“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Muxtar respublikamızın coğrafi və təbii iqlim şəraiti burada bəzi xəstəliklərin yayılmasının qarşısını alır, hətta yüz illər boyu mövcudluğunu saxlayan təbii abidələr insan sağlamlığında mühüm rol oynayır. Bu da qədim diyarımızın tanınmasında, burada müalicə turizminin inkişafında böyük əhəmiyyət daşıyır. Belə təbii abidələrdən biri də Duzdağ mağarasıdır. Burada 1917-ci ildən sənaye üsulu ilə duz çıxarılmağa başlanılıb. Böyük İpək Yolu üzərində yerləşən qədim diyarımıza elə o vaxt bu qiymətli sərvəti almağa gələn çoxlu tacir üz tutub. Mütəxəssislər uzun illərdir ki, bu mağarada tədqiqatlar aparmaqdadırlar. Əldə olunmuş elmi nəticələr Naxçıvanın zəngin təbii sərvətlərinin bu qədim yurd yerinə Ulu Tanrının böyük bəxşişi kimi dəyərləndirilir. Qeyd edək ki, uzun illər insanlar dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən mağaranın müalicəvi əhəmiyyətini başa düşərək buradan kortəbii surətdə istifadə ediblər. 1979-cu ildə isə burada Duzdağ Müalicə Mərkəzi yaradılıb. Mərkəz ilk günlərdən öz fəaliyyətini uğurla qurub. Ötən müddət ərzində buradakı hərtərəfli şərait mərkəzə insanların axınını daha da artırıb. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin sağlamlıq ocağına üz tutduq.
Həmkarlarımla birgə mağranın içinə daxil oluruq. İlk baxışdan nağıllar aləminə düşdüymüzü hiss edirik. Bizi qarşıda uzun bir yol gözləyir. O yol ki hər tərəfi kristallaşmış duzdan ibarətdir. Duz kristallarının quraşdırılmış işıqlandırma sistemi ilə birgə bir-birinə bərq vurması bu yolu ecazkar bir gözəlliyə qərq edir. Yolboyu addımladıqca mağaranın təbii aurasında duz tamını nəfəsimizdə hiss edirdik.
Məlumat üçün bildirək ki, bu gün mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyində fəaliyyət göstərir. Müalicə ocağının baş tibb bacısı Nuranə Mirzəyeva bizi bu möcüzəli məkanla yaxından tanış etdi. Müsahibimin sözlərinə görə, labirint şəklində, ümumi uzunluğu 46 kilometr olan Duzdağın yeraltı hissəsi girişdən 360 metr məsafədə, 110 metr dərinlikdədir. Onun sözlərinə görə, bu şəfa mərkəzində ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 25-30 faiz arasında dəyişir, atmosfer təzyiqi 678 millimetr civə sütunundadır.
Müsahibimizin sözlərinə görə, burada pollinozlar, atopik dermatit, övrə kimi xəstəliklər müalicə edilir.
Öyrənirik ki, Naxçıvan duzu bir çox xəstəliklərin, o cümlədən bronxial-astma infeksion allergik forma və atopik forma, astmatik komponentli xroniki bronxitin remissiya fazası, kəskin və xroniki bronxitlər, predastma yeni astma öncəsi xəstəliklər, allergik rinosinusopatiyalarda faydalıdır. Dünyanın bir çox ölkəsində duz mədənləri fəaliyyət göstərsə də, Naxçıvan Duzdağ mağarası kimyəvi və ekoloji baxımdan fərqlənir. Digər ölkələrin duz mədənlərində havada NaCl ionlarının miqdarı 12 mq/m³ olduğu halda, Naxçıvanda bu göstərici 21 mq/m³ təşkil edir. Naxçıvandakı Duzdağda havanın tərkibində metil xlorid, metan və propan kimi zəhərli qazlara rast gəlinmir ki, bu da müalicə üçün daha təhlükəsiz mühit yaradır.
Qeyd olunmalıdır ki, yüksək müalicəvi əhəmiyyətə malik olan bu şəfa ocağına üz tutanlar Ulu Tanrının mərhəməti ilə sağalaraq geri dönürlər. Duz mağarasına müalicə olunmaq üçün muxtar respublikamızla yanaşı, ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən üz tutanlar da az deyil. Elə biz də burada olarkən Duzdağdan şəfa almaq məqsədilə gələnlərin bir neçəsi ilə həmsöhbət olduq.
Sədaqət Cabbarova bildirdi ki, 3-cü ildir, Bakı şəhərindən buraya gəlir. Nəvəsini gətirir. Onun həm özündə, həm də nəvəsində allergiya problemləri var. Hər dəfə buraya gələndə xeyrini görürlər. Nəvəsində, demək olar ki, bu problem yox olmaq üzrədir. Müsahibim deyir ki, burada xəstələr üçün yaradılmış şərait yüksək səviyyədədir. O belə şəraitə görə minnətdarlığını bildirdi.
Ordubad rayonunun Dəstə kəndindən olan Muxtar Məmmədov: “Duzdağa 4 ilə yaxındır ki, gəlirəm. Bu şəfa mərkəzi haqqında məlumatım var idi. Tələbə vaxtı gəzmək üçün buraya gəlmişdim. Amma bu dəfə gəlməyimizə səbəb həkim məsləhəti oldu. Qızımın səhhətində yaranan narahatlıqdan sonra onunla birgə buraya üz tuturam. Həqiqətən, məsləhətli bir müalicəvi mərkəzdir. Çünki hər dəfə gələndə xeyrini görürük. Buranın kollektivi mərkəzə üz tutan hər bir kəslə yaxından maraqlanır. Bizə göstərilən qayğıya görə hər bir kollektiv üzvünə ailəm adından minnətdarlığmı bildirirəm”.
Mağarada kiçik bir qız uşağı diqqətimizi cəlb etdi. Onunla buraya gəlmiş yaxın qohumuna yaxınlaşıb tanış olduq. Öyrəndik ki, Miray adlı bu qız səhhətində yaranmış problemlə bağlı buraya gətirilib. Ukraynanın Xarkov şəhərində yaşayan Mirayın 8 yaşı var. İlk dəfədir, buraya gəlir. Bir neçə gündür, müalicədədir və buranın onun çox xoşuna gəldiyini bildirir.
Müalicəyə gələnlər içərisində bir Almaniya vətəndaşı da var. Zemfira Rzayeva nəvəsi Donevini müalicə üçün buraya gətirib. Zemfira xanım deyir ki, həkimdir. Nəvəsinin səhhətində yaranan problemlər onların ailəsində narahatlığa səbəb olmuşdu. Davamlı müalicə alsa da, nəticəsiz qalırdı. Öyrənib bildik ki, Azərbaycanın bu gözəl guşəsində belə bir müalicəvi məkan var. Və buraya gəlməyi qərara alıblar: “Burada olduğumuz günlər ərzində nəvəmin səhhətində nəzərəçarpacaq dərəcədə dəyişiklik olacağına ümid edirəm. İnanıram ki, müalicə mərkəzi nəvəmin tam sağalacağı unikal məkandır. Nəvəm tam sağalana qədər buraya gəlməyi planlaşdırıram”.
Donevin də nənəsinin fikirlərini təsdiq etdi. Mağaradan çox xoşu gəldiyini bildirdi. O da nənəsi kimi sağalacağına ümidlidir. Sonda Donevin bu möcüzəli mağara haqqında dostlarına da danışacağını, burada çəkdirdiyi şəkilləri də göstərəcəyini bildirdi.
Son olaraq buraya şəfa tapmaq üçün istər Naxçıvanımızdan, istərsə də xarici ölkələrdən gəlmiş insanlara sağalmaq arzularımızı bildirməklə buraya gələnlərə göstərilən xidmətə görə qürur duyduq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər