NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Texniki Kollecindən beynəlxalq təhsilə tarixi addım

...

Naxçıvan Dövlət Texniki Kolleci ilə Türkiyə Respublikasının İğdır şəhərində yerləşən Milli Eğitim Vakfı Anadolu Lisesi arasında yeni əməkdaşlıq mərhələsi təsdiqlənib. İmzalanan memorandum iki qardaş ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsi, birgə layihələr, müəllim-tələbə mübadiləsi və mədəni proqramların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə kollec rəhbərliyi, müəllim heyəti və 10 tələbədən ibarət nümayəndə heyəti ikigünlük işgüzar səfər üçün İğdır şəhərinə yollanıb. Səfərdə iştirak edən tələbələrdən bir neçəsi təəssüratlarını “Şərq qapısı” ilə bölüşüb. 
Tələbələrdən Samirə Cəfərova İğdır Milli Eğitim Vakfı Anadolu Liseyində keçirilən ilk görüşün nümayəndə heyətinə dərin təsir bağışladığını deyib: “Lisey rəhbərliyi, müəllimlər və şagirdlər bizi çox səmimi qarşıladılar. Görüş zamanı təhsil sistemləri, həyata keçirilən layihələr və dərs imkanları barədə geniş fikir mübadiləsi apardıq”. 
Samirənin sözlərinə görə, bu onun üçün həm öyrədici, həm də motivasiyaedici bir təcrübə olub: “Bizim orada çox maraqlı günlərimiz keçdi, suallar verdilər, öz təcrübələrini paylaşdılar. Burada öyrəndiklərimin gələcəkdə təhsil həyatımda çox işimə yarayacağına əminəm. Həmçinin Azərbaycan-Türkiyə dostluğunu, Naxçıvanın qədim mədəni irsini və milli dəyərlərimizi əks etdirən çıxışlarımız İğdır təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Mən ümid edirəm ki, imzalanmış memorandum gələcəkdə daha geniş layihələrin həyata keçirilməsinə təkan verəcək və tələbələr üçün yeni imkanları yaradacaq”.
Gülər Rəsulova isə qeyd edir ki,  İğdırda özlərini yad kimi hiss etməyiblər: “Oradakı tələbələr və müəllimlər çox mehriban və səmimi idilər, hər şeydə bizə kömək etdilər. Tədbirimiz zamanı səhnədə olmaq həm həyəcanlı, həm də çox qürurlu hiss idi. Səfər zamanı ən çox marağımı çəkən Tuzluca duz mağarası oldu. Ora bizi, həqiqətən, çox heyrətləndirdi. Mağaranın içi həm maraqlı, həm də fərqli bir mühit idi.  Həmçinin oradakı tələbələrlə söhbət edib onları tanımaq bizim üçün maraqlı oldu. Bu səfər bizə yeni dostlar, gözəl xatirələr və unudulmaz günlər qazandırdı”.
Digər bir tələbə İbrahim Əkbərov isə səfər ekskursiyalarından söz açdı: “Ən çox xoşuma gələn yerlərdən biri İğdır Anıt Qəbri oldu. Ora daxil olanda atmosfer tam başqa idi, sakitlik və hörmət hissi adamı dərhal tutur. Anıt Qəbrinin muzey hissəsi də maraqlı idi. Oradakı şəkilləri görəndə elə bil tarixi canlı şəkildə hiss etdim. Gəzinti boyunca həm yeni məlumatlar öyrəndik, həm də şəhəri daha yaxından tanıdıq. Səfər zamanı  həm əylənməyimiz, həm də öyrənməyimiz günümüzü daha da maraqlı edirdi. Mənim üçün bu səfər həm yaddaqalan, həm də dəyərli bir təcrübə oldu”, – deyə tələbə bildirir.
Memorandum çərçivəsində gələcəkdə həyata keçiriləcək layihələr, müəllim və tələbə mübadiləsi, eləcə də mədəni proqramlar iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələri daha da inkişaf etdirəcək. Bu təcrübə həm tələbələrin, həm də kollec heyətinin peşəkar inkişafına töhfə verir və Azərbaycan-Türkiyə dostluğunu gücləndirir.

Elnurə CƏFƏROVA
Səmayə RƏSULOVA

 

Nəşr edilib : 20.12.2025 12:21