NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan bazarı – kəndlinin alın tərinin səhərlə qovuşduğu yer

...

Naxçıvanın gecəsi sakit olur, amma bu sakitliyin içində bir ürək döyünür, o da yerli sakinlərin dili ilə desək “57” bazarıdır. Şəhərin mərkəzində yerləşən bu bazar gündüzlər səs-küylü, izdihamlı olsa da, gecələr tamamilə başqa bir aləmə çevrilir. İşıqların parıltısı ilə işıqlanmış piştaxtalar, ətrafa yayılan təzə meyvə-tərəvəzin qoxusu, alıcıların səsli-küylü söhbəti, bir sözlə, hamısı bir yerdə buranı nağıllardakı və filmlərdəki bazarlara oxşadır.

Biz də fotomüxbirimiz Zülfüqar Qurbanlı ilə gecənin bu sehrinə qarışmaq üçün bazara üz tutduq. Açığı, ürəyimizdə bir qədər tərəddüd də vardı. Fotoaparatı görən insanların sosial şəbəkələrdə fotolarının yayılmasını istəməməyi, məsxərə obyekti olma qorxusu ilə üzlərini utancaqlıqla gizlədəcəklərini düşündük. Amma təəccüb doğuran o oldu ki, bazara daxil olan kimi sanki hamı bir-birinə xəbər verdi: “Qəzetdən gəliblər, çəkəcəklər bizi!” Birdən bazarın o səsli mühitinə təbəssümlər qarışdı. Kimisi səsləndi: “Qarpızı götür gəl, qəzetə düşəcəyik!” Kimisi zəhmətinin bəhrəsini, quraqlığın içində yetişdirdiyi Nehrəm qarpızını qürurla göstərdi. Bir satıcı isə qiymətə etiraz edən müştəriyə gülərək cavab verdi: “Yox, xala, vallah elə mənə gəliş qiyməti odur!”. Sanki bazarın ab-havası da özü ilə yumor gətirmişdi. Gecə bazarında addımbaşı başqa bir aləmlə rastlaşırsan.

Sağ tərəfdən yuxarıya doğru uzanan yol işıqların altında sanki parlaq bir çay kimi axırdı. İnsanlar axışıb gəlirdi: kimisi qış tədarükünə, mürəbbə və kompot üçün ən yaxşı meyvələri seçirdi, kimisi isə bazarın kənarında tüstüsü göyə qalxan kababçı dayının yanına toplaşmışdı. O isti kababın iyi ilə Nehrəm qarpızının təravəti qarışıb Naxçıvan gecəsini başqa bir qoxuya bürümüşdü. Piştaxtaların üzərində isə sanki rənglər bayram edirdi. Bir tərəfdə Ordubadın qırmızı zoğalı, o biri tərəfdə günəşin altında yetişib qızıl kimi parlayan şaftalılar. Üzümlər səliqə ilə düzülmüşdü, sanki inci dənələri düzülmüş bir boyunbağı. Qıpqırmızı pomidor, narıncı kök, yamyaşıl xiyar, təzə göyərti. Hər biri öz rəngi ilə göz oxşayırdı. Sanki bazar rəssamın əlindən çıxmış canlı bir tablo idi.

Qiymətlər də münasib idi. İnsanların üzündən razılıq oxunurdu. Satıcılar bizi öz piştaxtalarına çağırır, qürurla “Bizim də şəkilimiz qəzetə düşsün”, - deyirdilər. Bəziləri isə utancaqlıqla, amma ümidli gözlərlə baxırdı: “Görəsən, bəlkə, bizi də çəkərlər?” Biz isə çalışırdıq ki, hər kadrda bu zəhmətin, bu həyatın bir izi qalsın. Gecə işıqları altında bazarın işığına qarışan fotoaparatın parıltısı, hər klikdə dondurduğumuz anlar, satıcıların gülüşü, alıcıların səsi, hamısı bir yerdə unudulmaz bir mənzərə yaradırdı. “57” bazarı təkcə alış-veriş yeri deyil, o, Naxçıvanın gecə nəfəsi kimidir. İnsanların ümidini, zəhmətini, sevincini, həm də bir az nostaljisini özündə yaşadan sehrli bir məkan kimi. Bu sehrli aləmdə bir satıcı qollarını kartoflara dayamış yorğun baxışlarla ətrafa baxır, digər bir tərəfdən isə başqa satıcı yük maşını arxasında kələmlərin yanında əyləşərək müştəri gözləyir...

Gecənin qaranlığında belə həyat burada dayanmaq bilmir. Sanki Naxçıvanın ürəyi “57” bazarında işıqlar altında döyünür. Bu bazar təkcə kənd təsərrüfatı məhsullarının satıldığı bir məkan deyil. O, Naxçıvanın gecə həyatının nəfəsidir, kəndlinin zəhmətinin, alın tərinin şəhərlə qovuşduğu yerdir. Burada satılan hər qarpız torpağın bərəkətini, hər üzüm salxımı günəşin şirinliyini, hər tərəvəz isə torpağın doğmalığını daşıyır. Bu bazarda alver yalnız pul və məhsul mübadiləsi deyil, burada insanlar öz arzusunu, ümidini, sevincini də bölüşürlər. Satıcı ilə alıcı arasında yaranan mehriban söhbət, uşaqların işıqların altında sevinclə qaçışması, yaşlı qadının öz məhsulunu qürurla təqdim etməsi, bütün bunlar “57” bazarını, sadəcə, bir alış-veriş yeri yox, bir həyat səhnəsinə çevirir.

Gecə saatlar irəliləsə də, bu bazar susmur. İşıqlar yanır, piştaxtalar parlayır, insanlar gəlib keçir. Hər kadrda, hər səsdə, hər qoxuda Naxçıvanın öz ruhu yaşayır. Və insan bu ab-havanın içində dərk edir ki, “57” bazarı, sadəcə, bu günün bazarı deyil, o, illərin yaddaşı, insanların zəhməti, şəhərin mədəniyyətidir.

Bəlkə də, sabah gün doğacaq, piştaxtalar boşalacaq, küçələr sakitləşəcək. Amma gecənin qoynunda parlayan bu bazar yaddaşlarda həmişə qalacaq, işıqları ilə, rəngləri ilə, qoxuları ilə, səsi ilə… Naxçıvan gecələrinin işıqlı nağılı kimi...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 23.08.2025 21:28