NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Münxen Təhlükəsizlik Konfransı: Azərbaycanın Avropada təhlükəsizlik və əməkdaşlıq missiyasının mühüm tribunası

...

Azərbaycan dövlətinin həyata keçirdiyi sülh, əməkdaşlıq və tərəfdaşlıq diplomatiyası onun bu çərçivədə fəaliyyət göstərən siyasi, iqtisadi platformalarla birgə fəaliyyətinə geniş imkanlar açır. Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik məsələlərinin müzakirəyə çıxarıldığı Münxen Təhlükəsizlik Konfransı da ölkəmizin fəal tərəfdaşlıq etdiyi əhəmiyyətli beynəlxalq tədbirlərdəndir. Prezident İlham Əliyevin hər il mütəmadi olaraq bu konfransa dəvət alması respublikamızın Avropada təhlükəsizlik və faydalı əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi töhfələrin nəticəsidir. Sayca 62-ci dəfə keçirilən Münxen Təhlükəsizlik Konfransının son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən ictimai-siyasi proseslərin fonunda sülh və əməkdaşlıq gündəliyinin müzakirəsi, yeni perspektivlərin dəyərləndirilməsi üçün önəmli rol oynayacağını əminliklə söyləyə bilərik...
1963-cü ildən bəri hər il bir dəfə keçirilən, şüarı “Dialoq vasitəsilə sülh” olan Münxen Təhlükəsizlik Konfransı ötən dövrdə kifayət qədər nüfuz və etimad qazanıb. Fevralın 13-də işə başlayan 62-ci konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir. Dünya mediasının xüsusi diqqət mərkəzində olan builki konfransda 115 ölkədən, təxminən, 1000 jurnalist qeydiyyatdan keçib. MSC 2026 uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının sual altına düşdüyü, qaydalara əsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal miqyasda qeyri-sabitliyin artdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Bu baxımdan, budəfəki tədbirin əhəmiyyəti olduqca böyük, müzakirə mövzuları aktualdır.
Azərbaycan artıq 8-ci dəfədir, Münxen Təhlükəsizlik Konfransında  yüksək səviyyədə təmsil olunur. Bu da onu deməyə əsas verir ki, respublikamız mədəni dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa davamlı töhfəsini verir və bu sahədə kifayət qədər etimad qazanıb. Ölkəmiz MSC 2026-da həm də regionda sülhü əldə etmiş, əməkdaşlığa körpü salan fəal aktor kimi iştirak edir və hər zaman olduğu kimi, dünyaya da sülh, faydalı dialoq və əməkdaşlıq mesajları ötürür. Prezident İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibəsində konfransın ölkəmiz üçün əhəmiyyətini şərh etdi, mesajlarının əməkdaşlıq, sülh və tərəfdaşlıq olduğunu vurğuladı: "Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir".
Azərbaycanın irəli sürdüyü təşəbbüslərin müasir çağırışlara əsaslanması və dünya nizamının formalaşdırılması proseslərinə töhfə verməsi  onun mütəmadi şəkildə Münxen Təhlükəsizlik Konfransında iştirakını şərtləndirən əsas faktordur. Bundan başqa, son 5 il və 6 ayda regionda yaranan yeni reallıqlar fonunda Prezident İlham Əliyevin necə müdrik siyasət yürütdüyü və güclü diplomatik məharət, siyasi iradə ortaya qoyduğunu göstərir. Məhz bu baxımdan Avropa ölkələri Münxen konfransı vasitəsilə  sülhə və təhlükəsizliyə dair məsələlərdə respublikamızın mövqeyini öyrənməkdə, başqa sözlə, Azərbaycan nümunəsindən faydalanmaqda maraqlıdırlar. Digər tərəfdən, ölkəmizin qoca qitə üçün kifayət qədər böyük potensiala malik tərəfdaş olması da onun bu təhlükəsizlik platormasındakı yeri və rolunun vacibliyini göstərir. Bəli, respublikamızın ənənəvi enerji, nəqliyyat-logistika, ticarət və yaşıl enerji sahələrinə dair mühüm təşəbbüsləri həm milli, həm də qlobal xarakter daşımaqla Avropanın maraqlarına da xidmət edir. Bu nöqteyi-nəzərdən Avropanın təşəbbüsü ilə 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında  “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması olduqca mütərəqqi addımdır. Bu sayədə respublikamızın müəllifi olduğu Cənub Qaz Dəhlizinin imkanları daha da artırıldı və həmin dəhliz hazırda Avropanın təhlükəsizlik arteriyasıdır desək, yeridir. Təsadüfi deyildir ki, ilbəil bu layihəyə maraq daha da çoxalır, yeni interkonnektorlar vasitəsilə mavi yanacaq nəqli artır. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, indi bu miqdar 13 milyarda çatdırılıb və daha da artırılacağı nəzərdə tutulur. Hazırda respublikamız 16 ölkəyə təbii qaz nəql edir ki, həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. 
Azərbaycan Avropa üçün həm də mühüm nəqliyyat bağlantısı yaradan əvəzolunmaz tranzit ölkədir. Orta Dəhlizin Asiya ilə Avropa əlaqələndiricisi kimi, respublikamız qitələr arasında mühüm ticarət körpüsü rolunu oynayır. Orta Dəhlizlə yükdaşımaların həcminin son 5 ildə 7 dəfə artması da ölkəmizin bu sahədəki fəaliyyətinin nəticəsidir. 2027-ci ilə qədər bu marşrutun ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialının daha da güclənəcəyini və Avropa üçün önəminin daha da artacağını deməyə əsas verir. Xüsusilə 8 avqust 2025-ci il tarixdə Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalara əsasən yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizinin imkanları həm Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına, o cümlədən də Asiya kimi Avropa üçün önəmli ticarət, nəqliyyat əlaqələrinə, faydalı əməkdaşlığa yeni impuls verəcək.
Bütün geosiyasi, geoiqtisadi prosesləri analiz etdikcə aydın olur ki, Azərbaycan Avropa üçün təhlükəsiz yaşayışın və faydalı əməkdaşlığın təmin olunması nöqteyi-nəzərindən mühüm tərəfdaşdır. İstər enerji, istər nəqliyyat, ticarət, istərsə də humanitar baxımdan tərəflər arasında güclü əməkdaşlıq perspektivləri mövcuddur. Bütün bu məsələlərin və hazırkı dönəmdə baş verən digər proseslərin müzakirəsi, gələcək birgə fəaliyyətin müəyyənləşdirilməsi baxımından Münxen Təhlükəsizlik Konfransının rolu mühümdür. Respublikamızın konfransda iştirak edən bütün ölkələrə, beynəlxalq təşkilatlara yeni tərəfdaşlıq üçün həm əlverişli iqtisasi, ticari mühit, həm də təşəbbüslər baxımından təqdim edəcəyi üstünlüklər kifayət qədərdir. Prezident İlham Əliyevin Münxendə Azərbaycan telekanallarına müsahibəsində dediyi kimi: "Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir".

Nail ƏSGƏROV

Nəşr edilib : 13.02.2026 22:00