NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunmuş “Səma mələyi” adlı kitabın təqdimatı keçirilib

...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Adim Adıgözəlin 2024-cü il dekabr ayının 25-də Bakı-Qroznı reysində qəza nəticəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevaya həsr etdiyi “Səma mələyi” adlı kitabının təqdimatı keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, tədbir başlamazdan öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Təqdimatı giriş sözü ilə kitabın müəllifi Adim Adıgözəl açaraq qeyd edib ki, Hökumə Əliyeva yalnız peşəkar bələdçi deyil, həm də Azərbaycan tarixində qəhrəmanlığı və fədakarlığı ilə iz buraxan şəxsiyyətlərdən biridir. Dünya bir həqiqəti dərk etdi ki, Azərbaycan xalqının cəsur oğulları, mərd qızları ən çətin anda belə öz təmkinlərini pozmur, dünyadan köçəndə belə hünər, qeyrət və qəhrəmanlıq simvoluna çevrilir.
 
Tədbirdə çıxış edənlər bildiriblər ki, təqdimatına toplaşdığımız “Səma mələyi” kitabının müəllifi Adim Adıgözəl dayısı qızı Hökumə Əliyevanın adını əbədiləşdirmək üçün qəhrəman bələdçiyə, Milli Qəhrəmanımıza həsr olunan xatirələri, şeirləri bu kitabda toplayıb. Hər xatirədə, şeirdə Hökumə xanımın qəhrəmanlığı canlanır. O, qəlblərdə yuva quran səma qızıdır, səma mələyidir. Azərbaycan xalqı qədirbilən xalqdı. Öz şəhidini, qəhrəmanını böyük sevgi ilə əzizləyir, onun adını uca tutur. Məlum hadisədən sonra onlarla şair Hökumə Əliyevaya şeirlər həsr etdi, göylər qızını misra-misra əzizlədi, onun qəhrəmanlığını, “Hərşey yaxşı olacaq!”  sözünü milyon-milyon ürəyə həkk etdi. 

Sonra şairlər – Alməmməd Eldaroğlu, Qanun Ümman, Zeyqəm Vüqar, Tofiq Qəbul, Məftunə Nur Milli Qəhrəman Hökumə Əliyevaya həsr etdikləri şeirləri qiraət ediblər.
 
Sonda müəllif “Səma mələyi” adlı kitabını kitabxanaya və digər tədbir iştirakçılarına hədiyyə edib.

Nəşr edilib : 28.02.2025 18:14