Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu bu il də ölkənin müxtəlif bölgələrindən minlərlə gənci bir araya gətirərək könüllülük hərəkatının geniş miqyasını nümayiş etdirdi. Forumda Naxçıvan Muxtar Respublikasından olan gənclər də xüsusi fəallıqları ilə seçiliblər. Genişmiqyaslı tədbirlərdə könüllülük nominasiyası üzrə “İlin könüllüsü” mükafatı Naxçıvandan olan Röya Məmmədovaya təqdim edilib. Bununla yanaşı, “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Röya Məmmədova və Nihad Abbasov diplomla təltif olunublar. Bu mükafatlar onların uzun müddət ərzində həyata keçirdikləri sosial fəaliyyətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Röya Məmmədova çıxışı zamanı bu uğurun onun üçün böyük məsuliyyət daşıdığını vurğulayıb: “Fəaliyyətə ilk başladığım gündən məqsədim cəmiyyət üçün fayda yaratmaq olub. Gördüyüm işlərin qiymətləndirilməsi motivasiyamı daha da artırır və qarşıdakı dövrdə daha fəal olmağım üçün həvəsləndirir”.
Röyanın fikrincə, könüllülük həm də gənclərin inkişafı üçün böyük imkanlar yaradan bir məktəbdir. O, Naxçıvanda gənclər üçün yaradılan şəraitdən, layihələrə göstərilən dəstəkdən razılıqla danışaraq bu mühitin gənclərin inkişafı üçün əvəzsiz platforma olduğunu vurğulayır.
Nihad Abbasov da aldığı diplomun onu daha məsuliyyətli olmağa sövq etdiyini bildirir: “Könüllü fəaliyyəti mənə insanlarla işləməyi, məsuliyyət bölüşməyi və komanda ruhunu öyrədib. Mənim üçün könüllülük həm də özünüifadə formasıdır. Həmçinin mən müxtəlif sosial layihələrdə, ekoloji təşəbbüslərdə, maarifləndirici aksiyalarda da fəal iştirak edirəm. Bu gün isə gördüyüm işlərin dəyərləndirilməsi mənim gələcək fəaliyyət planlarıma daha da inam qatır”.
Nihad gələcəkdə də sosial layihələrdə aktiv rol almağı, eyni zamanda yeni təşəbbüslər irəli sürməyi planlaşdırdığını deyir.
Naxçıvanda könüllü fəaliyyətinin inkişafı, burada gənclərin potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Müxtəlif dövlət qurumları, təşkilatlar, gənclərin könüllü fəaliyyətə qoşulmasına şərait yaradır, onların təşəbbüslərini dəstəkləyir. Belə bir şəraitdə yetişən gənclərin respublika səviyyəsində mükafatlandırılması isə bölgədəki işlərin nə qədər uğurlu aparıldığını göstərir. Cəmiyyət üçün edilən hər bir kiçik iş, atılan hər bir addım zamanla böyük nəticələrə gətirib çıxarır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər