Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bakıdan gəlib Bərdə rayonunun ərazisindən keçib Ağdama, oradan da Xankəndiyə gedən bir dəmir yolu xətti var. Son dəfə bu yoldan 1993-cü ildə keçən qatarın fitinin səsini eşitmişdi Bərdə sakinləri. Ağdam işğal ediləndən bu yol da pas tutmuşdu düşmənin qəlbi kimi. Sarıcalıya uzanan dəmir yolunun reysləri ilə gedən sonuncu qatarda kiminin sevinc payı, kiminin qisməti, kiminin isə arzuları getmişdi. Kimiləri üçün isə 30 illik yurdsuzluğu yada salırdı bu yol. Axı Xankəndidən, Ağdam şəhərindən məcburi şəkildə çıxan insanların çoxu bu qatarla gəlmişdi Bakı şəhərinə. Ümidlərini orada qoyub vaqonlara minmişdilər son dəfə. Sonuncu Bakı-Ağdam-Bakı qatarı anaların balasının arxasınca su atıb yola saldığı gündəki kimi yox, köç karvanını daşıdığı kimi qəmli xatirələrlə qalmışdı Ağdam sakinlərinin xatirində.
Bəli, bu dəmir yolların hər qarışı, hər addımı bir həsrət oldu 28 il. İllər bir-birini əvəz etdikcə yollara dikilən gözlərin sayı azaldı, qəlbində xatirələr daşıyan insanların çoxu bu dünyadan köçüb getdi. Amma gecələr düşmən gülləsinin səsindən oyaq qalan, gündüzlər güllə yağmuru altında yaşayan sakinlər gələcəyə ümidlə baxdı. Və aradan nə az, nə çox, 28 il keçdi. Ümidlərin gerçəyə çevrildiyi bir payız səhəri Azərbaycan əsgəri düşmənin bağrını yarıb zəfər yürüyüşünə başlayanda Ağdamın cəbhə kəndlərini bürüyən top mərmilərinin səsindən heç kim qorxub çəkinmədi. Çünki hər kəs yaxşı bilirdi, bu zəfərin səsidir. 44 gün hər kəsin, böyükdən-kiçiyə hamının ürəyi cəbhədə – Qarabağda döyündü. Azərbaycan igidləri xalqının mənəvi dəstəyindən güc alıb, durmadan irəlilədi. İllərdir, o gün gələcək dediyimiz günləri bizə gətirdi. Bizdən zorla qoparılanları özümüzə qaytardı. Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam özümüzə qayıtdı.
Həmin gün, Ağdam azad olunan gün illərdir, pas tutan dəmir relslər də insanlara ümidlə baxmağa başladı. Xatirələr bir-bir göz önünə gəldi. Kimisi 28 il öncə Ağdamı gözüyaşlı tərk edib Bakıya gəldiyini, kimisi isə Ağdamı müdafiə etmək üçün Bakı vağzalından Ağdama yola saldığı və üzünü bir daha görə bilmədiyi şəhid yarını, yarımçıq qalan sevgisini xatırladı. Ümidli baxışlar yenə yollara dikildi, axı bu yollar bir vaxtlar insanları qovuşdurub, ayırmışdı.
Bu gün o yollara baxmaqdan gözlərində əbədi həsrət donan insanların çoxu yoxdur bu dünyada. Amma biz əminik ki, Bakı-Ağdam-Bakı qatarının Ağdam şəhərinə yayılan fit səsini hər kəs eşitdi. İllərlə torpağımızı tapdaqda saxlayıb xarabaya çevirən məğlub düşmən də, uğrumuza sevinən dost da, bu torpaqlar gülüstan olsun deyə məzarı bütöv Vətən olan oğullar da.
Və hər gün bir az daha uzanacaq bu yollar. Öncə Cəbrayıla, sonra Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama yol aldı, sabah Şuşaya, Xankəndiyə, Naxçıvana gələcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər