NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan boksçularından beynəlxalq turnirdə 14 qızıl, 16 gümüş və 2 bürünc medal

...

Ötən gün Türkiyənin Ağrı şəhərində beynəlxalq yoldaşlıq görüşü baş tutub. Azərbaycan, Türkiyə və İran İslam Respublikasının qatıldığı turnirdə Naxçıvan boksçuları 36 nəfərlik heyətlə iştirak ediblər. Yarışda Naxçıvanın yeniyetmələr, gənclər və kişilərdən ibarət əsas komandası uğurlu nəticə göstərərək, ümumilikdə, 14 qızıl, 16 gümüş və 2 bürünc medal qazanıb. Azərbaycan Boks Federasiyasının Naxçıvan Boks filialının rəhbəri Elnur Kərimli yarışla bağlı fikirlərini bölüşərək bildirib ki, turnirin əsas məqsədi boksçuların beynəlxalq təcrübəsinin artırılması və yanvar-fevral aylarında keçiriləcək yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

“Bu yarışda Naxçıvan boks məktəbinin yetirməsi, Azərbaycan yığma komandasının üzvü, Azərbaycan çempionu, 2023-cü il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olan tələbəm Elbrus Kərimli də iştirak edirdi. Komandamızın uğurlu çıxışı bizi inandırır ki, Azərbaycan birinciliyində də yüksək nəticələr əldə edəcək, boksçularımız milli komandaya cəlb olunaraq ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər”, – deyə Elnur Kərimli qeyd edib.

Turnirdə fərqlənən idmançımız  Elbrus Kərimli yarışla bağlı təəssüratlarını bizimlə bölüşdü və bildirdi ki, 2018-ci ildən bəri boksla məşğul olub. Yeniyetmələr arasında Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və Avropa birinciliyinin bürünc mükafatçısı olduğunu qeyd edib. Ağrı şəhərində keçirilən turnirdə Elbrus iki döyüş keçirib. İlk döyüşdə iranlı, ikinci döyüşdə isə türk boksçu ilə qarşılaşan idmançı hər iki görüşdə tam üstünlüklə qalib gələrək qızıl medal qazanıb.

Yarışda uğur qazanan digər boksçu isə Kamal Məmmədovdur. O, Naxçıvan şəhərində yerləşən 11 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Kamal Məmmədov turnirdə türk rəqibini 3:0 hesabı ilə məğlub edərək qalib adını qazanıb. Qeyd edək ki, onun rəqibi yaşca özündən böyük olsa da, Kamal Məmmədov əzmkarlıq göstərərək qələbəyə nail olub. O, indiyədək üç dəfə respublika səviyyəli yarışlarda iştirak edib və Naxçıvan çempionu adını qazanıb.

Beynəlxalq turnirdə Elmurad Kərimli də uğurlu çıxış edib. 2018-ci ildən boksla məşğul olan Elmurad bir neçə dəfə Naxçıvan çempionu olub, Azərbaycan üçüncülüyünü qazanıb. Ağrı şəhərində keçirilən yarışda türk boksçu ilə qarşılaşan Elmurad Kərimli döyüşü qələbə ilə başa vuraraq qızıl medala layiq görülüb. O, Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alır.

Qeyd edək ki, bu cür beynəlxalq turnirlər Naxçıvan boksçularının təcrübəsinin artırılmasına, gələcək yarışlara daha hazırlıqlı çıxmalarına və milli komandaya namizədlərin formalaşmasına mühüm töhfə verir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 24.12.2025 15:54