NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Məktəbdə unudulan dərslər və ya uşaqların məhdudlaşdırılan istəkləri

...

Uşaqlıq illərimizin məktəb xatirələrinə qayıdanda hər kəsin yadında həm şən anlar, həm də çatışmazlıqlar canlanır. Sinif otaqlarında dərsliklərin qoxusu, zəngin səsi, müəllimin diqqətli baxışları – bunlar hamısı əbədi olaraq yaddaşımızda yaşayır. Yadda qalanlardan biri də o idi ki, məktəbdə oxuduğumuz illərdə bəzi fənlərə ikinci dərəcəli fənlər kimi baxılırdı; bir çox dərslər ya keçilmirdi, ya da formallıqla məhdudlaşırdı. Ən çox isə əmək, musiqi və idman dərsləri uşaqların azad şəkildə inkişafına imkan vermirdi.

Əmək dərslərinin boşluğu

Əmək dərslərinin keçilməməsi uşaqların məsuliyyət və zəhmət vərdişlərinin formalaşmasına da mane olurdu. Bir tikiş tikməyi, taxtadan sadə bir əşya düzəltməyi, mətbəxdə kiçik işlər görməyi öyrənmək uşaqlarda həm məsuliyyət, həm də yaradıcı düşüncə formalaşdırardı. Hər bir uşağın kiçik uğuru – bir tikişi uğurla tamamlamaq, bir maketi düzgün yığmaq onun özünə inamını artırmalı idi. Lakin bu dərslərin arxa planda qalması uşaqlarda həm bacarıqsızlıq hissi, həm də yaradıcılıq potensialının kölgədə qalması ilə nəticələnirdi. Həmçinin əmək dərsləri uşaqların problemləri həlletmə, planlama və əllə işləmə bacarıqlarını da inkişaf etdirirdi. Bir layihə üzərində işləmək, materialları seçmək, nəticəni görmək – bunlar, sadəcə, dərs vaxtı yox, həyat üçün də əvəzsiz təcrübə idi. O vaxt bu dərslərin əhəmiyyətinə yetərincə diqqət ayrılmadığı üçün çox uşaqlar həyat bacarıqlarını məktəb illərində tam inkişaf etdirə bilmədi.

Musiqidə yarımçıq qalan arzular

Musiqi dərsləri uşaqların estetik zövqünü formalaşdırmaq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və onların daxili dünyasını zənginləşdirmək üçün böyük əhəmiyyət daşısa da, o vaxt bu dərslərdə çox vaxt uşaqların maraqları və arzuları nəzərə alınmadan keçirilib. Bir çox uşaqlar musiqi dərsində, sadəcə, səs imkanına görə qiymətləndirilirdi. Səsi yaxşı çıxmayan və ya utancaq olan şagirdlər dərsdən kənarda qalır, özlərini ifadə etmək imkanından məhrum olurdular. Halbuki musiqi yalnız səsdən ibarət deyil; o, duyğuları çatdıran, düşüncəni ifadə edən, ruhu qidalandıran bir vasitədir. Məktəbdə bu dərslərin formal keçilməsi, uşaqların musiqiyə olan həvəsini boğur, onların içindəki yaradıcı enerjini sıxır və bəzən tamamilə söndürürdü. Nəticədə, bəziləri musiqini yalnız bir məcburiyyət kimi qəbul edir, ruhunu zənginləşdirəcək bu imkandan kənarda qalırdı. Musiqi dərsləri düzgün və maraqla aparılsaydı, uşaqlar yalnız notları oxumaqla kifayətlənməz, həm də daxili dünyalarını ifadə etməyi, estetik zövqlərini və yaradıcılıq qabiliyyətlərini tam şəkildə inkişaf etdirə bilərdilər.

İdman dərslərində çətinliklər

İdman dərsləri uşaqların sağlamlığını qorumaq, fiziki bacarıqlarını inkişaf etdirmək və komanda ruhunu formalaşdırmaq üçün vacibdir. Lakin uzun illər ərzində bu dərslər çox vaxt formal xarakter daşıyır, uşaqların həqiqi maraqlarını əhatə etmirdi. O dövrdə bir çox məktəbdə idman zalı və lazımi avadanlıqlar kifayət qədər deyildi. Uşaqlar qaçış, atlama, top oyunları və ya gimnastika hərəkətlərini səmərəli şəkildə məşq edə bilmirdilər. Bəzən dərslər, sadəcə, müəyyən hərəkətlərin icrası və “dəftərə qeyd etmək” üzərində qurulurdu. Bu isə uşaqların idmanla maraqlanmasını azaldır, onların fiziki inkişafını əngəlləyirdi. Aktiv və həvəsli uşaqlar öz enerjilərini sərf edə bilmirdilər, passiv uşaqlar isə motivasiyasız qalırdılar. Hər bir uşaq öz ritmində, öz gücünə uyğun inkişaf etməli olsa da, dərslərin formal keçilməsi buna imkan vermirdi.

Hərtərəfli inkişafın vacibliyi

Məktəb yalnız riyaziyyat, ədəbiyyat və tarixdən ibarət olmamalıdır. Uşaqların inkişafı üçün həm bilik, həm yaradıcılıq, həm də fiziki və emosional bacarıqların formalaşması vacibdir. Hərtərəfli inkişaf uşaqların yalnız akademik sahədə deyil, eyni zamanda gündəlik həyatda, sosial münasibətlərdə və gələcəkdə uğurlu fərdlər kimi formalaşmasında əsas rol oynayır. Hərtərəfli inkişaf həm də uşaqların özünəinamını artırır. Bir layihəni uğurla tamamladıqda, musiqi ilə özünü ifadə etdikdə və ya idman sahəsində nailiyyət qazandıqda, uşaqlar öz bacarıqlarına və potensialına inam hissi qazanırlar. Bu inam onların gələcək həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparmaq qabiliyyətini də formalaşdırır.

Gələcəyə ümid

Bu gün təhsil sistemində gedən yeniliklər bizə ümid verir ki, əmək, musiqi və idman dərsləri öz layiqli yerini tutmaqdadır. Uşaqlar yalnız kitab bilikləri ilə deyil, həm də yaradıcılıq bacarıqları, estetik zövqləri və sağlam vərdişləri ilə formalaşırlar. Əgər biz bu dərslərə dəyər versək, gələcək nəsillər həm savadlı, həm yaradıcı, həm də sağlam və güclü böyüyəcəklər. Məktəb isə həqiqi mənada həyat məktəbinə çevriləcək. Bugünkü təhsil islahatları və müəllimlərin səyləri göstərir ki, bu ümidlər realdır. Onlar gələcəyə ümidlə baxır, həyatın hər sahəsində özünü ifadə etmək və uğur qazanmaq imkanına malik olurlar. Beləliklə, ümid yalnız gözlənilən bir gələcək deyil; o, hər bir dərsdə, hər bir layihədə, hər bir öyrənilmiş bacarıqdan başlayır. Məktəb, müəllim və valideynlərin birgə səyi ilə gələcək nəsil həm bilikli, həm yaradıcı, həm sağlam, həm də həyatda öz yolunu uğurla seçəcək fərdlər kimi yetişəcək.

Günay HACIYEVA

Nəşr edilib : 05.09.2025 17:45