər arasında keçirilən ifaçılıq müsabiqəsində II yerə, 2023-cü ildə isə eyniadlı müsabiqədə III yerə layiq görülüb. 2022-ci ildə Ərtoğrol Cavid adına Musiqi Məktəbində öz solo konsertini təqdim edib. Həmçinin 2024-cü ildə isə “Gənclik” Mərkəzində ikinci solo konsertini keçirib.
Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbinin “İncilər” rəqs kollektivi III yerin qalibi olub. Məktəbin müəllimi Fatimə Kazımova bildirdi ki, 2025-ci ildə Bakı şəhərində keçirilən Uşaq İncəsənət Festivalında kollektiv ilə birlikdə iştirak etmək böyük məsuliyyət və qürur idi. Festivalın milli rəqs nominasiyası üzrə şagirdlər 3-cü yerin qalibi olublar. Bu da 9 ay davam edən hazırlığın nəticəsidir.
“İncilər” kollektivi bu festivalda ilk dəfə iştirak etmirdi. 2023-cü ildə də Uşaq İncəsənət Festivalında iştirak etmiş və milli rəqs nominasiyası üzrə II və III yerlərə layiq görülmüşdük. Əldə olunan nəticələr sonrakı fəaliyyətimiz üçün mühüm stimul oldu. Festival çərçivəsində uşaqlar “Oyna gülüm” milli rəqsini ifa etdilər. Rəqsin ifasında milli ruhun, səhnə mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildi. Festival prosesi asan keçmədi. Uzunmüddətli məşqlər və yüksək rəqabət mühiti uşaqlardan böyük səbir və məsuliyyət tələb edirdi. Bu cür festivallar uşaqların milli incəsənətə marağının artmasında və istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Gələcəkdə də milli rəqs sənətinin təbliği istiqamətində fəaliyyətimizi davam etdirməyi qarşıma məqsəd qoymuşam”, – deyə Fatimə Kazımova qeyd etdi.
Ordubad Şəhər İncəsənət Məktəbinin direktoru Zülfiyyə Seyidova deyir ki, Qumru Fərəcova və məktəbin xor kollektivi Uşaq İncəsənət Festivalında əldə etdikləri uğurlarla yadda qalıblar. Məktəbin “Səda” xor kollektivi 2006-cı ildən etibarən muxtar respublikada keçirilən müsabiqələrin daimi laureatıdır. Xormeyster, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Səbinə İbrahimovanın rəhbərliyi ilə kollektiv müxtəlif illərdə muxtar respublika qalibi olaraq Bakı şəhərində təşkil olunan xor kollektivləri arasında müsabiqələrdə çıxış etmək imkanı qazanıb. “Səda” xor kollektivi 2025-ci il Uşaq İncəsənət Festivalının final mərhələsində də uğurla iştirak edib. Direktorun sözlərinə görə, məktəbin skripka ixtisası üzrə VII sinif şagirdi Qumru Fərəcova da uğurları ilə Ordubad Şəhər İncəsənət Məktəbini layiqincə təmsil edən istedadlı şagirdlərdəndir. Rayon miqyasında keçirilən, demək olar ki, bütün tədbirlərin bədii hissəsində bu kollektivin çıxışlarına yer ayrılır. Kollektivin əsas məqsədi musiqi vasitəsilə insanların estetik zövqünü oxşamaq, istedadlı şagirdləri rayon ictimaiyyətinə tanıtmaq, bacarıqlı və qabiliyyətli gənclərə dəstək olmaqdır. Festivalın yekun nəticələrinə əsasən Ordubad Şəhər İncəsənət Məktəbinin şagirdi Qumru Fərəcova III yerə, məktəbin xor kollektivi isə II yerə layiq görülüb.
Bütün bu uğurlar, qazanılan nəticələr Naxçıvanın mədəni həyatında gənc istedadlara göstərilən diqqət və qayğının ifadəsi olmaqla gələcək uğurlar üçün möhkəm zəmin yaradır.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər