Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16:29 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Bu gün keçirilən iclasda monitorinq və əlaqələndirmə qrupunun 2025-ci ilin III rübü ərzində gördüyü işlərin müzakirəsi aparılmışdır.
İclası Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası" təsdiq edilib.
Qərara əsasən komitənin və müvafiq qurumların üzərinə tapşırıqlar qoyulmuşdur. Komitə bu sahə ilə bağlı normativ-hüquqi aktları rəhbər tutaraq öz fəaliyyətini bu sahədə qurmuşdur.
Qeyd edilmişdir ki, zorakılıq heç bir mədəni, coğrafi, dini, sosial, iqtisadi sərhəd tanımayan qlobal problem olub, bir insanın digərinə nəzarət etmək, onu hədələmək, qorxu hissi yaratmaq məqsədilə getdikcə daha da çox təkrarlanan fiziki, şifahi, mənəvi, iqtisadi təhdiddir. Zorakılığın əsas qolu məişət zorakılığı isə öz başlanğıcını gender bərabərsizliyindən götürür və insan hüquq və azadlıqlarının ciddi pozuntularından hesab olunur.
A.Məmmədova vurğulamışdır ki, zorakılıq və ya ailədə zorakılıq halları yalnız bir qadın və ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükədir.
Qeyd olunmuşdur ki, komitə tərəfindən mütəmadi olaraq yerlərdə müvafiq mövzularda tədbirlər keçirilir. Əsas məqsəd ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, uşaq əməyinin istismarı hallarının qarşısının alınması, qadınların hüquqlarının müdafiə olunması, gender bərabərliyi, erkən nikahların fəsadları, məişət zorakılığının qarşısının alınması, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır.
Daha sonra çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova 2025-ci ilin müvafiq dövrü ərzində görülmüş işlərlə bağlı məlumat verərək qeyd etmişdir ki, komitə və yerli monitorinq və əlaqələndirmə qrupları tərəfindən profilaktik və maarifləndirici layihələr, təlimlər, məlumat kampaniyaları və sosial dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət nəticəsində psixoloji və hüquqi yardımın göstərilməsi, ictimai məlumatlılığın artırılması, qadınların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub.
Yerli monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti, yerli icra orqanlarının, hüquq-mühafizə strukturlarının, sosial xidmət və səhiyyə müəssisələrinin birgə əməkdaşlığı sayəsində zorakılıq halları üzrə operativ reaksiya, profilaktika və maarifləndirmə işləri həyata keçirilir.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin böyük prokuroru Turqay Həşimli müvafiq mövzu ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat vermişdir. O, bildirmişdir ki, məişət zorakılığı təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə yönəlmiş ciddi təhdiddir. Məişət zorakılığı ilə mübarizə yalnız cinayət qanunvericiliyi çərçivəsində deyil, həm də sosial və psixoloji tədbirlərlə dəstəklənməlidir.
İclas diskussiya şəklində davam etmiş, iştirakçılar tərəfindən təkliflər irəli sürülmüş və müzakirələr aparılmışdır.
Digər xəbərlər