Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Respublikamızın milli təhlükəsizlik və regional siyasətində xüsusi strateji əhəmiyyət daşıyan Naxçıvan Muxtar Respublikası coğrafi mövqeyi, tarixi, siyasi konteksti ilə həm də Azərbaycan–Türkiyə müttəfiqliyində vacib bir körpü funksiyasını yerinə yetirir. Unikal coğrafi mövqeyə malik muxtar respublika iki dövlət arasında nəqliyyat, ticarət, iqtisadiyyat və digər sahələr üzrə strateji əlaqələrin gücləndirilməsi üçün mühüm üstünlük yaradır. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan bu diyar həm də regionda təhlükəsizlik və sabitliyinin qorunmasında ön xətt funksiyasını yerinə yetirir.
Məlum olduğu üzrə, 2021-ci ilin iyul ayında imzalanmış Şuşa Bəyannaməsi ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərindən sonra yeni reallıqlar müstəvisində atdığı mütərəqqi addım olmaqla paralel, eyni zamanda Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yeni mərhələsini başlatdı. Bəyannamədə hərbi əməkdaşlıq, təhlükəsizlik məsələləri və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi göstərilib. Naxçıvan isə bu əməkdaşlığın daha dərinləşməsi baxımından praktik açar rolunu oynayır. Belə ki, buradakı iki ölkənin birgə hərbi təlimləri Şuşa Bəyannaməsində nəzərdə tutulan strateji planların icrasına xidmət edir. Eyni zamanda ordular arasında koordinasiyanı artırır və regionda hərbi balansı gücləndirir. Bu baxımdan ötən günlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri həm bölgədəki son hadisələrin, həm də Azərbaycan-Türkiyə hərbi-siyasi əlaqələrinin dəyərləndirilməsi, gələcək əməkdaşlığa dair istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynadı. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə "Bir millət, iki dövlət" anlayışı ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətlərimizin siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dərinləşməkdə olduğu vurğulandı.
Görüşdə də qeyd olunduğu kimi, Ümummilli Lider Heydər Əliyev və Türkiyə Respublikasının o zamanki Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə “Ümid” körpüsünün istifadəyə verilməsi və beləliklə də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında Sədərək-Dilucu gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəlişin təmin olunması Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında mühüm rol oynayıb. “Bir millət, iki dövlət” prinsipinə uyğun inşa olunan “Ümid” körpüsü həm də Azərbaycan–Türkiyə qardaşlığının, həmrəylik və qarşılıqlı etimadın simvolu kimi tarixə düşüb. Bu körpü yalnız coğrafi bağlantı deyil, eləcə də Azərbaycan–Türkiyə əməkdaşlığında Naxçıvanı açar regiona çevirib.
Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm təmələ sahib olduğunu söyləyib. Görüş zamanı həmçinin birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Bütün bunlar Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülhə və təhlükəsizliyə xidmət etdiyini göstərməklə yanaşı, Naxçıvanın hər iki ölkənin yüksələn əlaqələrindəki strateji rolunu ortaya qoyur.
Naxçıvanda xalq – ordu birliyi: milli həmrəyliyin güclü nümunəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da formalaşan, inkişaf edən xalq–ordu birliyi Vətən müharibəsində tarixi zəfərin əsas açarı sayılmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin güclənməsinin, regional sabitliyin və milli təhlükəsizliyin təmin olunmasının əsas dayağı hesab edilir. Bu birlik həm ordunun gücünü, həm də xalqın vətənpərvərlik ruhunu əks etdirir və Azərbaycanın gələcək inkişafında strateji rol oynayır. Son məlum hadisələr isə bir daha göstərdi ki, ölkəmizdə həmrəyliyinin gücləndirilməsi məsələsində xüsusilə strateji mövqeyə malik olan Naxçıvan Muxtar Respublikası mühüm əhəmiyyət daşıyır.
Naxçıvan coğrafi və siyasi baxımdan həssas bölgə olduğuna görə burada güclü ordunun və vətənpərvər cəmiyyətin mövcudluğu regionun təhlükəsizliyi üçün hər zaman mühüm amil hesab olunur. Bu baxımdan muxtar respublikada il ərzində keçirilən hərbi təlimlər, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də hərbi hissələrlə cəmiyyət arasında qurulan sıx əlaqələr xalq–ordu birliyinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə xidmət edir. Naxçıvanda fəaliyyət göstərən Əlahiddə Ümumqoşun Ordusu isə yalnız təhlükəsizliyin təminatçısı kimi deyil, eyni zamanda Azərbaycan dövlətinin qüdrətinin və xalqın sarsılmaz həmrəyliyinin rəmzi kimi çıxış edir. Məhz bu baxımdan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümünün Naxçıvanda yüksək səviyyədə qeyd olunması və tədbirdə xüsusilə qazilərin, şəhid ailələrinin iştirak etməsi xalq–ordu birliyinin daha da möhkəmləndiyini nümayiş etdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atılan növbəti mühüm və əlamətdar addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu tədbir Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunmasında oynadığı mühüm rolu bir daha aydın şəkildə nümayiş etdirir.
Göründüyü kimi, bu gün Naxçıvan strateji mövqeyi və güclü müdafiə potensialı ilə həm Azərbaycanın ümumi təhlükəsizlik sistemində vacib rol oynayır, həm də Türkiyə ilə müttəfiqliyin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradır. Burada tarixən formalaşmış möhkəm xalq–ordu birliyi Naxçıvanı etibarlı qalaya çevirməklə yanaşı, ölkənin suverenliyinin qorunmasına və gələcək inkişafının təmin olunmasına xidmət edən mühüm milli dəyər kimi çıxış edir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanın dövlət siyasətində Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, o cümlədən onun müdafiə potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin dediyi kimi: “Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir”.
Nail ƏSGƏROV
Digər xəbərlər