NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Müasir çağırışlar, mühüm təşəbbüslər

...

Böyük Qayıdış: “yaşıl iqtisadiyyat”, “yaşıl enerji”

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra dövlət siyasətinin əsas iki prioritetindən birini hərbi gücün artırılması, digərini isə azad olunan torpaqlara Böyük Qayıdış proseslərinin uğurla reallaşdırılması təşkil edir. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın prioritetləri sırasında soydaşlarımızın geri qayıdışının təmin olunması ilə yanaşı, Qarabağda, Şərqi Zəngəzurda qeyri-neft sektorunun inkişafı, “yaşıl iqtisadiyyat”a keçid, “yaşıl texnologiya”ların tətbiqi də yer alıb. Proqramda qeyd edilir ki, ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk  məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdən birini təşkil edir. Eyni zamanda 2022-ci il mayın 3-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam da bu istiqamətdə reallaşdırılacaq layihələrə dair vahid konsepsiya və hədəfləri müəyyənləşdirib.

Qarabağ və Şərqi Zəngəzurun elektrik enerji tələbatı 100 faiz

“yaşıl enerji” hesabına təmin edilir

Azərbaycan Qarabağ və Şərqi Zəngəzur üzrə 2050-ci ilə qədər sıfır karbon emissiyası öhdəliyi götürüb, ötən bir neçə ildə həmin ərazilərdə yaşıl infrastrukturun qurulması, “yaşıl iqtisadiyyat”a keçid prosesində ciddi addımlar atılıb. Bu baxımdan əsas inkişaf istiqamətləri kimi bərpa olunan enerji mənbələrindən istifadə və sənayenin inkişafına dair layihələrin icrası daha qabarıq şəkildə özünü göstərir. Birinci istiqamət üzrə onu vurğulamaq olar ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji  zonası”nın yaradılması üzrə Tədbirlər Planı”nın icrası nəticəsində təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası – 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.

Ümumilikdə, 4 il ərzində işğaldan azad olunan torpaqlarda 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə daha 11 su elektrik stansiyasının açılışı plandadır. Növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən “yaşıl enerji zonası”nın yaradılması məqsədilə 2030-cu ilə qədər isə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq. Qarabağın mövcud təbii potensialı və bu potensialdan səmərəli istifadə reallaşdırılan layihələrin töhfələr verməsinə yol açıb, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovatsaatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdəiki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Təqdirəlayiq haldır ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisi sisteminə ötürülür.

         “Yaşıl iqtisadiyyat”a uğurlu keçid, qeyri-neft sənayesinin    inkişafı

Zəngilan rayonunda Ağalı kəndinin “ağıllı kənd” konsepsiyası əsasında inşası ilə start götürən “yaşıl iqtisadiyyat”a keçid prosesi daha sonra digər kəndləri, şəhərləri o cümlədən Laçını, Ağdamı, Xocalını, Füzulini, Şuşanı, Xankəndini də əhatə edib. Bu gün Ağalı kəndinin küçələrinin “ağıllı” işıqlandırılması, yaşayış məntəqəsində isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq olunur. Ağdam rayonunun Baş Qərvənd, Füzulinin Dövlətyarlı kəndləri “ağıllı kənd” konsepsiyası əsasında tikilir. Həmçinin Laçın şəhərinin özündə, Zabux və Sus kəndlərində fərdi yaşayış evlərində, müəssisələrdə, təşkilatlarda “yaşıl texnologiya”lardan istifadə edilir.

“Yaşıl iqtisadiyyat”a uğurlu keçidi təmin edən əsas istiqamətlərdən biri də sənaye müəssisələrinin yaradılması, “yaşıl texnologiya”ların istehsalata tətbiqi və beləliklə də, qatqısız, ekoloji cəhətdən saf, təmiz məhsul istehsalına nail olunmasıdır. Bu baxımdan innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi məqsədlərinə xidmət edən sənaye parkları modelinin əhəmiyyəti kifayət qədər böyükdür. Hazırda ölkə üzrə 9 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Onlardan ikisi yerləşdiyi coğrafiya, nəqliyyat-logistika imkanları baxımından əlverişli olan Ağdam və Cəbrayıl rayonlarında yaradılıb. Əsas məqsəd qeyd etdiyimiz kimi, işğaldan azad olunan ərazilərdə iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sayılan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafına təkan verməkdir. Əminliklə vurğulamaq olar ki, sənaye parklarının fəaliyyəti gələcəkdə dayanıqlı məskunlaşma, iqtisadi   fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadəni təmin etməklə re­gional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Parkın artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Parkda fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla, 85 milyon manatlıq, cari ilin birinci rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsal olunub. İstehsal edilən məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir. Belə ki, cari ildə müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib. Hazırda ixracyönümlü fəaliyyətə dair müvafiq işlər həyata keçirilir.

Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə investisiyası sayəsində yeni tikiş fabrikinin istifadəyə verilməsi isə həm tarixi ənənələrin bərpasına, bölgəyə qayıdan sakinlərin, xüsusilə də qadınların məşğulluğunun artırılmasına xidmət edir, həm də regionda yüngül sənayenin inkişafına təkan verir. Ümumi investisiya dəyəri 11 milyon manat təşkil edən fabrika həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Müəssisədə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal olunacaq. Müəssisə işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynamaqdadır. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər işlə təmin olunub. Ümumilikdə isə müəssisədə 800 iş yerinin yaradılması nəzərdə tutulur.

Göründüyü kimi, Azərbaycan yerləşdiyi coğrafiyada həm tarixi ədaləti bərpa edir, həm də müasir çağırışlara tutarlı cavab verən təşəbbüslər irəli sürür, gələcəyə yönəlik həm siyasi, həm də iqtisadi cəhətdən effektiv yanaşmalar ortaya qoyur. Nəzərə alsaq ki, hazırkı dünyamızın qarşısında duran əsas problem, həllivacib məsələ atmosferə atılan tullantıların miqdarının azaldılması üçün “yaşıl iqtisadiyyat”a keçid, “yaşıl enerji”dən səmərəli istifadədir, o zaman respublikamızın Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələrin önəmi daha çox özünü göstərir. Prezident İlham  Əliyev III Şuşa Qlobal Media Forumunda jurnalistin sualına cavab olaraq bir daha ölkəmizin “yaşıl enerji” gündəliyinin geniş olduğunu vurğuladı və bu gündəlikdə duran məsələlərin həlli baxımından Qarabağın, Şərqi Zəngəzurun potensial imkanlarını yüksək qiymətləndirdi: “2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq “yaşıl enerji”ni, o cümlədən günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz, həqiqətən, çox genişdir. Eyni zamanda mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər”.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.09.2025 16:59