NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Mətbəximizin zərif ətri: qızılgül

...

Yaz aylarının gəlişi ilə təbiət öz möcüzəvi rənglərini torpağa naxış kimi vurmağa başlayır. Bu fəsil mənə hər zaman dadı damağımızda qalan meyvələri xatırlatsa da, bir tərəfdən də gözəl ətirli, zərif və incə görünüşlü qızılgülü gözlərim önünə gətirir. Parlaq, zəngin və özünəməxsus olan Azərbaycan mətbəxində bu zərif çiçəyin xüsusi bir yeri var. Səxavətli torpağımızın bizə bəxş etdiyi nemətləri həqiqi kulinariya şedevrlərinə çevirməyi bacaran analarımız, nənələrimiz nəsildən-nəslə ötürülən böyük bir mirası bu günə qədər yaşadırlar. Səhərin o çağı, Günəş doğmadan əvvəl, hələ üstünün şehini itirməmiş və Günəş şü­aları ləçəklərə toxunub onları bərkitməmiş böyük bir əməklə, zərif incəliklə toplanan qızılgül ləçəklərinin sehrli bir sirri var. Bu incə çiçək, sadəcə, vizual gözəlliyi və füsunkar ətri ilə kifayətlənmir, o həm də süfrələrimizin tacı, min bir dərdin dərmanı kimi tanınır.
Qədim Naxçıvanın hər qarışında bitən digər nemətlər kimi qızılgülün də insan sağlamlığına faydalarını saymaqla bitmir. Hələ əsrlər öncə böyük təbib İbn Sina xəstələrinə bu ləçəklərdən məlhəmlər və təbii dərman dəmləmələri tövsiyə edərdi. Müasir tibb də sübut edir ki, qızılgülün ləçəklərində bol miqdarda C, B1, PP, D, E, K vitaminləri, üzvi turşular var. Nənələrimizin “Düz yeddi il qalan gül mürəbbəsi dərmana çevrilir” kəlamı da məhz bu elmi həqiqətlərə söykənir. Bu möcüzəvi təam mədə yaralarını sağaldır, həzm sistemini tənzimləyir, boğaz iltihabına qarşı təbii antiseptik rolunu oynayır, eyni zamanda ürək əzələsini möhkəmləndirib damar spazmlarını azaldır. Gərgin iş rejimində çalışanlar üçün isə o, mükəmməl bir sakitləşdirici vasitədir.
Tanrının bizə bəxş etdiyi bu ehsanı zəhmətlə yoğurub ərsəyə gətirənlərdən biri də  Şərur rayon sakini Müqabil Zamanovdur.  İllər öncə kiçik bir ailə təsərrüfatı quran Müqabil kişi artıq 10 ilə yaxındır ki,  rayonda gülçülüyün inkişafına öz töhfəsini verir və bölgədəki digər təsərrüfat sahiblərinə də ilham qaynağı olur. Şərur torpaqlarının son dərəcə münbit olduğunu deyən təsərrüfatçı rayonun Çərçiboğan kəndində bir hektara yaxın sahədə əkdiyi qızılgül kollarından indi bol məhsul götürür. O, topladığı bu şəfalı ləçəklərdən təkcə mürəbbə deyil, həm də xalis gülab, gül şirəsi və gül arağı hazırlayır.
Əlbəttə, hər qızılgüldən mürəbbə və ya gülab olmaz. Bunun üçün Şamaxı, Zaqatala, Abşeron, eləcə də doğma Naxçıvan bağlarında yetişən xüsusi ətirli, tünd-çəhrayı güllər seçilməlidir. Usta təsərrüfatçının bizimlə bölüşdüyü hazırlama sirrinə görə, ləçəklər mütləq yağışsız havada, axşamın sərinində və ya sübh tezdən yığılmalıdır. Söhbətimizə zəhmətkeş xanımlardan olan Mehriban xala qoşulur. O bizə gül mürəbbəsinin və gülqəndin hazırlanmasından danışır. 
Gül toplandıqdan sonra təmizlənir, mürəbbəyə acılıq verməsin deyə ləçəklərin altındakı ağ hissələr tək-tək kəsilir, soyuq su ilə yuyulub qurumağa qoyulur. Daha sonra yarım kiloqram gül ləçəyinin üzərinə beş stəkan qaynar su tökülərək dəmlənməyə qoyulur. Gül öz rəngini və ətrini suya verdikdən sonra həmin su süzülüb böyük qazanda qaynadılır və ləçəklər yenidən içərisinə əlavə edilərək bir-iki buğum bişirilir. Bu sudan yarım stəkan götürülüb kənara qoyulur, qazandakı qarışığın üzərinə isə beş kiloqram şəkər tozu əlavə edilərək vam odda bişirilməyə davam edir. Mürəbbə hazır olana yaxın əvvəlcədən ayırdığımız yarım stəkan gül suyunun içinə yarım çay qaşığı limon duzu və ya limon şirəsi qatılaraq qazana tökülür, məhz bundan sonra mürəbbənin rəngi parıldayır və gözoxşayan çəhrayı bir rəng alır.
Bu ləçəklərdən həm də xüsusi gülqənd (şəkərlə ovulmuş gül) və kompotlar hazırlayırlar. Ondan alınan qızılgül yağı isə dərini cavanlaşdıran, hüceyrələri bərpa edən ən güclü təbii vasitə sayılır. Bu gün də qızılgül mürəbbəsi yanında təzə kərə yağı və isti təndir lavaşı yeyiləndə dadı insanın damağından getmir. Doğma yurdumuzun bu gözəl nemətlərini qorumaq, çoxaltmaq və gələcək nəsillərə ötürmək həm özümüzə, həm də zəngin mədəniyyətimizə edə biləcəyimiz ən böyük yaxşılıqdır. Süfrələriniz hər zaman qızılgül ətri qədər təravətli, ömrünüz bu zərif çiçək qədər gözəl olsun!

Səmayə RƏSULOVA
 

Nəşr edilib : 07.06.2026 10:23