Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Dünyada hər şey dəyişir. Sərhədlər çəkilir, imperiyalar süqut edir, nəsillər bir-birini əvəz edir. Lakin dəyişməyən, zamanın amansız rüzgarlarına sinə gərən tək bir qüvvə var. O da millətin ana dilidir. Ana dili bizim ilk laylamız, son duamız, ruhumuzun aynası və tarixin qanlı yaddaşından süzülüb gələn ən böyük qələbəmizdir.
Beşikdən başlayan sehr kimi hələ dünyanın nə olduğunu anlamadığımız o ilk anlarda qulağımıza pıçıldanan o həzin səs... Layla dedik, ruhumuz dincəldi. O layla əsrlərin o tayından gələn bir xalqın nəfəsi idi. Azərbaycan dili bizim üçün ünsiyyət vasitəsindən daha çoxudur. O, anamıza olan sevgimizin, torpağımıza olan bağlılığımızın ilk rüşeymidir. Biz bu dildə ana dedik, bu dildə “Vətən” sözünün müqəddəsliyini dərk etdik.
Bizim dilimiz asan qorunmayıb. Onu qadağan etmək istədilər, onu unutdurmağa çalışdılar, onu yad elan etdilər. Amma unuda bilmədikləri bir şey var idi. Dil qanda yaşayır. Füzulinin qəzəllərində döyünən ürək, Nəsiminin haqq uğrunda soyulan dərisindən süzülən fəryad, Vaqifin qoşmalarındakı o zəriflik. Bunların hamısı dilimizin sarsılmaz sütunlarıdır.
Dilimiz bizim azadlıq simvolumuzdur. Şəhriyarın "Heydərbabaya salam"ı ilə Arazın o tayından bu tayına körpü salan, Bəxtiyar Vahabzadənin misraları ilə "Ana dili" deyib hayqıran bir xalqın övladlarıyıq biz. Bu dil bizim istiqlalımızdır.
Böyük mütəfəkkirlərimizin dediyi kimi: "Dilini itirən xalq yox olmağa məhkumdur". Çünki dil məhv olsa, tarix də məhv olar, yaddaş silinər, mənsubiyyət itər. Bu gün – 21 fevralda biz təkcə kəlmələri dilə gətirmirik, o sözlərin arxasında dayanan min illik mədəniyyəti qeyd edirik. Bizim dilimiz Qobustanın daş yaddaşıdır, dədəm Qorqudun qopub gələn nərəsidir, Şah İsmayıl Xətainin qılıncı və qələmidir.
Bu gün biz bu dildə sevgimizi dilə gətirir, bu dildə qələbə müjdələri veririk. Azərbaycan dilinin hər bir kəlməsində bir doğmalıq, bir istilik var. Can deyəndə ürəyimiz titrəyir, Vətən deyəndə qəddimiz dikəlir. Bu dili qorumaq hər birimizin vətəndaşlıq və övladlıq borcudur. Onu yad təsirlərdən, şit ifadələrdən, unutqanlıqdan qorumalıyıq. Çünki bu dil bizə həm atalarımızdan miras, həm də gələcək nəsillərdən aldığımız əmanətdir.
Ey ana dilim! Sən mənim varlığımın səbəbi, ulu babalarımın mənə qoyub getdiyi ən böyük sərvətsən. Sən mənim azadlığımsan, sən mənim dünyadakı ən uca səsimsən. Nə qədər ki, sən varsan, bu millət var, bu dövlət var, bu ruh var!
Elnurə CƏFƏROVA
Digər xəbərlər