TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
12 Iyun 2025, Cümə axşamı
Unudulmuş bir tale: Ümmügülsüm Sadıqzadə
Azərbaycan ədəbiyyatının və istiqlal tarixinin unudulmuş qəhrəmanlarından biri də Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadədir. O təkcə söz ustası deyil, həm də xalqının müstəqillik arzularının və bu yolda çəkdiyi iztirabların canlı simvoludur. Onun həyatı, ailə bağları və yaradıcılığı Azərbaycanın keşməkeşli tarixini bir güzgü kimi əks etdirir.
Ümmügülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dillərini öyrənən Ümmügülsüm hələ uşaq yaşlarından sözə və düşüncəyə maraq göstərirdi. 1908-ci ildən şeir yazmağa başlamış, 1914-cü ildən isə mətbuatda hekayələri dərc olunmuşdur. Onun 1915-ci ildə işıq üzü görən “Solğun çiçəklər” adlı hekayəsi həyatının dönüş nöqtəsinə çevrilmişdir. Bu əsər onun gələcək həyat yoldaşı, yazıçı Seyid Hüseynlə tanışlığına səbəb olmuşdur. Tanışlığı isə o dövrün böyük yazıçısı Hüseyn Cavid vasitəsilə baş tutmuşdur.
Lakin zamanın çətinlikləri onların şəxsi həyatına da kölgə salır. 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilən qırğınlar nəticəsində bir-birlərindən ayrı düşürlər. Ümmügülsüm ailəsi ilə Novxanıya çəkilir, Seyid Hüseyn isə ailəsi ilə birlikdə İrana sığınır. Bakı daşnaklardan azad olunduqdan sonra onlar yenidən bir araya gəlir və ailə qururlar. Bu dövr, yəni Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mövcud olduğu illər Ümmügülsümün yaradıcılığında ən məhsuldar mərhələ sayılır.
O həmin illərdə istiqlalın ruhunu əks etdirən “Türk ordusuna”, “Ey türk oğlu!”, “Çəkil, dəf ol!”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” kimi şeirlər yazaraq cümhuriyyət ideyalarının ədəbi carçısına çevrilmişdir. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet işğalı onun yaradıcılığını da yeni bir mərhələyə daşıyır. Beləliklə, o, poeziyasında öz iztirab və siyasi qəzəbini əks etdirir.
İşğaldan sonra yazdığı “Hicran” və “Bayrağım enərkən” şeirləri həmin dövrün canlı ifadəsi idi. Xüsusilə 1920-ci ilin 3 mayında Azərbaycan Bayrağının parlament binasından endirilməsi ilə bağlı yazdığı “Bayrağım enərkən” şeiri milli ruhun sönmədiyini göstərən nadir nümunələrdən biridir:
Yazıq səni, bayrağım,
Endirdilər, öyləmi?
Səni yıxıb, devirən
O zəhərli ruzigar,
O haqq yeyən haqsızlar
Vəhşilər, Tanrısızlar.
Bu cəsarətli və kəskin şeirlər uzun illər gizli şəkildə Türkiyədə və azərbaycanlı siyasi mühacirlər arasında dolaşmış, Məhəmməd Əmin Rəsulzadə tərəfindən də mühacirətdə yüksək qiymətləndirilmişdir. Qeyd edək ki, Ümmügülsüm həm Müsavat Partiyasının qurucularından Məhəmməd Əli Rəsulzadənin bacısı, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və baldızı idi. Elə bu qohumluq bağları da onun taleyində ağır nəticələrə səbəb olmuşdur.
1937-ci ilin məşum repressiya dalğası Ümmügülsüm və həyat yoldaşı Seyid Hüseyni də əhatə edir. Seyid Hüseyn “xalq düşməni” elan olunaraq Yazıçılar İttifaqından çıxarılır və çox keçmədən həbs edilir. Qısa müddət sonra isə güllələnərək cəsədi Xəzər dənizinə atılır. Ümmügülsüm isə uşaqlarından ayrı salınaraq Bayıl həbsxanasına aparılır. Evi axtarılır, əmlakı müsadirə olunur, əsərləri isə qadağan edilir. Bayıl həbsxanasında olduğu zaman “Qala xatirələrim” adlı xatiratını yazan Ümmügülsüm sonradan 8 illik həbs cəzası ilə Mordvada yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilir. Burada ağır şəraitdə yaşamaq məcburiyyətində qalır. 1943-cü ildə uşaqları ilə görüşmək üçün SSRİ Xalq Daxili İşlər Komissarlığına müraciət etsə də, bu müraciət cavabsız qalır.
Yalnız 1944-cü ilin aprelində azadlığa buraxılan Ümmügülsüm qısa müddət Bakıya qayıdır. Lakin ona burada yaşamağa icazə verilmədiyi üçün qızı Qumral ilə birlikdə Şamaxıya köçür. Həmin ilin sentyabrın 17-də, 45 yaşında qızının qolları üstündə vəfat edir. Müharibənin çətin günləri səbəbindən Şamaxının Şaxəndan qəbiristanlığında dəfn edilsə də, məzarının yeri uzun illər unudulur. Buna baxmayaraq, 1998-ci ildə övladları onun məzarını tapa bilir.
Qızı Qumral xanım anasının məzarını tapdıqdan sonra:
“Anamın faciəli ölümündən 57 il sonra, üstünü quru ot basmış məzarını ziyarət etdik. Atamız Seyid Hüseynin son mənzili Xəzərin dərinliklərində itib-batmışdı. Heç olmasa, anamızın məzarının tapılması bizim üçün bir təsəllidir”, – deyir.
Ümmügülsüm Sadıqzadənin həyatı və irsi təkcə bir şairin deyil, həm də Azərbaycan qadınının milli mübarizədəki mövqeyini göstərən, güc, iradə və şəxsiyyət timsalıdır. Onun sözləri zamanın tozlu səhifələrindən boylanaraq bu gün də bizə səslənir: milli kimliyimizi unutmadan azad gələcəyə doğru addımlamaq…
Elnurə CƏFƏROVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər