Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”. Dövlət başçısının 2021-ci ilin may ayında Naxçıvana səfəri zamanı dediyi bu fikirlərdən yola çıxaraq bu gün fəxrlə yada salırıq ki, respublikamızda ilk milli ordunun yaradılmasının qərarı Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində verilib. Bu gün də ordu quruculuğu, şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü işlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin təmin olunması Azərbaycan dövlətinin strateji prioritetlərindəndir. Ərazi bütövlüyünün qorunması, hərbi infrastrukturun modernləşdirilməsi, Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və sərhəd mühafizəsinin gücləndirilməsi daim xüsusi diqqət mərkəzindədir. Naxçıvanın Türkiyə və İranla həmsərhəd olması, Ermənistanla isə uzun sərhəd xəttinə malik olması onun müdafiəsini hərbi-siyasi baxımdan vacib edir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Qürurla deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib.
Ordu bütün döyüş tapşırıqlarını hər an layiqincə yerinə yetirməyə qadirdir. 2013-cü ildə muxtar respublikanın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması məqsədilə Əlahiddə Ümumqoşun Ordunun yaradılması bunun ən bariz nümunəsidir. Ölkəmiz üçün böyük əhəmiyyətə malik olan bu dövlət sənədinin dəqiqliklə icrası nəticəsində Naxçıvanın müdafiə qabiliyyəti daha da artıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Beynəlxalq hərbi ekspertlərin ümumi rəyi belədir ki, istənilən ordunun döyüş qabiliyyətini, gücünü yalnız hərbi təlimlərdə və müharibədə müəyyənləşdirmək olar. Əlahiddə Ümumqoşun Ordunun istər hərbi təlimlərdə iştirakı zamanı nümayiş etdirdiyi döyüş qabiliyyəti, istərsə də təcavüzkar düşmənin təxribatlarına tutarlı cavab zərbələri onun gücünü və qüdrətini göstərir. Dəfələrlə Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordu nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə eyni səviyyədə güc nümayiş etdirib. Əlahiddə Ümumqoşun Ordunun gecə şəraitində keçirdiyi taktiki təlimlər də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğunu sübuta yetirib. Bu gün əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. Strateji yüksəkliklərdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Əlahiddə Ümumqoşun Ordunun ətrafdakı ərazilərə maneəsiz nəzarət etməsi ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Naxçıvanın sərhədlərində güllə səsi eşidilmədi. Ermənistan mətbuatı bu gün Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordudan söz açarkən diqqəti, ilk növbədə, təmas xəttindəki hakim yüksəkliklərə, orada qurulmuş müdafiəyə yönəldir.
Muxtar respublikanın strateji yüksəkliklərində etibarlı müdafiə sisteminin qurulması, burada Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərin xidmət şəraitinin daim diqqətdə saxlanılması, maddi-texniki təminatın gündən-günə daha da yaxşılaşdırılması hər birimizdə qürur hissləri ilə bərabər, əminlik də yaradır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı surətdə qoruyurlar. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır.
Bu gün sərhədlərdə xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları yaradılıb, ön xəttin müdafiə qabiliyyəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və daimi rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları ilə və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur. Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da ciddi diqqət yetirilir. Təmas xətti boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın durmadan möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər.
Sərhədlərin etibarlı qorunması insanlarda arxayınlıq, əminlik yaradır. Bu, muxtar respublikada etibarlı müdafiə sisteminin qurulması, hərbi təhlükəsizliyin təmin olunması, yüksək döyüş hazırlığına malik Əlahiddə Ümumqoşun Ordunun strateji yüksəkliklərə tam nəzarət etməsi, ordu sıralarında xidmət edən, ürəyi Vətən sevgisi ilə dolu olan hərbçilərimizin sayəsində mümkün olub. Gecə-gündüz yağış, qar, şaxta, isti – fərqi yoxdur, onlar əllərində silah, müqəddəs andla torpağımızı qoruyurlar. Canları, qanları bahasına olsa belə. Çünki bu gün Vətənin sərhədindəki bu postlarda dayanan əsgərlərin damarlarında qanla bərabər Vətən sevgisi də axır. Onlar Şah İsmayılın, Babəkin, Koroğlunun nəticələri, Poladın, Mübarizin davamçılarıdır. Çünki bu dövlətin Ulu Öndər kimi qurucusu, öz ordusu ilə 30 illik yolu 44 gündə gedən, dünyaya öz güclü zəkası, siyasi gücü ilə dərs keçən, həm diplomatik, həm də döyüş meydanında düşmənə dərs verən Ali Baş Komandanı var. Torpağımıza göz dikən kimsələrin heç bir təxribatı, heç bir həmləsi bizi qorxuda bilməz. Çünki ordumuz gündən-günə daha da güclənir. Çünki bu yurd qəhrəmanlar, nər igidlər yurdudur. Bu yurd 14 il Əlincədə, 30 il Sədərəkdə, Şadada düşmənə sinə gərən oğulların, özü ac yatıb çörəyi səngərdəki əsgərə göndərən anaların yurdudur. Çünki bu yurd Azərbaycanın təməl daşı, döyünən ürəyi Naxçıvandır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər