NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Mir Qabil Əkbərov: Düzgün repertuar və təqdimat fərq yaradır

...

Son zamanlar teatr tamaşalarına maraq göstərənlərin sayı xeyli artıb. Bu artım xüsusilə gənc tamaşaçılar arasında özünü daha qabarıq şəkildə göstərir. Naxçıvan Dövlət Milli Dram teatrının direktoru Mir Qabil Əkbərovun sözlərinə görə, tamaşaçı kütləsinin müxtəlif yaş qruplarına uyğun repertuar seçimi marağın artmasında əsas rol oynayır.

Mir Qabil Əkbərov bildirir ki, tamaşaçı cəlb etmək üçün, ilk növbədə, repertuar düzgün müəyyənləşdirilməlidir: “Birinci növbədə, repertuar seçimi düzgün olmalıdır ki, hər yaşa, hər kateqoriyaya xidmət etsin. Məsələn, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə daha çox 30 yaşdan yuxarı tamaşaçılar gəlir. Amma gənclərin daha çox maraq göstərdiyi tamaşalar sırasında Viktor Hüqonun “Edama məhkumun son günü” kimi əsərlər yer alır. Bu da ondan irəli gəlir ki, repertuarı hazırlayarkən gənc auditoriyanı nəzərə alırıq”.

Onun sözlərinə görə, teatr hər il dörd yeni tamaşa hazırlayır: “Onların ikisi klassik, ikisi isə sırf gənclərə yönəlik olur. Şəhərdə gəzərkən gənclərin əllərində tez-tez kitablar, romanlar, hekayələr görürük. Onlar, məsələn, Stefan Zweigə, Viktor Hüqoya və Jack Londona üstünlük verirlər. Biz də bu kimi əsərləri səhnələşdiririk və repertuara daxil edirik. Bu, gənclərin marağını daha da artırır”.

Teatr rəhbəri qeyd edir ki, gənclərin diqqətini cəlb etmək üçün teatr daha yaradıcı olmalıdır: “Standart yanaşmadan bir qədər uzaqlaşmaq, gənclərdə “mükəmməl effekti” yaratmaq lazımdır. Bizim üçün yaşlı nəsli inandırmaq daha asandır, çünki onlar klassik teatr üslubuna öyrəşiblər. 70-ci illərdən bu yana onlar pathos teatrını qəbul ediblər. Amma gəncləri heyrətləndirmək bir az çətindir. Çünki indi sosial şəbəkələr, 3D filmlər, texnologiyalar, robot dövrü hökm sürür. Teatr bu fon qarşısında daha yaradıcı olmalıdır”.

Mövzu və janr məsələsinə toxunan Mir Qabil Əkbərov bildirir ki, əsas diqqət mövzuya yönəlməlidir: “Janrlarda ciddi dəyişiklik yoxdur. Amma üslub fərqli ola bilər. Tutaq ki, absurd, surrealizm, minimalizm və ya fərqli baxış bucaqları tətbiq olunur”.

Onun sözlərinə görə, son vaxtlar gənclərin daha çox maraq göstərdiyi tamaşalardan biri “Mənim” adlı monotamaşadır: “Məsələn, “Mənim” adlı monotamaşa panterma üslubunda qurulub. Tamaşada aktyorumuz İsmayıl Mirzəcanov tək çıxış edir. Bu tamaşaya çox böyük maraq var. 50 biletdən 35-40-ı gənclər tərəfindən alınır, qalanı isə yaşlı nəsildən. Bu da onu göstərir ki, düzgün təqdimat gəncləri teatra cəlb edir”.

Mir Qabil Əkbərov, həmçinin tamaşaların təqdimat üsulunun da tamaşaçı marağında mühüm rol oynadığını vurğulayıb:

“Adi afişa paylaşanda maraq çox az olur. Amma tamaşanın treylerini, teaserini və ya videofraqmentlərini paylaşanda sosial şəbəkələrdən daha çox müraciət alırıq. Hətta elə gənclər var ki, tamaşadan sonra bizə yaxınlaşıb aktyor kimi səhnəyə çıxmaq istədiklərini bildirirlər”.

Son illər gənclərin teatr tamaşalarına artan marağı təsadüfi sayılmaz. Düzgün repertuar seçimi, yaradıcı təqdimat formaları, müasir mövzular və texnologiyalardan səmərəli istifadə teatrı yenidən cəmiyyətin diqqət mərkəzinə gətirib. Gənc auditoriyanın səhnəyə yönəlməsi isə bu sənətin gələcəyinin parlaq olacağına ümid yaradır.

Naxçıvan teatrı bu istiqamətdə atdığı addımlarla yalnız tamaşaçı qazanmaqla kifayətlənmir, həm də gənc nəsildə sənət sevgisi, mədəni zövq və yaradıcılıq ruhu formalaşdırır.

          Elnurə CƏFƏROVA

Nəşr edilib : 25.10.2025 16:03