NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Məktəbəqədər təhsildə elektron qəbul sistemi: gələcəyin uşaqları üçün yeni üfüqlər

...

Son illər məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu artıq elektron sistem vasitəsilə həyata keçirilir. Bu dəyişiklik valideynlər üçün prosedurun sadələşdirilməsi, bağçaların isə daha optimal idarə olunması baxımından mühüm yenilik sayılır. Məktəbəqədər təhsil həyatın ilk və ən önəmli mərhələsidir. Bu mərhələdə uşaqların inkişafı üçün şərait yaratmaq, onların bağçaya qəbul prosesini şəffaf, sürətli və ədalətli etmək vacibdir. Azərbaycanda tətbiq olunan elektron qəbul sistemi bu məqsədlə hazırlanmışdır. Bu yenilik təhsildə inklüzivliyi və bərabərliyi təmin etməkdə mühüm addımdır. Mövzu ilə bağlı ətraflı məlumat almaq və tətbiqdəki vəziyyəti daha yaxından öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Ayşən Əsgərova ilə həmsöhbət olduq:

– Məktəbəqədər təhsil müəssisələrində elektron növbə sistemi nə vaxtdan tətbiq olunur?

– Məlumat üçün deyim ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamının müvafiq bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində və təhsilin idarəetmə orqanlarında Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyaların və tətbiqlərin təmin olunması ilə bağlı işlərin davam etdirilməsi baxımından muxtar respublikada uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu 2023-cü ildən etibarən həyata keçirilir.

–  Naxçıvanda elektron növbə sisteminin tətbiqi necə gedir?

– Bu, ölkə üzrə mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Belə ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçirilir. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə, sorğu silinir və növbəli şəkildə digər uşağın qəbulu aparılır. Onu da qeyd edək ki, bu proses bq.edu.az plotforması üzərindən həyata keçirilir.

– 2024-2025-ci tədris ili ilə müqayisədə məktəbəqədər təhsil müəssisələrinə qəbul olunan uşaqların sayı nə qədər artmış və ya azalmışdır?

– Muxtar respublika üzrə 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və hər bir bağça uşaq və qrup sayına uyğun olaraq müvafiq tutuma malikdir. 2025-2026-cı tədris ili üçün 1600-ə yaxın vakant yerlər müəyyənləşib ki, bu da ötən tədris ili üçün, xüsusən də orta yaş qruplarında artım ilə müşahidə olunur.

– Qeydiyyat nə qədər müddət açıq olur?

– 2025-2026-cı tədris ili üçün18 iyul 2025-ci il saat 11:00-dan etibarən muxtar respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbə yaradılıb. Qəbul sisteminin növbəti ilin komplektasiya dövrünədək açıq olması gözlənilir. Bağçalara qəbul il boyu aparılır.

– Növbədə olan uşaqlara dair məlumatlar valideynlərə necə ötürülür?

– Valideyn növbə zamanı seçdiyi bağça və ya bağçalarda boş yer yarandığı təqdirdə qəbul sistemində növbə sorğuya çevrilir və valideynin şəxsi kabinetinə bağçaya qəbulla bağlı təsdiq mesajı göndərilir.

– Sistemdə yer bölgüsündə bəzən narazılıq yaranır. Bu halların qarşısı necə alınır?

– Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı isə tədris prosesinin şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir. Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 218 nömrəli qərarı ilə müəyyənləşir.

– Elektron növbədə qeydiyyatdan keçən, amma yer ala bilməyən uşaqlar üçün hansı alternativlər nəzərdə tutulur?

– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatı Tədbirlər Planın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti Sərəncamının “Ümumtəhsil məktəblərinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması istiqamətində işlərin davam etdirilməsi” bəndinə uyğun olaraq ötən tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində muxtar respublika üzrə 14 ümumi təhsil müəssisəsində 26 icma əsaslı qrup təşkil edilib. Bu, məktəbəqədər təhsilə əlçatanlığın artırılmasıvə bağçayaşlı uşaqlar üçün əsas alternativ sayıla bilər.

– Rayonlarda və kəndlərdə yaşayan ailələr üçün sistemə əlçatanlıq necə təmin olunur?

– Rayon təhsil şöbələrində məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat üçün valideynlərə köməklik məqsədilə dəstək mərkəzi yaradılmışdır. Bundan əlavə “ASAN xidmət” mərkəzində məktəbəqədər təhsil xidməti vətəndaşlara bu sahədə xidmət göstərir.

– Gələcək illərdə bağça yerlərinin artırılması nəzərdə tutulubmu?

– Dövlət Proqramında və investisiya layihələrində ehtiyaca uyğun olaraq əhalinin sıx yaşadığı yerlərdə yeni bağçaların tikintisi planlaşdırılır. Məsələn, Nehrəm qəsəbəsində yeni bağça tikintisi nəzərdə tutulub. Gələcək illərdə də bu məsələ diqqətdə saxlanılacaq.

– Uşaq bağçalarında kameralarla nəzarət sistemi varmı? Uşaqların təhlükəsizliyi necə təmin olunur?

– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müsabiqəsində iştirak edilərək bağçalarda kamera sisteminin quraşdırılması nəzərdə tutulub.

Valideynlərin təklif və iradları təhsil müəssisələrinin fəaliyyətinə necə təsir edir?

– Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə uyğun olaraq valideynlər təhsil prosesinin aktiv iştirakçılarıdır, bu nizamnamədə onların hüquq və vəzifələri qeyd olunub.

Günay HACIYEVA

Nəşr edilib : 07.08.2025 10:10