Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Möminə xatun abidəsinin bərpa və konservasiya işlərinin aparılması ilə bağlı dövlətimizin növbəti addımı, bu abidənin uzun əsrlərboyu Azərbaycan memarlıq və mədəniyyət tarixindəki özünəməxsus xüsusiyyətlərini qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək missiyasını bir daha təsdiq edir. Abidə özünün konstruksiyası və Şərq memarlığının inkişafındakı roluna görə nəinki Azərbaycan, bütün Şərq, hətta Avropa tədqiqatçıları tərəfindən böyük diqqətlə tədqiqata cəlb olunub. Möminə xatun abidəsi bir neçə baxımdan həmişə öz tarixi əhəmiyyətini qoruyub saxlamışdır. Birincisi, abidə türk-İslam mədəniyyətinin nadir incilərindəın biri kimi çox yüksək əhəmiyyətə malikdir. Abidə XII əsrdən etibarən Naxçıvan memarlıq məktəbinin əzəmətini və Naxçıvan memarlıq irsinin qüdrətini nümayiş etdirən bir pasportdur, bir tarixi sənətdir.
Abidənin uzun əsrlərboyu bölgədə mövcudluğu, parametrləri və memarlıq konstruksiyası orta əsrlər dövründə Naxçıvan ərazisində dünyəvi elmə nə qədər böyük bir marağın olduğunun göstəricisidir. Çünki Möminə xatun abidəsi, bütövlükdə, riyaziyyat, həndəsə, incəsənət, xəttatlıq məktəblərinin vəhdəti nəticəsində meydana gəlmiş unikal bir abidədir. Abidənin digər əhəmiyyəti onun üzərindəki kufi xətti ilə yazılmış müqəddəs kəlamlardır ki, bunlar, bütövlükdə, Naxçıvanın orta əsr mədəniyyət ruhunun göstəricisidir. Möminə xatun türbəsinin inşasından sonrakı müddətdə həm Azərbaycanın digər bölgələrində, həm Yaxın Şərq ölkələrində, həm də Anadolu ərazisində tikilən abidələrdə Möminə xatun türbəsinin təsirlərini görmək mümkündür. Heç şübhəsiz ki, bu abidənin tikilməsi, eyni zamanda Əcəmi Əbubəkr oğlunun memarlıq şöhrətini təsdiq edən, günümüzə qədər gəlib çıxmış nadir memarlıq abidəsidir.
Əcəmi Əbubəkr oğlunun yaradıcılığı məhz bu abidənin mövcudluğu ilə daha da geniş tədqiqata cəlb olunmaq imkanı verir. Abidə ətrafında araşdırmalar apararkən, əlbəttə, Naxçıvanın orta əsr şəhər mədəniyyətinin inkişafını da tədqiq etmiş oluruq. XII əsrdə ölkəmizdə inkişaf etmiş şəhər mədəniyyəti nümunələrindən biri məhz Naxçıvan şəhəri olubdur və XII əsr Naxçıvan şəhərinin əzəmətini təsvir edən maddi sübut kimi Möminə xatun abidəsini göstərə bilərik.
Möminə xatun abidəsi həm də qadın şərəfinə ucadılmış bir türbədir. Bu türbənin qadın şərəfinə ucadılması da hələ orta əsrlər dövründə qadının cəmiyyətdə, dövlət və ictimai həyatdakı xüsusi önəmini, rolunu təsdiqləyən maddi bir sübutdur. Bu baxımdan, Möminə xatun abidəsinə ölkə başçısının böyük diqqəti, əlbəttə ki, ziyalıların, tədqiqatçıların böyük rəğbətinə səbəb olub. Ona görə ki, bu türbə özlüyündə Azərbaycan mədəniyyətinə, Naxçıvan incəsənətinə, memarlığına verilmiş ən böyük dəyərin ifadəsidir və bu dəyəri Azərbaycan və Naxçıvan ziyalıları böyük minnətdarlıqla qeyd edirlər. Ona görə ki, Möminə xatun abidəsinə qiymət vermək Atabəylər dövrünün, Əcəmi yaradıcılığının, Naxçıvan orta əsr şəhər mədəniyyətinin təntənəsi kimi qəbul edilir. Buna görə də biz bir daha ölkə başçısına dərin minnətdarlığımızı bildiririk ki, abidənin qorunub saxlanılması, konservasiyası üçün belə bir əhəmiyyətli Sərəncam imzalayıb.
Təbii ki, Naxçıvan Dövlət Universitetində memarlıq sahəsində kadr hazırlığının aparıldığını nəzərə alsaq, bizim üçün ikiqat sevincdir. Bu abidə, eyni zamanda bizim Memarlıq, Tarix və Filologiya ixtisaslarının tələbələri üçün də hər zaman bir təcrübə məktəbi və təcrübə abidəsi olubdur. Bu abidənin qorunması, konservasiyası işi də bu gün bizim – Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin şahidliyi ilə həyata keçiriləcək. Bunun da həm Abidələrin qorunması ixtisası, həm Muzeyşünaslıq ixtisası, Tarix ixtisası, həm də Memarlıq və təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrimiz üçün də xüsusi əhəmiyyəti vardır. İnanıram ki, bu abidənin qorunması ilə bağlı imzalanmış bu Sərəncam daha yeni əsərlərin, məqalələrin və kitabların meydana gəlməsi üçün yeni mərhələnin başlanğıcı olacaqdır.
Digər xəbərlər