Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Tarixi abidələrimiz qorunur və gələcək nəsillərə ərməğan edilir
Tarixi abidələr insan zəkasının və istedadının, onun qızıl əllərinin yadigarı olmaqla çox böyük iftixar hissidir. Abidələr əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qalan yadigar, eləcə də hər bir xalqın böyüklüyünün, ululuğunun nişanəsidir. Bu ululuq Azərbaycan xalqına bəşəriyyətin ilkin dövrlərindən qismət olmuş, bir çox tarixi abidələrimiz əsrlərin keşməkeşlərindən hifz olunaraq bizə gəlib çatmışdır. Biz indi nəinki onları dərindən öyrənməli, həm də müdrik babalarımızın əl izlərini itməməyə qoymamalı, mədəni-mənəvi sərvətlərimizi can yanğısı, qayğı ilə bərpa etməliyik. Bir sözlə, tarixi abidələri qorumaq hər bir azərbaycanlının müqəddəs vətəndaş borcu olmalıdır. Çox təəssüf ki, müqəddəs vətəndaş borcu ifadəsi sovetlər dönəmində bəziləri üçün unudulmuşdu. Belə “insanların” laqeyd münasibətinə tuş gələn uçuq, baxımsız tarixi abidələr “ateizm” xəstəliyinə tutulanların düşmən münasibəti nəticəsində acınacaqlı hala düşmüşdü.
Həmin dövrdə Azərbaycan xalqının əvəzolunmaz liderinin sovetlər birliyində rəhbər vəzifəyə təyin olunması tariximizin öyrənilməsi və qorunması sahəsində də mühüm qərarların verilməsi ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər sovetinin “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 436 № li, 15 sentyabr 1981-ci il tarixli Qərarının qəbul edilməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində tarixi-arxeoloji abidələrin mühafizəsi və tədqiqatları ilə bağlı həyata keçirdiyi ən mühüm tədbirlərdən biri idi. Bu qərar Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği ilə əlaqədar problemlərin həlli istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mükəmməl bir proqram sənəd olub, nəinki 80-ci illər üçün, eyni zamanda bu günümüz və gələcək fəaliyyət üçün aktuallığını saxlamaqdadır.
Hər daşı, hər qayasında tarixin izi olan Naxçıvan
Qərarda Azərbaycanın bir çox yerlərindəki tarixi abidələrin, Naxçıvandakı Qarabağlar türbəsinin, Ordubad rayonundakı “Xaraba-Gilan”, kimi tarixi-arxeoloji abidələrin qorunmasının zəruriliyi xüsusilə vurğulanmışdır.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində XXI əsrin ilk illərində Azərbaycan artıq dünya dövlətləri sırasında öz mövqeyini möhkəmlətmiş, iqtisadi və siyasi inkişaf mərhələsinə daxil olmuşdur. 90-cı illərdə, demək olar ki, tam dayanmış arxeoloji ekspedisiyaların fəaliyyəti məhz bu dövrdən başlayaraq yenidən bərpa edildi. Ulu Öndərin bilavasitə təşəbbüsü və göstərişi əsasında ilk genişmiqyaslı tədqiqatların Naxçıvan bölgəsində aparılmasına qərar verilmişdir. Bu məqsədlə Naxçıvan bölgəsinin seçilməsi heç də təsadüfi deyildir. İşğalçı Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın guya ermənilərə məxsus olması barədə saxta təbliğatla məşğul olur və öz əməllərini tarixi faktları saxtalaşdırmaqla ört-basdır etməyə çalışırdılar. Eyni zamanda Naxçıvan bölgəsi Azərbaycan xalqının qədim tarixinin bütün mərhələlərini əks etdirən tarixi-arxeoloji abidələrlə zəngindir. Məhz buna görə Ulu Öndər Naxçıvanı ilk geniş tədqiqat obyekti olaraq seçmişdir. Ulu Öndərimizin bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaratması sonrakı dövrlərdə də bu sahədə yeni üfüqlər açılmasına imkan verdi.
Dahi rəhbər deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Bu gün qürur hissi ilə deyirik ki, Azərbaycan mədəniyyətinin yüksəlişi, onun dirçəlişi, zənginləşməsi geniş miqyasda təbliği və bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Mədəniyyətimizin milli-mənəvi dəyərlərimizin və mədəni incilərimizin yaşadılması və qorunması bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti tərəfindən mədəniyyətimizin inkişafı ilə bağlı 200-ə yaxın Fərman və Sərəncamın imzalanması bu sahəyə dövlət başçısının ali diqqətinin ideal bir nümunəsidir.
Prezidentimizin qayğısı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və incəsənəti öz intibahının yüksək mərhələsini yaşamaqdadır. Mədəni incilərimizin dünyanın irs siyahısına salınması, tanıdılması və təbliğ olunması istiqamətində əsaslı qlobal layihələr həyata keçirilməkdədir. Naxçıvan şəhərinin mərkəzində göylərə ucalan Əcəmi yadigarı Möminə xatun türbəsi də bu qayğıdan öz nəsibini alan milli memarlıq abidəsidir.
Gözoxşayan, misilsiz gözəlliyə malik türbə Azərbaycanın hələ qədim dövrlərindən yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır. Türbə “Naxçıvan məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Dövlət Proqramı tarixi abidələrimizin bərpası
istiqamətində də uğurla icra edilir
Bu gün də Möminə xatun türbəsinin bərpası və dünyaya tanıdılması istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Prezident İlham Əliyevin cari ilin mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması bu sahədəki dövlət qayğısından xəbər verir. Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası işlərinin ilkin mərhələsinə başlanılıb. Xarici mütəxəssislər bu işin yerinə yetirilməsi üçün Naxçıvana dəvət edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən şirkətin işçi qrupu Naxçıvana gəlib. Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Eyni zamanda oktyabr ayında Möminə xatun türbəsinə bitişik torpaqlarda zondlama tədbirləri həyata keçirilib. Tikilinin müəyyən qədər meyilli olması və uzun illər ərzində şaquli istiqamətdən mümkün yayınmalara dair monitorinq sənədlərinin mövcud olmamasını nəzərə alaraq bu tədbirlər türbənin statik dayanıqlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Oktyabr ayında, həmçinin kompleks geotexniki işlər aparılıb: müxtəlif dərinliklərdə quyular qazılıb, nüvələr çıxarılıb və tədqiqat və analiz üçün Bakı şəhərində yerləşən laboratoriyaya göndərilib. Bütün geotexniki tədqiqatlarda bu sahə üzrə Almaniyanın aparıcı şirkətlərindən biri olan “Grundwasser Consulting Ingenieurgesellschaft GmbH”ın təcrübəli mühəndis-müşaviri Michael Ziesche iştirak edib.
Eyni zamanda SPT (Standart Penetrasiya Testi) sınaqları keçirilib ki, bu sınaqlar vasitəsilə torpağın sıxlığı müəyyən edilir. Abidəyə bitişik ərazinin coğrafi xüsusiyyətləri və geoloji quruluşu da diqqətlə araşdırılıb, bu isə müəyyən elmi nəticələrin əldə edilməsinə imkan vermişdir.
Geotexniki işlərlə kifayətlənməyərək müasir georadar cihazdan istifadə etməklə geofiziki tədqiqatların da aparılması qərara alınıb ki, bu üsul tədqiqatçıya yeraltı strukturu daha detallı şəkildə “görməyə” imkan verir. Bu məqsədlə həmin araşdırmanın icrası üçün təcrübəli italyan mühəndisinin cəlb edilməsi istiqamətində iş aparılır və onunla hazırda danışıqlar davam etdirilir. Bu işlərin cari ilin noyabr ayında həyata keçirilməsi planlaşdırılır.
İlin sonuna qədər türbənin mövcud meylini nəzərə alaraq xüsusi layihə əsasında hazırlanmış və uyğunlaşdırılmış tikinti iskeleləri də gətiriləcəkdir. Sadalanan işlərlə paralel olaraq, Möminə xatun türbəsinin bərpası və konservasiyası üzrə ən optimal yanaşmanı müəyyən etməyə kömək edəcək tarixi və digər sənədlərin axtarışı istiqamətində tədqiqatlar da aparılır.
Prezident İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamasından ötən beş ay ərzində aparılan işlərə nəzər yetirdikdə belə qənaətə gəlmək olur ki, qədim abidənin düzgün bərpa edilməsi üçün çoxşaxəli araşdırmalar aparılır və illərdir, gözdən qaçan bəzi məqamların düzgün qiymətləndirilməsi üçün işlər görülür. Bu gün hər bir vətəndaş tariximizin canlı salnaməsi olan abidələrimizi seyr edəndə qürur hissi keçirir. Çünki abidələrimiz qorunur, gələcək nəsillərə ərməğan edilir. Yurdumuzun hər bir guşəsində seyr etdiyimiz bu mənzərələr bizə qürur yaşatmaqla yanaşı, dövlətimizə minnətdarlıq hissimizi də artırır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər