Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Səhərin erkən saatlarıdır. Bazarda addımbaşı səs-səda eşidilir; biri tərəzinin başında durub, biri yeşikdən alma seçir, digəri də torbaya pomidoru yığır. Payızın özünəməxsus havası duyulur. Bazarın hər küncündə nemətlərin bolluğu hiss olunur.
Meyvələrin çoxluğu göz oxşayır, bir tərəfdə qırmızı almanın parıltısı, bir tərəfdə sarı armudların cərgəsi, qarşıda isə gözoxşayan xurmalar. Bu mənzərəyə baxanda istər-istəməz düşünürsən, bolluq olan yerdə həm alıcı razıdır, həm də satıcı.
Üç ildir ki, bazarda satıcılıqla məşğul olan Musa Əsgərov bu mənzərəyə artıq alışıb. Onun sözlərinə görə, meyvə-tərəvəzlər hər il olduğu kimi, bu il də boldur və qiymətlərdə də dəyişiklik yoxdur. Hər şey sabitdir.
O, deyir ki, məhsul bol olanda qiymət artımı da çox olmur. Bazara çox məhsul çıxanda qiymət də bir qədər aşağı düşür.
Bazarın gedişində alıcılarla da söhbətləşdik. Qadınlardan biri torbasına alma seçib yığarkən deyir: “Hər payız gələndə qorxuram ki, qiymətlər qalxar. Amma bu il elə olmadı. Keçən illə demək olar eynidi. Həm keyfiyyətli, həm də boldu”.
Bolluğun gətirdiyi ən gözəl mənzərə bazarda insanlar arasında rahatlıqdır. Nə əsəbi satıcı var, nə də narazı alıcı. Hər kəsin çöhrəsində razılıq var.
Satıcılar mallarını səliqə ilə düzürlər. Qırmızı, yaşıl, sarı rənglərin içində elə bil, təbiət bir tablo yaradıb. Göyərtilər bir kənarda, ağzına kimi kələm dolu kisələr, bir azda aralıda təzə yığılmış soğanlar…
Kimisi bir tərəfdə “Üzüm neçəyədir?” - deyir, kimisi isə alma seçərkən “Qırmızılar şirindimi?” sualını verir.
Bazarda belə səhnələr artıq bir növ həyat tərzidir. Hər payızda bu mənzərə təkrarlanır, amma hər dəfə fərqli hisslərlə.
Musa Əsgərov bildirir ki, bazardakı məhsulların çoxu yerli istehsaldır, amma bəzi meyvələr başqa bölgələrdən gətirilir: “Xurma, portağal, limon kimi meyvələr bizdə yetişmir. Onlar, əsasən, cənub rayonlarından, eləcə də Bakı tərəfdən gətirilir. Amma qiymət fərqi böyük deyil. İndi bazarda hər zövqə uyğun meyvə tapmaq olur, istəyən yerli alma, istəyən də uzaq rayondan gələn portağalı alır”.
O əlavə edir ki, bazarda sabitlik həm də alıcı çoxluğuna görə olur: “Bəzən elə gün olur ki, məhsul tez tükənir. Çünki camaat həm gündəlik yemək üçün, həm də qış tədarükü üçün alır. Mövsümə görə turşu, mürəbbə, qurudulmuş meyvə hazırlayırlar”.
Bolluğun kökü, əlbəttə, tarladadır. Fermerlərin əkin sahələrində bu il məhsuldarlıq artıb. Hava şəraiti nisbətən isti keçsə də, suvarmada problem olmayıb. Bu da bazara daha çox məhsulun çıxmasına şərait yaradıb.
Satıcılar deyirlər ki, artıq məhsulların çoxu yerli fermerlərdən alınır, bu da qiymətləri sabit saxlayır. Əvvəllər məhsullar daha çoxu başqa bölgələrdən gətirilirdisə, indi daha az gətirilir.
Bazarda gəzərkən qulağa gələn səslər qarışır: tərəzinin taqqıltısı, bir tərəfdən alıcının “Təzədir?”, digər tərəfdən, satıcının “Götürsən endirim edərəm” sözləri. Bu səs-küy, əslində, sabitliyin səsidir, demək ki, hər şey qaydasında, bazarın ritmi yerindədir.
Hər addımda bərəkət, hər torbada təbiətin payı görünür. Biri alır, biri satır, amma hər iki tərəf razı qalır.
Musa Əsgərov vurğulayır ki, ən yaxşı alış-veriş çox zaman elə bu mövsümdə olur.
Payız bazarı həm satış yeri, həm də təbiətin səxavətinin nümayişidir. Bu il də bazar bolluq içindədir, qiymətlər alıcıların cibinə uyğundur. Hər tərəf ahəng içindədir, payızın rəngləri, meyvələrin ətri, insanların səsi bir melodiyaya çevrilib.
Musa Əsgərovun dediyi kimi, “Hər il necədirsə, bu il də elədir”. Sabitlik, bolluq və razılıq.
Elə bu sabitlik payızın gətirdiyi ən gözəl nemətdir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər