NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Universitetinin simfonik orkestri səhnədə

...

Azərbaycan musiqi mədəniyyəti zəngin tarixə, dərin ənənələrə və böyük şəxsiyyətlərin yaratdığı möhkəm bünövrəyə malikdir. Bu irsin davam etdirilməsi, yeni nəsil ifaçıların yetişdirilməsi və musiqimizin dünyaya tanıdılması üçün ölkəmizin müxtəlif bölgələrində mühüm işlər görülür. Son illərdə Naxçıvan Dövlət Universitetində də musiqi təhsilinə və yaradıcılığına göstərilən diqqət nəticəsində simfonik orkestrin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu orkestr qısa müddətdə həm şəhər ictimaiyyətinin, həm də musiqi mütəxəssislərinin rəğbətini qazanıb, ifaları ilə yerli sənət aləminə canlılıq gətirib.

Naxçıvan Dövlət Universitetinin simfonik orkestri haqqında daha geniş məlumat əldə etmək üçün universitetin professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovla görüşdük. Müsahibimizlə Azərbaycan musiqisinin inkişaf tarixi, bu orkestrin yaranması və gördüyü işlərlə bağlı ətraflı danışıb həmsöhbət olduq.

Naxçıvan Dövlət Universitetinin simfonik orkestri haqqında danışarkən professor əvvəlcə Azərbaycan musiqisinin dünya arenasına çıxmasında iki böyük şəxsiyyətin roluna toxunur: “XX əsrin birinci yarısında professional milli musiqimizin banisi Üzeyir Hacıbəyov, ikinci yarısında isə Ümummilli Lider Heydər Əliyev bu irsin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstəriblər. Üzeyir Hacıbəyov keçən əsrin əvvəllərində çox çətinliklə də olsa, milli musiqimizin Avropa musiqi alətlərində ifa olunmasına nail olmuşdu. Şərqdə yaranıb Avropada uzun təkamül yolu keçmiş bu alətlər əsrlər boyunca müxtəlif ansambl və orkestrlərin tərkibində istifadə edilib və sonrakı dövrlərdə simfonizmin dünya bəstəkarlarının yaradıcılıq zirvəsinin əsas ifa vasitəsi olan simfonik orkestr yaranıb”.

Simfonik orkestrin Avropada Vyana klassiklərinin adı ilə bağlı olduğunu qeyd edən Çingiz Axundov Azərbaycan musiqisində bu ənənənin başlanğıcının isə məhz Üzeyir Hacıbəyovun adı ilə yazıldığını vurğulayır: “Hacıbəyovun yaratdığı üçpilləli musiqi təhsili sistemi sonrakı illərdə Azərbaycan musiqisinə yeni janrlar bəxş etdi: muğam operaları, simfonik muğamlar, milli musiqi əsasında klassik formalarda yazılmış opera, balet, simfoniya, simfonik poema, operetta, oratoriya, kantata və digər nümunələr bu təhsil sisteminin bəhrəsi idi. XX əsrin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev bu mirasın inkişafına böyük dəstək göstərmiş, Q.Qarayev, F.Əmirov, Niyazi, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev, T.Quliyev kimi bəstəkarların əsərlərinin dünya səhnələrində səslənməsinə şərait yaratmışdı. Heydər Əliyev dünya filosoflarının fəlsəfi fikirlərinə istinadən musiqinin insan zövqünü saflaşdırmaq gücünə inanması, Konfutsinin “Ciddi musiqi cəmiyyəti inkişafa, saflığa, əyləncəli musiqi isə tənəzzülə aparır” fikrinə istinad etməsi, onun klassik musiqiyə göstərdiyi həssas münasibətin göstəricisi idi”.

Professor, həmçinin musiqinin növlərindən də söz açıb: “Tarixboyu musiqi müxtəlif növlərə bölünüb: kütləvi musiqi, elitar musiqi və dini musiqi. İfaçılıq praktikasında da bu fərqlilik özünü göstərib. Müxtəlif orkestr və ansambl növləri, hətta alətlərin qapalı məkan və küçə musiqisi üçün bölgüsü mövcud olub. Zaman keçdikcə yaradıcı insanların fantaziyasını gerçəkləşdirmək üçün həm musiqi alətləri təkmilləşdirilib, həm də yeni orkestr tərkibləri yaranıb. Bütün bunlar içində simfonik orkestr isə diapazon genişliyi, tembr rəngarəngliyi və dinamik imkanlarına görə dünya musiqi ifaçılığının zirvəsində dayanır”.            

Xalq artisti qeyd edir ki, Heydər Əliyev 90-cı illərdə Naxçıvanda olduğu zaman da mədəniyyət sahəsini diqqətdən kənarda qoymurdu: “Blokada və müharibə şəraitində belə o, musiqiyə, teatra, incəsənətə xüsusi qayğı göstərir, tədbirlərin bədii hissələrində iştirak edir, filarmoniya nəzdində fəaliyyət göstərən “Simli kvartet”in qorunub saxlanmasına şəxsən dəstək verirdi. Sonrakı illərdə bu kollektiv genişlənərək kamera orkestrinə çevrildi. Müasir dövrdə isə muxtar respublikanın musiqi təhsili sistemində həyata keçirilən islahatlar Üzeyir Hacıbəyovun yaratdığı təhsil modelinə dönüş kimi dəyərləndirilir. Bakıda konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Musiqi Təmayüllü Məktəbinin rolunu xatırlayanda Naxçıvanda da oxşar sistemin formalaşacağına ümid edirəm”.

Universitet rəhbərliyinin musiqi sahəsinə göstərdiyi diqqət nəticəsində yaxın gələcəkdə Naxçıvanda ifaçı-musiqiçi kadr çatışmazlığının tam aradan qalxacağını bildirən Xalq artisti bunun artıq başladığını qeyd edir: “Bu inkişafın ən bariz nümunəsi universitetin İncəsənət fakültəsində tələbə simfonik orkestrinin yaradılmasıdır. Bu, Naxçıvan mədəniyyəti üçün qürurverici hadisədir, çünki bu günün tələbə musiqiçiləri sabahın professional ifaçıları olacaqlar”.

Çingiz Axundov vurğulayır ki, Azərbaycanda ən qədim tarixə malik olan teatrlardan biri olan Naxçıvan Musiqili Dram Teatrı adından da göründüyü kimi dramla yanaşı, musiqili səhnə əsərlərini də təqdim etməlidir. Opera, operetta, musiqili komediya, musiqilər burada səhnələşdirilə bilər. Dram əsərlərinin bir çox mizan səhnələri isə canlı orkestr müşayiəti ilə daha təsirli olur. Dövlət Filarmoniyasının səhnəsində də yalnız mahnı və əyləncə yox, simfoniyalar, simfoniyettalar, instrumental konsertlər səslənməlidir.

Professor bildirir ki, universitetin tələbə simfonik orkestrinin konsertləri şəhər tamaşaçılarının yüksək musiqi zövqünə malik olduğunu sübut etdi: “Tələbə simfonik orkestri yarandığı gündən həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərlərini daxil edən məsuliyyətli proqramlarla çıxış edir. Təbii olaraq konsertin həsr olunduğu mövzudan və keçiriləcəyi məkandan asılı olaraq orkestrin repertuarı da dəyişir. Orkestrin ilk konserti üç il əvvəl – 18 sentyabr – Üzeyir Hacıbəyovun doğum günündə, Milli Musiqi Günündə universitet konservatoriyasının qarşısında keçirilib. Proqram, əsasən, dahi bəstəkarın orkestr üçün yazdığı əsərlərdən ibarət idi və “Koroğlu” operasının “Uvertüra”sı ilə başlamışdı. İstənilən simfonik orkestrin səviyyəsi məhz bu əsərin ilk xanələrindən bəlli olurdu. Zəfər Gününə həsr olunmuş konsert də kollektiv üçün unudulmaz olub. Qəhrəmanlıq ruhlu əsərlərlə tərtib olunmuş konsertdə qələbə uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi də ehtiramla yad edilib”.

Çingiz Axundovun sözlərinə görə, orkestrin fəaliyyəti yalnız konsertlərlə yekunlaşmır: “İncəsənət fakültəsinin “Yaradıcılıq studiyası” ilə birgə hazırlanan tamaşaların musiqi müşayiəti də məhz bu kollektivə həvalə olunur. 2022-ci ildə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının universitetdaxili premyerası böyük uğurla keçib. Tamaşada orijinal partituranın tələblərinə uyğun olaraq simfonik orkestr tərkibində milli alətlərdən də istifadə olunub. Kollektivin uğurları ölkə sərhədlərini də aşır. 2023-cü ilin 6 mayında xarici ölkələrin səfirləri orkestrin konsertində iştirak ediblər. Daha sonra orkestr Türkiyənin Van şəhərinə dəvət olunub və şəhər valisi yeni açılacaq teatr binasında ilk tamaşanın məhz Naxçıvan Dövlət Universitetinin yaradıcı heyəti tərəfindən göstərilməsini xahiş edib.    

Beynəlxalq əməkdaşlıq çərçivəsində Marlin Universiteti ilə bağlanmış razılaşma da xüsusi qeyd olunmalıdır. Bu layihə çərçivəsində həmin universitetin iki musiqiçi müəllimi universitetin simfonik orkestri ilə birgə konsert proqramı hazırlayıb. Bu konsertdə meksikalı bəstəkar Manuel Ponsenin gitara və orkestr üçün yazdığı konserti Azərbaycanda ilk dəfə Naxçıvanda səslənib. Tələbə simfonik orkestri müxtəlif konsert salonlarında, açıq havada, hətta stadionda belə çıxış edib. Lakin professorun sözlərinə görə, kollektiv üçün ən məsuliyyətli və yaddaqalan çıxış M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində olub. Filarmoniyanın səhnəsi yalnız Azərbaycanın deyil, dünyanın ən nüfuzlu musiqiçilərinin çıxış etdiyi məkandır və Naxçıvan Dövlət Universiteti üçün bu hadisə tarixi nailiyyət sayılırdı”.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 19.12.2025 18:50